Açar təkcə dəmir qıfıl açmır. Açar var qəlb açarıdır, açar var bəsirət açarıdır, açar var ərşin, dərgahın açarıdır. Açar da var qəlbləri fəth edən, insanın bəsirət gözünün pərdəsini götürən, onu göylərin, yerlərin sahibinə doğru aparan xəzinənin açarıdır - irfandır. "Xəmsə"ni "Sirlər xəzinəsi"ndən başlamaqla Nizami Gəncəvi bəyan edirdi ki, onun qələmindən çıxacaq daha dörd cahanşümul əsər sirlərlə dolu bir gizlin, pünhan olacaqdır. Bu gizlinin bəlkə hər səhifəsinin bir açarı olsun gərək.
Lüğət də bir açardır. Bir dilin o birisinə açarıdır, bir anlamın qayəsinin açarı, bir mətləbin aşkarının açarıdır. Amma bir həqiqət də var. Qıfıl açarından tutmuş irfana qədər açar hasilə gətirmək hünər istər, kamal istər.
Səmimiyyət və inamla, həm də ədalət naminə deyim ki, prof. Aydın Paşayevin izahlı lüğəti də böyük zəhmət, hünər və kamal bahasına başa gəlmiş açardır. Fəqət bu açar bir az daha dəyərlidir ona görə ki, şeyx Nizami adlı bir sirri xudanın min bir əsrarının açarlarından biridir.
Onomastika Azərbaycan dilçiliyinin nisbətən yeni şöbəsi olmaqla prof. A.Paşayevin elmi fəaliyyətində xüsusi çəkiyə malikdir. Onun bu sahədəki ağır və səmərəli zəhmətinin (Alimin 27 kitabının 13-ü xüsusi adların tədqiqinə həsr olunub) məntiqi yekunu "Xəmsə"də işlənən xüsusi adların izahlı lüğəti"dir. Niyə məntiqi nəticə? Ona görə ki, bu lüğət təkcə Azərbaycan dilçiliyinin, onomastikasının problemini əhatə etmir. Əsər hələ 1987-ci ildə Nizami Gəncəvinin 850 illik yubileyi ərəfəsində hazır olsa da müəyyən səbəblərdən işıq üzü görmədi. Müəllif illər sərf edərək lüğətin üzərində yenidən işlədi. Azərbaycan ədəbiyyatına, tarixinə, ədəbiyyatşünaslığına, folklara, dünya mifologiyasına söykənərək əsaslı elmi fikirləri, qənaətləri ilə onu zənginləşdirdi. Onomastikon alimdən səmavi kitablar, dinlər, peyğəmbərlər, dini-mistik təsəvvürlər, dünya tarixi, coğrafiya, nəhayət poetika barədə mükəmməl bilik istədi. Sonda Azərbaycan poetik onomastikasında ilk nümunə olan bu lüğət hasil oldu. Yeri gəlmişkən qeyd edək ki, rus alimlərinin rus poetik onomastikonu yaratmaq cəhdləri uğursuzluqla nəticələndi.
Onomastikon "Xəmsə"də işlənən bütün onimləri əhatə edir. Lüğətin tərtibi zamanı müəllif müxtəlif illərdə "Xəmsə"yə daxil olan əsərlərə və onların filoloji tərcümələrinə, habelə Xaqani, Şirvani, Fəxri Gürqani, Əmir Xosrov Dəhləvi və b. əsərlərinə yazılmış "İzahlar"dan, əlavə müvafiq əsərlərdən, lüğətlərdən geniş istifadə edib. Bu isə öz növbəsində digər klassiklərimizin də yaradıcılığının öyrənilməsi, təbliği və tədrisinə yaxşı imkan yaradıb. Lüğətdə onomastikanın müxtəlif sahələrinə aid olan onimlər əsasən leksik mənaları və etimoloji xüsusiyyətlərinə görə izah olunub. Əsərin diqqət çəkən cəhətlərindən biri də odur ki, bəzi adlar ənənəvi olaraq ərəb və fars dili baxımından deyil, Azərbaycan dilinin öz imkanları nöqteyi-nəzərindən araşdırılıb. Məsələn, Bağdad, Bərdə, Dərbənd, Bərtas, Elbrus, Ermənistan və s. toponimləri, Şah İsmayılın təxəllüsünün mənşəyi, Nüsrətəddin Əbubəkrin titulu, fəğfur antroponimi, xüsusilə rus və Çin toponimi və etnonimi və i.a. haqqında alimin gəldiyi nəticələr maraq doğurur və əsaslıdır. Bunlar bir daha A.Paşayevin qədim türk ad sistemlərinin dünyanın bir çox xalqlarında, o cümlədən ərəb və rus ad sistemlərinin formalaşmasında əhəmiyyətli rol oynaması barədə elmi qənaətlərini möhkəmləndirir.
Lüğətin mühüm məziyyətlərindən biri də onun "Xəmsə"də işlənmiş xüsusi adların təkcə etimologiyasının, belə demək caizdirsə, quru izahının verilməməsi, onların poetik-üslubi xüsusiyyətlərinin araşdırılmasıdır. Müəllif bu və ya qeyri beytdəki onimin izahını verərkən həmin beytin ümumən açılmasına, sadə oxucu tərəfindən anlaşılmasına xidmət edən haşiyələrdən, şərhlərdən istifadə edib, yəni mətnşünaslıq elementlərindən yararlanıb. Bununla da xüsusi adların tədqiqində əsas olan ictimai-tarixi, mədəni-etik səciyyəni qoruyub saxlamağa müvəffəq olub. Nəticədə, bir tərəfdən şərqşünaslıq və nizamişünaslıq baxımından lüğətin elmi sanbalı artıb, digər tərəfdən müxtəlif oxucu təbəqələri "Xəmsə"ni daha dərindən qavramaq imkanı əldə edib. Bu da hələ hamısı deyil. Müəllifin özünün qeyd etdiyi kimi, "Xəmsə"dəki adların hərtərəfli izahı üçün təkcə nizamişünas alim olmaq kifayət deyildir. Çünki bu adlar onlara tarixilik, ədəbiyyatsünaslıq, dilçilik və s. və i.a. nöqteyi-nəzərdən əlavə, əsasən onomastik cəhətdən yanaşmağı tələb edir. Onomastik vahidlər, əsasən mənsub olduğu xalqın adət-ənənəsi və ad sistemi ilə əlaqədar olub, xalqın həyatı, məişəti, dünyagörüşü, dini-mistik təsəvvürü, milli mentaliteti, peşə və məşğuliyyəti və s. ilə bağlıdır. Onimlər, konkret olaraq "Xəmsə"də işlənən onomastik vahidlər haqqında ancaq adlara hərtərəfli yanaşmağı bacaran onomoloqlar daha düzgün fikirlər söyləyə bilərlər. Zənnimcə, prof. A.Paşayevin bu fikri ilə razılaşmamaq məsələyə ədalətsiz və qeyri-elmi yanaşma sayılardı.
P.S.
Hörmətli Aydın müəllim, güman edirəm ki, şərqşünaslıq və mətnşünaslıqla az-çox tanış olan bir müəllifin dəyərli əsəriniz haqqında mülahizələri nizamişünaslar tərəfindən qəbul ediləcək. Bir oxucu kimi isə düşünürəm ki, bu lüğət nizamisevərlərin "Xəmsə"nin dərin qatlarındakı mətləblərə qovuşması üçün tutarlı vasitədir. Sizdən yeganə təmənnamız lüğətin rus və ingilis variantlarının hazırlanmasıdır. Bu, ümumən nizamişünaslığa töhfə olardı. Adınız kimi işıqlı təfəkkürünüzə güvənib sizə uğurlar diləyirik.