Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev “Eurovision-2013” müsabiqəsinin qalibi, universitetin “Musiqi sənəti” fakültəsinin IV kurs tələbəsi Fərid Məmmədovu qəbul edib. Rektor Fərid Məmmədovu qazandığı yüksək qələbə münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Söhbət zamanı professor Timuçin Əfəndiyev 90 yaşlı bu unikal təhsil ocağının keçdiyi şərəfli yoldan, incəsənətin müxtəlif sahələrindəki uğurlarından, xüsusən musiqi sahəsində əldə edilmiş nailiyyətlərdən söz açıb, ADMİU-da vaxtilə dərs demiş maestro Niyazi, bəstəkarlar Şəfiqə Axundova, Hacı Xanməmmədov, Lütfiyar İmanov kimi korifeylərin əməyini xüsusi qeyd edib, bu universitetin məzunları olan Xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Brilliant Dadaşova, Faiq Ağayev və başqaları haqqında iftixarla danışıb. Rektor xüsusilə qeyd edib ki, bu gün dünya miqyasında uğur qazanan gənc istedadlar eyforiyaya uğramamalı, öz üzərlərində daha ciddi və məsuliyyətlə çalışmalı, respublikamızın beynəlxalq aləmdə daha geniş miqyasda tanınması üçün əllərindən gələni əsirgəməməlidirlər.
Görüşün sonunda Fərid Məmmədov universitetin rektoru, professor Timuçin Əfəndiyevə dərin təşəkkürünü bildirib, onun üzərində zəhməti olan universitet müəllimlərinin əməyini yüksək qiymətləndirib.
GÜNEL