Göründü
Yenə cilovlandım izə, cığıra,
Nə ucqar göründü, nə yön göründü.
İmansız dayanıb dünya çağında,
Nə Tanrı göründü, nə din göründü.
Şeytan, çiçəklərə, gülə yeriyib,
Küləyə yeriyib, selə yeriyib,
Əkinə, biçinə elə yeriyib,
Dini-bərəkəti, nə dən göründü.
Od-ocaq şəklənib, tüstü şəklənib,
Canda da hənirti, isti şəklənib,
Bu yerin alt qatı, üstü şəklənib,
Ayı, ulduzu da gendən göründü.
Qurdu nağıl döyür, neçə mif döyür,
Qalıbdı çaqqala elə çək- çöyür,
Yığıb çərdəyinə kim gəldi, deyir,
Ağıl da başında dən-dən göründü.
İşə bax, saqqala, bığa dirənib,
Kamana dirənib, oxa dirənib
Ömür də kəfənə, ağa dirənib,
Dərdindən göründü, qəmdən göründü?
14.01.13
Ölümə çəkdi
Ömür dənmiş dəyirmanda,
Üyüdüb bəlimə çəkdi.
Fələyin mənlə şərti varmış,
Gördüm, kəlmə-kəlmə çəkdi.
Dumana bax, qaramatdı,
Dağ başında qara, matdı,
Göz ağ qaldı, qaram, atdı,
Gördüm, ilmə-ilmə çəkdi.
Sözü düzdüm söz eşqinə,
Ocaq oldum köz eşqinə,
Bir mələyin göz eşqinə,
Öldürüb, ölümə çəkdi.
05.02.2013.
Bu itin yiyəsi hardadı görən
Bu itin yiyəsi hardadı görən,
Bu it qarğaraya, pinə qayıtmır.
Hər yoldan ötəni dalayıb keçir,
İtirib döngəni, tinə, qayıtmır.
Qudurub necədə, quduzu çıxıb,
Başının üstündə ulduzu çıxıb,
Davadan, dalaşdan hər dizi çıxıb,
Başı daşdan-daşa yenə, qayıtmır.
Yanında-yörədə tulaya bir bax,
Düşdüyü xətaya, bəlaya bir bax,
Fəlakətə bir bax, fələyə bir bax,
Tutulub qəzəbə, kinə, qayıtmır.
Bezib azdırıblar haraya gəldi,
Gecəsi, gündüzü araya gəldi,
Yalmanıb dostları haraya, gəldi,
Ürməkdən dodağı, çənə qayıtmır.
Yolmanıb tükləri, dazı çıxıbdı,
Bu il də bir təhər, yaza çıxıbdı,
Canından şuxluğu, nazı çıxıbdı,
Ay itin sahibi,
Neynədin ki, bu it, sənə qayıtmır?
İtib haqq-ədalət, arxacı, alsın,
Canında havanın tıxacı, alsın,
Bu itin günahı kimə sayılsın,
Dönüb dağarcığa sinə, qayıtmır.
Bu itin yiyəsi hardadı görən,
Bu it qarğaraya, pinə qayıtmır.
Hər yoldan ötəni dalayıb keçir,
İtirib döngəni, tinə, qayıtmır.
22.01.2013.
Buluda bax
Buluda bax, qəsdə durub elə bil,
Altında nələrdi, üstdə nələrdi.
Görünməz oyunlar qurub elə bil,
Çənində nələrdi, sisdə nələrdi.
Köç edir, görünmür ucu, bucağı,
Hansı xoş ovqata köklənib gedir.
Duman alaçığı, çən alaçığı
Bu dağa, dərəyə yüklənib gedir.
Açılmır nə gədik, nə daş, nə qaya,
Üzündə, gözündə şər gilələnib.
Tutub sinəmizi kamana, yaya,
Dərdi gilələnib, sər gilələnib.
Durnası yol azıb pərən düşübdür,
Quzğunu dolaşır, qarğa dolaşır.
Qara, borana bax, erkən düşübdür,
Qasırğa dolaşır, qovğa dolaşır.
Qalmır əməlindən doluya tutub,
Elə bil zülmətə, şərə varıbdı.
Üzünü Toqata, Boluya tutub,
Vadilər varıbdı, dərə varıbdı.
Buluda bax, qəsdə durub elə bil,
Altında nələrdi, üstdə nələrdi.
Görünməz oyunlar qurub elə bil,
Çənində nələrdi, sisdə nələrdi.
15.01.13
Mən, dan üzünə açılıram
Dan üzü azan səsiylə açılır,
mən dan üzü,
bu azan səsinin altında
türk köylərinin birində
bir terroristin əlləriylə güllələnirəm.
Dan üzü azan səsiylə açılır
dan üzü,
bu azan səsinin altında
sərhəd zonalarının birində
atəşgah pozulur,
mən, bir erməni silahlısının əlləriylə
snayper gülləsinə tuş gəlib güllələnirəm.
Dan üzü azan səsiylə açılır,
mən dan üzünü,
bu azan səsinin altında doğudan batıya
neçə şeytan olmuşların əlləriylə
zaman-zaman mənə dəymiş
və dəyəsi gözlənilən zərbələri çözə-çözə,
ağırlığına dözə-dözə,
gözlərim diri-diri,
kipriklərim güllənə-güllənə açıram.
Dan üzü azan səsinə,
ağrılarımla,
girələnə-girələnə açılıram...
16.01.13
Ruhumuz didərgin, alnımız açıq
Sinirlərim buz bağlamış damlar kimidi
İçim əriyə dönmüş şamlar,
Gün döydükcə tarım olub sökülür.
Şaxtaya bax, damarı, taxtı sınır
Dünya şeytan dünyası-
kiminin baxtı,
kiminin haqqı sınır.
Sinirlərim buz bağlamış damlar kimidi
Kirəmidi mil-mil
Taxtasının, çatqısının mismarları
Kürəyimdə çarmıx izi,
Laxta-laxta qana bax sən
Solub, vaxtı keçmiş payız yoncasıdı,
öləzimiş, solmuş kimi.
Həndəvərimdə, çəpərimdə
min illərin buynuzlu şeytan
ovurdları girdələnmiş, bükülmüş tək
yalanıyla, palanıyla yaşı-yaşamı
Belə yerə rəva bilmə bizi Tanrım!
Ruhumuz didərgin olsa da
Sənin də
bizə verdiyin təkcə bir yolun var
mərdlik-mərdanəlik
alnımız, alnımız açıq
17.01.13
Dünyanın təzadları
Dünya təzadlara bağlı kimiymiş,
Oxuya bilmədik, görə bilmədik.
Seçib nakəsini, bədxahı bir-bir,-
Dənnəyə bilmədik, dərə bilmədik.
Başımız üstündə yalan dolaşdı,
Başımız üstündə ilan dolaşdı,
Şəri, qaramatı olan dolaşdı,
Əldən, ətəymizdən verə bilmədik.
Hiyləsi köynəkdən keçib, ilişdi,
Bu içə, bu çölə köçüb ilişdi,
Doğrayıb ilişdi, biçib ilişdi,
Yun deyil, dərd imiş, sərə bilmədik.
Ağıl, küləyini, mehini tutdu,
Gecənin torannı, şehini tutdu,
Boş qalmış dalanı, tinini tutdu,
Qalası daş imiş, girə bilmədik.
Dərədə qalmışıq, düzdə qalmışıq,
Elə astarında, üzdə qalmışıq,
Nağılda qalmışıq, sözdə qalmışıq,
Nəfəs dara düşdü, dərə, bilmədik.
Dünya təzadlara bağlı kimiymiş,
Oxuya bilmədik, görə bilmədik.
Seçib nakəsini, bədxahı bir-bir,-
Dənnəyə bilmədik, dərə bilmədik.
20.01.13.
Dünya bir alaçıq
Dünya bir alaçıq yaylaq kimicə
Tavanı görünmür, damı görünmür.
Tüstü çəkən yeri çəkib aparır,
Bacası görünmür, camı görünmür.
Buludu dolanır, çəni dolanır,
Şeytanı dolanır, cini dolanır,
Canda da sevgisi, kini dolanır,
Çırağı görünmür, şamı görünmür.
İntizar içində göz ölüb gedir,
Cahil məclisində söz ölüb gedir,
Ömür öz içində gizlənib gedir,
Bütövü görünmür, tamı görünmür.
Hər kəs də axtarır, gəzir qul kimi,
Hər sual önündə bezir qul kimi,
Üzür canımızı, üzür qul kimi,
Qoşqusu görünmür, samı görünmür.
Havası aldadır, suyu aldadır,
Cana təpər olmuş oyu aldadır,
Cana təpər olmuş yayı aldadır,
Necə düz-qoş olub, xamı görünmür.
Dünya bir alaçıq yaylaq kimicə
Tavanı görünmür, damı görünmür.
Tüstü çəkən yeri çəkib aparır,
Bacası görünmür, camı görünmür
27.01.2013.
Yurd ağrısı
Qalıb qəriblikdə, qalıb ayaqda
Elə, yuxularda çinə dönübdü.
Gedənin gözündə sığanıb qalır,
Gələnin gözündə kinə dönübdü.
Qoca da, cavan da əli üzündə,
Yara gözənməyib qolda, dizində,
Ot-alaq izində, alsın izində,
Dərdi dənələnib dənə dönübdü.
Təpər ağırlaşıb, təpər kal düşüb,
Elə heyi gedib, dinməz, lal düşüb,
Neçə xətalardan, haldan ötüşüb,
Arzusu dumana, çənə dönübdü.
Gecəsi, gündüzü çəkib aparır,
Ağrıya, acıya büküb aparır,
Özünü özündən söküb aparır,
Elə, havalanıb cinə dönübdü.
Açılmır toranı, danı gecikir,
Hər şeyə ömürü, canı gecikir,
Qıl üstə zamanı, anı gecikir,
Baxta bax, bir qara günə dönübdü
Qalıb qəriblikdə, qalıb ayaqda
Elə, yuxularda çinə dönübdü.
Gedənin gözündə sığanıb qalır,
Gələnin gözündə kinə dönübdü.
29.01.2013
Evin yıxılsın adam
Evin yıxılsın adam
Adam da bu qədər alçaq olarmı?
Tanrı ağzını bağlaya bilməyən adam,
Adam da bu qədər
hara gəldi ağzı açıq olarmı?
Gülün, gülzarın içində tikan otu
Təkəmseyrək olurdu axı,
Tikan otu yol ağzında
Yol gedən eşşək üçün olurdu axı.
İçimizdə, çölümüzdə nə çoxuymuş
Min illərdi özünü ipək kimi aparıb da
Düşmənlərə rəvac verən, güc verən
Qara-qura tikanlarmız.
Deyirəm axı, bu adamlar tülkü kimi,
Çaqqal kimi girəvə gözləmədə,
Qıraqdaymış.
El-obamız, məkanlarmız
Alt-üst olub yağmalanan da
əl köpəkləri tək izləmədə,
marıqdaymış.
Evin yıxılsın adam
əyilməyin, bükülməyin bəlli bir iş
ya qanında, ya südündə
zaman-zaman kirişlənmiş, bərkimiş.
qanın çəkib, südün çəkib sözüm yox,
bu millətdən çəkdiklərin,
içdiklərin, yediklərin qənim olsun.
Bu Vətənin havasıyla eninə-uzununa
şan-şöhrətə gəldiklərin qənim olsun.
ya gələcək, ya uzaqgörən deyə-deyə
sanki elə, uşaq başı aldatmısan.
Bu idim nə, bu vərdiş nə?
Öyrəşmisən yadların kasıb-künə süfrəsinə
Orda-burda yallanırsan,
Elə bil ki, bal dadırsan.
Öz dünyanda bu gəzinti, bu gərdiş nə?
nankor adam, alçaq,
alçaq adam,
yad könülə,
özgələrə xoş duyğulu,
özümüzə
əli qılınclı,
qılınclı adam. 31.01.2013.