Bakıda Polşa Konstitusiyasının yaranmasının 233-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
525.az xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusun və geniş ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın və Polşanın Dövlət himnləri səsləndirilib.
Polşanın Bakıdakı səfiri Rafal Poborski çıxışında qeyd olunan günün əhəmiyyətindən söz açıb: "Dünyadakı bütün polyaklar üçün xüsusi gündə - 3 may 1791-ci il Konstitusiyasının qəbulunun ildönümündə bizə qoşulduğunuz üçün çox sağ olun. 233 il əvvəl dövlət sistemini tənzimləyən, Avropanın ilk müasir əsas qanunu - Konstitusiya Varşavadakı Kral Sarayında birləşmiş Polşa Krallığının və Böyük Litva Knyazlığının parlamenti tərəfindən qəbul edilib. Konstitusiya Birliyin yeni hakimiyyət sistemini elan etdi və dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan bir çox millətlərin azadlıq və hüquqlarını təsdiq etdi".
Səfir deyib ki, 1918-ci ildə siyasi müstəqillik qazandıqdan dərhal sonra həm Polşa, həm də Azərbaycan bütün vətəndaşları üçün fundamental azadlıqlara və bərabər demokratik hüquqlara əsaslanan konstitusiyalar qəbul etdilər: “Həmin seçimlər 1990-cı ildə polyaklar və azərbaycanlılar tərəfindən kommunist mirasından qurtularkən də təkrarlandı. Bu, XX əsrin əvvəllərində və son üç onillikdə yaxşı və fəal Polşa-Azərbaycan əməkdaşlığının əsaslarını yaratdı. Bu gün biz bu əlaqələri artıq nəzərəçarpan nəticələr verən və davam edən layihələrlə genişləndirməkdən məmnunuq".
Diplomat xatırladıb ki, ötən ilin sonunda Polşada yeni hökumət yaradılıb: "Xarici işlər naziri vəzifəsinin icrasına başladıqdan az sonra nazir Radoslav Şikorski azərbaycanlı həmkarı nazir Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Nazirlər əməkdaşlıq planlarını müzakirə edib, müvafiq olaraq paytaxtlarımıza səfər edilməsi müzakirə olunub və həmçinin Polşa-Azərbaycan əməkdaşlığı müzakirə mövzusu olub. Ötən həftə Polşa parlamenti qarşısında çıxış edən nazir Şikorski Cənubi Qafqaz multimodal nəqliyyat dəhlizlərinin inkişafını ikitərəfli və beynəlxalq əməkdaşlığın mühüm amili kimi qeyd edib. Şərq Tərəfdaşlığı proqramı və Aİ-nın Qonşuluq Siyasəti də bütün iştirakçı tərəfdaşların xeyrinə təhlükəsizlik və rifah sferasını genişləndirmək üçün vasitələr kimi vurğulanıb".
R.Poborski bildirib ki, iyunda Bakıda Polşa və Azərbaycan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
"Biz iyunun əvvəlində Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələri gözləyirik. İki həftədən sonra isə “Interfood Azərbaycan 2024” sərgisində güclü Polşa biznesinin iştirakını gözləyirik", - səfir əlavə edib.
Qeyd olunub ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Polşanın Azərbaycana ümumi ixracı 36 faiz, ərzaq məhsulları üzrə isə təxminən 50 faiz artıb: “Keçən il Polşaya 2022-ci ilə nisbətən 30 faiz çox azərbaycanlı səfər edib və biz bu müddət ərzində tələbə vizası müraciətlərində 32 faiz artım müşahidə etmişik. Azərbaycanda biznes imkanları axtaran polyak sahibkarların marağının artdığını müşahidə edirik. Keçən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.
"Polşa Prezidenti Ancey Duda və Baş nazir Donald Tusk Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır. Polşa Prezidenti və Baş naziri Bakıda keçiriləcək mühüm beynəlxalq konfransında - COP29-da iştirak etmək üçün dəvət alıblar və onlar bu səfərə hazırlaşırlar”, - səfir deyib.
Onun sözlərinə görə, iki həftə sonra “InterFood Azerbaijan 2024” sərgisində iştirak etmək üçün Polşadan böyük nümayəndə heyəti Azərbaycana gələcək.
Səfir, həmçinin qeyd edib ki, polşalı sahibkarların Azərbaycanda biznesə marağı artmaqdadır: “Elə təkcə ötən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında əlaqələrə toxunaraq onun tarixi köklərə söykəndiyini deyib. Nazir müavini vurğulayıb ki, münasibətlər yüksək səviyyədədir, ölkələr arasında davamlı siyasi dialoq var: "Azərbaycanla Polşa arasında mövcud olmuş əlaqələr dövlətlərarası münasibətlərimizin tarixi rəmzi kimi çıxış edir”.
Fariz Rzayev qarşılıqlı yüksək səviyyəli səfərlərə və hökumətlərarası komissyanın fəaliyyətinə toxunaraq bunun münasibətlərin dərinləşməsinə töhfə verdiyini vurğulayıb: "Əminəm ki, xalqlarımızın rifahı naminə münasibətlərimiz birgə səylər nəticəsində daha da genişlənəcək".
Tədbir qeyri-rəsmi hissə ilə davam edib.
Pərvanə