Mayın 19-ü Azərbaycanın Xalq şairi Rəsul Rzanın anadan olmasından 114 il ötürdü. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar başda olmaqla, bir sıra tanınmış qələm adamı görkəmli şairi I Fəxri iyabandakı məzarını ziyarət ediblər, abidəsi önünə gül dəstələri düzüblər.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza fondunun sədri, akademik Rafael Hüseynov çıxış edərək Rəsul Rzanın böyük poeziyası, yenilikçi fikirləri və parlaq obrazı barədə fikirlərini bölüşüb. O qeyd edib ki, nə qədər Azərbaycan dili var, Rəsul Rza da yaşayacaq və seviləcək.
Rəfibəylilər nəslinin tanınmış nümayəndəsi, Əməkdar hüquqşünas Akif Rəfiyev, Azərbaycan Yazıçılar Birliyinin katibləri- Əməkdar İncəsənət xadimi, tanınmış yazıçı Elçin Hüseynbəyli və şair-tərcüməçi Səlim Babullaoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini, yazıçı-şair Səyyad Aran, tanınmış qələm adamları - Yusif Həsənbəy, Tahir Taisoğlu, Ağacəfər Həsənli, Yusif Nəğməkar çıxışlarında Rəsul Rzanın xeyirxahlığı, gənclərə dəstəyi və yeni cığır açan şeiriyyəti barədə ağızdolusu bəhs ediblər.
Sonda Xalq yazıçısı Anar özü və ailəsi adından Rəsul Rzanı yad etməyə gələn hər kəsə minnətdarlığını bildirib.