iqtisad üzrə fəlsəfə doktoru
İqtisadiyyat elminin respublikamızda müstəqil bir struktur kimi formalaşması, kompleks və sistemli inkişafı XX yüzilliyin 50-ci illərində başlayıb. Yeni istehsal sahələrinin yaranması ilə sosial-iqtisadi kadrların hazırlanmasında ittifaqın mərkəzi institutları ilə yanaşı, milli alimlərimizin böyük elmi-təşkilati, pedaqoji fəaliyyətləri olub. Qısa bir zamanda iqtisadiyyat fakultələrinin yeni iqtisadçı alimlərimizin yetişməsində çox əhəmiyyətli rol oynadı.
Bu elmi-təşkilati işlərin əsasında Azərbaycan iqtisadiyyatının nəzəri-praktik problemlərinin həll edilməsi üçün koordinasiya mərkəzi Azərbaycan EA İqtisadiyyat İnstitutu olmaqla bir sıra sahə institutları yarandı. İqtisadiyyat elminin inkişafından və elmi kadrların hazırlanmasından danışarkən, ötən əsrin 70-80-ci illərində respublikanın sənaye, kənd təsərrüfatı, tikinti və s. sahələrində aparılan struktur dəyişiklikləri, yeni istehsal sahələrinin yaranması, fabrik, zavodların tikilməsi və s. işlər nəticəsində yaranan sosial-iqtisadi problemlərin həlli zərurətini əsas faktorlardan biri kimi qeyd etmək olar. Bir-birilə sıx əlaqəli amillərin nəticəsində respublikamızda iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək elmi potensiala, ziyalı intellektuallığına malik alimlərimiz yetişdi və hazırda müstəqil ölkəmizdə fəaliyyət göstərirlər.
Azərbaycan iqtisad elminin formalaşmasında, püxtələşməsində və inkişafında öz elmi-pedaqoji, təşkilatçılıq işi və fərdi insani keyfiyyəti ilə böyük dönüş yaratmış iqtisad elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Əhməd Əkbər oğlu Mahmudovun həyatını və gördüyü işləri xatırlamamaq olmaz.
Ə.Mahmudovun bütün elmi fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat bölməsi və 1958-ci ildə bu bölmə əsasında yaranan İqtisadiyyat İnstitutu ilə əlaqədər olub. O, 1955-ci ildən fasiləsiz olaraq Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsindən institutun direktoru səviyyəsinə qədər yüksəlmiş, məqsədyönlü təşkilati işlər aparmış, hər bir ziyalıya örnək ola biləsi şərəfli, ibrətamiz həyat yolu keçmişdir. 1958-1964-cü illərdə həmin institutun direktor müavini, 1964-1989-cu illərdə isə ömrünün axırına kimi institutun direktoru vəzifəsində işləmişdir.
Mən 17 il (1972-1989-cu illər) Əhməd müəllimin rəhbərlik etdiyi şöbədə aspirant, kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində elmi fəaliyyətlə məşğul olmuş, ictimai əsaslarla müxtəlif ictimai vəzifələr aparmışam. Onun rəhbərliyi altında 2 kitabın müəllifi olmuş, 1elmi-metodik əsərin hazırlanmasında iştirak etmiş, o dövrün aktual problemi ilə bağlı iqtisad elmləri doktorluğu üzrə dissertasiya hazırlamış, 50-yə yaxın elmi məqalə, tezis nəşr etdirmişəm. Direktiv sənədlərin müzakirəsində, məruzələrin hazırlanmasında, aktual mövzular üzrə dövri mətbuatda çıxış etmiş, konfrans və simpoziumlarda iştirak etmişəm. Bu geniş səpkili işlərdə Əhməd müəllim mənə və həmkarlarıma elmi, təşkilati məsləhətlər vermiş, hərtərəfli inkişaf üçün imkan yaratmışdır.
Ə.Mahmudovun elmi əsərlərinin araşdırılması, onların mahiyyəti alimlərimiz tərəfindən dərindən öyrənilib.
Böyük iqtisadçı alim iki yüzə yaxın elmi əsərin-monoqrafiya, tədris vəsaiti, məqalə və metodik məruzələrin, arayışların, kollektiv əsərlərin müəllifi idi. Eyni zamanda, böyük təşkilati işlər aparmaqla elmin inkişafına var gücünü qoyurdu. Ə.Mahmudovun gəncliyi müharibə dövrünə düşdüyünə, məişət çətinliklərinə baxmayaraq, institutu fərqlənmə diplomu ilə bitirmişdi. Gənclik dövründə üzləşdiyi çətinliklərə baxmayaraq, əməksevərliyi və özünə qarşı tələbkarlığı nəticəsində gərgin, məhsuldar elmi, təşkilati, pedaqoji fəaliyyəti ilə böyük uğurlar qazanmışdı.
Ə.Mahmudov 1955-ci ildə keçmiş SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda namizədlik disertasiyası müdafiə etmiş və 1957-ci ildə baş elmi işçi adına layiq görülmüşdü. O, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru alimlik elmi dərəcəsi almışdı. 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü (akademik) seçilmişdi. O, 1984-cü ildə EA Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsinin akademik katibi vəzifəsini yerinə yetirmişdi.
Ə.Mahmudov respublika ali məktəblərində siyasi iqtisad fənnin tədrisi sahəsində böyük pedaqoji fəaliyyət göstərmiş, öz sadəliyi və elmiliyinə, pedaqoji məharətinə görə tələbələrin sevimlisinə çevrilmişdi. Onun xeyli sayda əsərləri xaricdə və dövri mətbuatda nəşr edilib. Ə.Mahmudov siyasi iqtisad və kənd təsərrüfatı sahəsində kompleks problemlər üzərində işləmiş, respublikada istehsalın intensivləşdirilməsinin nəzəri və metodoloji problemlərinin ilk tədqiqatçılarından olmuşdu.
O, beynəlxalq və ümumittifaq simpoziumlarda, elmi yığıncaq və konfranslarda öz məruzə və çıxışları ilə iqtisad elmini ləyaqətlə təmsil edib.
Əhməd Mahmudov respublikanın ictimai həyatında elmi nailiyyətlərin təbliğatçısı kimi tanınıb. Onun bilavasitə təşəbbüsü və iştirakı ilə Bakı şəhərində ümumittifaq əhəmiyyətli bir sıra konfrans və sessiyalar keçirilib.
O, institutda fəaliyyət göstərən doktorluq və namizədlik alimlik elmi dərəcəsi almaq üçün İxtisaslaşdırılmış Müdafiə Sovetinin sədri, iqtisadi problemlərin əlaqələndirilməsi şurasının, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının, Azərbaycan SSR Elmlər Akademiyası Plan Komitəsinin proqnozlaşdırma üzrə elmi şurasının və bir sıra başqa elmi sovetlərin üzvü olub.
Dövrün nadir hadisəsi hesab edilən vəzifə təmizliyi ona xas olan xüsusiyyət idi. Onun həyatının aparıcı qüvvəsini, mayasını zəngin daxili aləm, özünə xas olan fikir və amal düzgünlüyünün üst-üstə düşməsi təşkil edirdi.
Ə.Mahmudovun bir şəxsiyyət kimi ən ali keyfiyyətlərindən biri də hər bir aspiranta, alimə elmi fəaliyyəti üçün eyni, bərabər şərait yaratması idi. Öz aspirantları, işçiləri də daxil olmaqla hamı üçün eyni dərəcədə tələbkar idi.
Mənalı ömür və onun dəyərləri bir nəsildən digərinə körpüdür. Belə mənəvi ömür fiziki ömürdən qat-qat uzun və yaddaqalandır. Mənəvi ömürdə xeyirxahlıq, əbədiyyət var. Xeyirxahlıq insanlarla bağlı olduğundan onu xatırlayırlar, iftixar hissilə yad edirlər. Belə insanların yaratdığı mühitlə yetişən insanlar həyatda özünə yer tapır, bu xeyirxahlıqdan bəhrələnirlər. Bu mənada, Əhməd müəllimin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.