Türkiyə Respublikasında dövlət hesabına təhsil alan iqtisad elmləri üzrə fəlsəfə doktorluğuna namizəd Elmir Səfərlinin Azərbaycan Bank Sistemi haqqında yazdığı elmi araşdırma kitabı Almaniyanın “Lambert Publishing” nəşriyyatı tərəfindən nəşr olunub.
525.az-ın məlumatına görə, Milli Bankın banklar üzərində nəzarəti gücləndirdiyi 2003-2008-ci illər arasındakı dövrü analiz edən kitab üç hissədən ibarətdir. Birinci hissə dünya maliyyə sistemində bank sistemi və analiz metodlarını əks etdirir. İkinci hissədə Azərbaycan Respublikası Bank sisteminin tarixi, Milli Bank və bankların ümumi göstəriciləri, bank sisteminin göstərilən tarixdəki illik nəticələri göstərilmişdir. Üçüncü hissədə isə 2003-2008-ci illərdə makro iqtisadi göstəricilər hesab edilən Ümumi Daxili Məhsul və İnflyasiyanın Azərbaycan Bank sisteminin illik nəticələri və gəlirlilik əmsalları üzərində analizi araşdırılmışdır.
Kitab dünyanın müxtəlif bölgələrində, 45-ə yaxın ölkənin kitab satış mağazalarında, bir çox dünya universitetlərinin, kitabxanalarının, nəşriyyatlarının kitab satış nöqtələrində və eləcə də internet səhifələrində satışa çıxarılmışdır. Eyni zamanda dünyanın nüfuzlu qəzet və jurnallarına, televiziyalarına, bir sıra dövlət qurumlarına hədiyyə edilmişdir. Sözü gedən kitabı həmçinin dünyaca məşhur Amazon satış mərkəzindən əldə etmək mümkündür. Kitabla maraqlananlar aşağıdakı linkdən məlumat əldə edə bilərlər.