Bu gün başqa bir əhvaldayam, əlim işə yatmır. Amma ayrı bir ovqata köklənib ağ vərəqləri önümə çəkirəm...
Göy üzünə toxunuram,
Ürəyimdə daş əriyə...
Buludlara cığır düşə
Qalmaya çaş-baş əriyə...
Qarışam yağan yağışa,
Axam bu yola, yoxuşa,
Dönəm bir ilıq baxışa
Gözlərimdə yaş əriyə...
Səsindən, sözündən naz tökülən bu xanımı bəlkə də gec tanıdım, amma onu bilirəm ki, elə öz vaxtında tanıdım .Təxminən üç il əvvəl Sərvaz Hüseynin oğlu mənə telefon açıb "Bir mədəni tədbir keçirmək istəyirik, görüşə bilərikmi ?" soruşdu və cavab gözləmədən əlavə etdi ki, Gülayə xanımın yaradıcılığına güzgü tutmaq üçün dəstək istəyirik sizdən. Beləcə bizim möhtəşəm Mədəniyyət Sarayında tədbiri ərsəyə gətirdik. Münasibətlər belə quruldu, sonralar heç birimiz bağları qırılmağa qoymadıq...
Həqiqi sevgilərin aşındığı, ürək və qəlblərə maddi ehtiyacların daşındığı, dəyişən, az qala başı aşağı çevrilən zəmanədə İlahi eşqi, təmənnasız sevgini özünə su ,çörək , hava , dünyamıza məlhəm hesab edən xanımın yaradıcılığı da elə sevgi ilə başlayıb sevgi ilə də davam edir. Birinci səhifəsinə "... ən xoş arzularla " yazıb mənə bağışladığı kitabı vərəqləyirəm. Ruhu sevgi ilə köklənən, mayası eşqlə tutulan sətirlərdə döyünür Gülayənin körpə kimi saf qəlbi...
Mənə əlifbanı öyrət yenidən
Məhəbbət elmini öyrənim, müəllim.
Dəftər, kitabımı yığım çantama
Yenidən birinci sinfə gəlim...
Deyərək müraciət etdiyi müəllim onun Yaradanı, sevməyi öyrəndiyi, sevdiyi uca Tanrısıdı. Gülayənin sevgilisinə müraciəti də çox maraqlıdır... Zamana, məkana uyuşmayan, Yerdən -Göydən təmənnası vaxt olan, vaxta sığışan, qarışan, əriyən və sonra özgə, fərqli bir biçimdə dünyaya yenidən gələcəyini vəd edərək özünün "yarı röya, yarı gerçək", sevgilərin isə ölümsüz, əbədiyaşar olduğuna inandırır.
... Mən özgə libasda, donda gələcəm...
Əzəldə gələcəm , sonda gələcəm,
Adımı andığın anda gələcəm,
Gözlə məni, gedim, yenidən , gəlim...
... Keçsə də milyon il , keçsə də min il,
Yenə gələcəyəm, gələcəyəm bil,
Getdiyim bu gediş son gediş deyil,
Gözlə məni, gedim yenidən , gəlim...
Gülayə qələmində eşq gəldiyi məkana- Göylərə yüksəlir, ululaşır. Sevgisi uğrunda min dəfə ölüb dirilən , eşq günahını ən müqəddəs günah hesab edən yazar sevgilisinə onun tək sevənin olmadığını özünəməxsus ifadələrlə elə pıçıldayır ki, həqiqi aşiqliyin sübutu yolunun ölüm sərhədindən keçməsinin belə onu qorxutmadığına zərrəcə şübhə qalmır:
... Yoxdur bəraəti ölümün belə,
Keçmə günahımdan, demə keçmişəm.
Desələr "Gülayə öldü", inanma,
Həqiqi aşiqlər çətin ki, ölə-
Mən ölsəm , deməli yalan sevmişəm
Sevmişəm mən səni, yalan sevmişəm...
Şairlər Allaha ən yaxın adamlardır deyirlər. Allahla mübhəm ixtilatda bulunan Gülayənin sevgilisi ilə ayrılıq səhnəsi də fərqlidi, bənzərsizdi... Bu məqamda da özü sevdiyinin qəlbini incitməyə, əzməyə qıymır, amma aldığı ağrı- acıların, dərd və sitəmin halallığını istəyir ondan. Ayrılığa özü kimi hazırlaşır, özü kimi yanaşır, adama elə gəlir ki, belə ayrılmaq yalnız onun ağlına gələ bilər...
... Gedirəm, çatıbdır ayrılıq dəmi,
Mənə halal eylə verdiyin qəmi.
Ağrını, acını, dərdi, sitəmi...
Gəlmişəm ki, deyəm gəlməyəcəm...
Sevgilərin ən ulusu, müqəddəsi - Ana sevgisi ... analı dünyaya , ana məhəbbəti şərəfinə söz deməyən hansı şair var?!... Amma Gülayənin qəlbindən süzülən sətirlər insanı iliyinədək titrədir, sümüyünədək yandırır. Əli Kərimin "Qaytar Ana borcunu" əsərinə münasibətdə yazdığı şeirdə Gülayə ana borcunun ən ağır borc olduğunu , onu qaytarmağın mümkünsüzlüyünü dərk edərək bunun üçün İlahiyə üz tutub bağışlanmaq diləyir...
Var elə döngələr- keçə bilmirəm,
Mən gündüz bilmirəm, gecə bilmirəm
Demişdin ki, qaytar,... necə bilmirəm
Qaytara bilmədim ana borcunu...
... Nurlu təbəssümlə, nurlu baxışla,
Bəzədi ömrümü min bir naxışla
Bağışla , İlahi , məni bağışla
Qaytara bilmədim ana borcunu...
Gülayənin "Yuxunu sulara söylə" şeirlər kitabını vərəqlədikcə adam haldan-hala düşür, vüsala sevinir, ayrılığa kədərlənir, bədxahların halına acıyır... Könlündən yaxşılıq, xeyirxahlıq etmək, sevmək, sevilmək keçir. İnanır ki, zalımların əydiyi dünyanın qəddini yalnız sevgi düzəldə bilər, sakini olduğumuz qoca dünyanın xilası ondadır. Sevgi və məhəbbətlə qurulan , ərişi-arğacı eşq olan dünyasında Gülayənin özünü axtarışı da özünü təsdiqi kimi görünür oxucuya...
Kimliyim dünyanın döş cibindədir,
Qaya cibindədir, daş cibindədir,
Bəzən dolu, bəzən boş cibindədir,
İstədim öyrənəm biləm mən kiməm?!...
Bütün şerlərinin leytmotivi eşq olan şairə qələmi ilə sevir,qələmi ilə döyüşür, var olur,qələmi ilə ölüb-dirilir və etiraf edir ki, o şeir yazmır, elə qələmi ilə də yalnız könül gözümüzün gördüyü , əvvəli, sonu sirr olan Tanrının rəsmini çəkir.
"Ol" - dedi, təsəlli tapdı kainat,
"Ol" - dedi, var oldu ölüm və həyat,
Tanrının təbindən tapıbdı nicat
Tanrının rəsmini çəkir qələmim...
Mən də Gülayə xanımı aşiqi olduğu Tanrısına əmanət edərək onun yubiley yaşının sevincinə şərik olur və bu şeirimlə yeni yaradıcılıq uğurları arzulayıram...
Yuxunu sulara söylə, ağlasın,
Aç yaxasın düymə-düymə, ağlasın,
Sazından bir özgə yar havalanır
Ayrı düşüb karvanından bu aşıq.
Ağı desin kəlmə-kəlmə, ağlasın.
Ölümün yadından çıxmışdı axı,
Ölümü yandırıb yaxmışdı axı.
Fələk hana qurub, qədər toxuyub
Könlümə işləyib qəm naxışları,
Söksün indi ilmə- ilmə, ağlasın.
Danışırdı... biri vardı-biri yox,
Alışırdı... ay bəri bax, bəri bax...
Gözlərinin giləsindən qan damır
Yuyunur, paklanır sonuncu günah...
Dəmi dəmlə, qəmi qəmlə ağlasın.
Yuyulubdu əllərinin xınası,
Azalıbdı göllərinin sonası,
Hə zamandı baxışları nəm çəkir
Dağılıbdı malı, mülkü, yuvası..
Deyin gəlsin bəxti kəmlə ağlasın.
"Mələklərin balası"ymış bu gözəl,
Can verib can alasıymış bu gözəl,
Ah kimi görübdü ,qəlbi atlanıb
Görən kimin olasıymış bu gözəl?!
Yerlə barışmadı, Göylə ağlasın.
Götür, Şahnaz, çək başına bu camı,
Kimsə içməz təkbaşına bu camı.
Qanı qan aparmaz, anası ölmüş
Bir tənha yolçudu döyür qapımı
Sən Allah qəlbinə, dəymə ağlasın..
Bir azca dilə tut, əylə, ağlasın..
Yuxunu sulara söylə, ağlasın...