İsrailin Məscid-i Aksanın 50 metrliyindəki "Ağlama divarı"nın yanında başlatdığı söküntü işləri Osmanlı əsərlərinə qədər uzanıb.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, söküntüsü davam edən əsərlər arasında Osmanlı dövründən qalma tarixi kəmər və binaların da olduğu bildirilir.
Buna qarşı çıxan Əl Aksa Vəqfi yazılı açıqlamasında "İşğal qüvvələri ikinci günündə Məscid-i Aksanın 50 metrliyindəki Burak divarının şimalında qalan tarixi kəmər və binaları uçurmağa davam edir" deyilib.
İsrail hökumətinin uçurduğu binaların yerində sinaqoq, polis mərkəzi və muzey kimi yeni binalar tikməyi planlaşdırdığı xəbər verilir.
Qeyd edək ki, Məscid-i Aksa içində və ətrafında ibadət etməsi qadağan olunan yəhudilər tarixdə ilk dəfə Qanuni Sultan Süleymanın icazəsiylə mülkiyyəti Əl Aksa Vəqfində qalmaq şərtiylə "Ağlama divarı"na gələrək ibadət etməyə başlayıb. "Ağlama divarı"nın yeniləmə işlərini isə Qanuni dövründə Memar Sinan həyata keçirib. İsrail 1948-ci ildə "Ağlama divarı"nı tamamilə işğal edərək onun ətrafındakı Səlahəddin Eyyubinin qurduğu və mərakeşli qaçqınların yaşadığı Silvan məhəlləsini uçuraraq divara açılan sahəni qanunsuz olaraq genişləndirib.