Çin, ABŞ-nin suverenlik mübahisəsi olan Tayvana silah satışında vasitəçilik etdikləri səbəbiylə üç Amerika müdafiə sənayesi şirkətinə sanksiya tətbiq edəcəyini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin Ticarət Nazirliyinin verdiyi açıqlamaya görə, "Boeing Defence"nin kosmik və təhlükəsizlik bölməsi ilə "General Atomics Aeronautical Systems" və "General Dynamics Land Systems" şirkətləri "etibarsız qurum" siyahısına daxil edilib.
Belə ki, sözügedən şirkətlərin Çinə daha çox sərmayə qoymasının qarşısı alınacaq və onların yüksək səviyyəli menecerlərinin Çinə girişi qadağan edilib.
Maraqlıdır ki, sanksiya qərarı Tayvanın yeni lideri Lai Çinq-tenin and içdiyi günə təsadüf edib.
Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin fevral ayında Tayvana əlavə 75 milyon dollarlıq silah satışını təsdiqləməsindən sonra Pekin administrasiyası aprel ayında "General Atomics Aeronautical Systems" və "General Dynamics Land Systems" şirkətlərinə sanksiya tətbiq edəcəyini açıqlayıb və şirkətlərin Çindəki aktivləri dondurulub.
Malik Atilay