|
|
|
|
TÜRK ƏSGƏRİ
Türk əsgəri!
Sən şəhid olma!
Sən şahin ol!
Zirvələr yaraşır sənə.
Zirvələrə qon!
O ziyankar,
o qəddar
Quldurlara - son!
Türk əsgəri!
Sən ki, haqsan!
Dayanmısan keşiyində
Hürriyyətin, ədalətin!
Sən ki, məğlub olammazsan,
Sənə qalib gəlmək-çətin!
Sənə tərəf güllə atan
bir ovucdur.
Sənin kimi ər igidlər-
Milyon-milyon!
O şərəfsiz, əliqanlı
Xainlərə - son!
Türk əsgəri!
Sən qadirsən!
Sən ucasan!
Allah səni
Türk yaradıb!
Düşmənini seç!
Bizdə ermənidi,
Sizlərdəki kim?
O eybəcər alçaqları
Tapdalayıb keç!
Qoy ucalsın zirvələrdən
Ay-ulduzlu bayrağın!
Yad nəfəsdən, yad səsdən
Birdəfəlik
Təmizlənsin torpağın!
Səni səngər çağırmaqda,
Lazım gəlsə
Günəşdə yan!
Şaxtalarda don!
Sağ cinahda-mən hazır!
Dövrəmizdə xainlər var.
Xəyanətə - son!
Cinayətə - son!
QARABAĞ ATLARI
Qığılcım qoparar
Daşlardan nalları.
Dağlardan-dağlara
Uzanar yolları...
Qəzəbdən çeynəyər çayları, otları
Qarabağ atları!
Didərgin düşəli
hayqırar, kişnəyər,
Yo lunu kəsənə
“yolumdan keç” -deyər.
O ülgüc dırnağı xışlayar yadları
Qarabağ atları!
Qızılı, kürəni,
parlayan rəngi var.
Qarşıda hücumu,
döyüşü, cəngi var.
Sıçrayıb keçəsi atəşi, odları
Qarabağ atları!
Üzəngi həm məni,
həm səni gözləyir.
Yəhəri Məmmədi,
Həsəni gözləyir...
“Hardasız?”- soruşar yaylağı, yurdları-
Qarabağ atları?!
Çiynində al-əlvan
dalğalı bayrağım.
Ağdamdan, Şuşadan
gələcək sorağı...
Vətəndir, torpaqdır,
tarixdir adları
Qarabağ, Qarabağ,
Qarabağ atları!
İLK DƏFƏ BAKIYA QƏDƏM QOYAN QIZ
İlk dəfə Bakıya qədəm qoyan qız,
Bakı bayramxana, toyxana deyil.
Gəlmək istəyənə “gəl” - deyər sözsüz,
Amma hər yetənə bir ana deyil!
Nurlu sarayları, bağı, bağçası,
Bu yar-yaraşıqdan adam doyarmı?!
Sənin taleyinsə bir sirr boğçası,
Gələn sabahlardan xəbərin varmı?
Qoru çiçək kimi xəyallarını,
Qoru titrəməsin, ləkə düşməsin.
Sənin zirvədəki duyğularına,
Biganə, yalançı əl yetişməsin!
Qönçələr güllənər sən gələn günü,
Səsini küləklər təki eşitsin.
Allahdan istərəm, Bakı eşitsin,
Sənin ürəyinin döyüntüsünü,
Bakıya ilk dəfə
qədəm qoyan qız!
ƏYİLİB ÜZÜNDƏN ÖPDÜM
Ağdam şəhər 1 nömrəli orta məktəbdə oxuduğumuz vaxtdan tanıdığım unudulmaz Şakir Kərimovu xatırladım
Üzünə baxdım,
Gözləri payız kimiydi...
işığı uçub getmişdi...
Təbəssümü qa ralmışdı...
Yastığa söykənib
dikəlməyə çalışdı,
Bacarmadı, dikələ bilmədi.
-Qapıda qalmışdı gözüm,
yaxşı ki, gəldin-dedi.
İndi get, olma narahat.
Fikir eləmə,
Özündən muğayat ol,
rahat yat...
Hə-dedim, nə vaxt
gedəcəksən Şüvəlana, bağa?
Mən də gəlləm,
Nərd atarıq, çay içərik,
dərdləşərik...
(indi hanı onun kimi
İstiqanlı, canıyanan,
dərdəşərik...)
...Əlini uzatdı
Barmaqlarımı sıxdı.
Əyilib üzündən opdüm,
Otaqdan çıxdım...
O, səhərə çıxmadı...
Həmin gündən elə bil
Sağ əlim mənim deyil...
Keyləşib barmaqlarım...
O əlin arxasına
şütüyür
Ömrün sürət qatarı...
CİBİNİN FİKRİNİ ELƏMƏ
Cibinin fikrini eləmə, dostum.
Heç batma da qəmə, dostum,
Vecinə alma...
Cibdir də
Dolar da, boşalar da...
Günlərin bir günündə
lap elə boş qalar da...
Dünyadır da
Onu da başa düşmək olar...
Boş cib yayda da
üşüyər.
Dolu ciblə
Lap elə cənab Əzraillə
güləşmək olar...
Bu ağzıaçıq ciblər
Kefi kök olanda
Kimlə istəsə
oturub-durar,
Kimləsə “yüz-yüz” vurar...
Ciblər tanıyıram
Haram üçün
Yaxacıran ciblər...
Pencəyə, şalvara
Sığışmayan
Havalanıb quduran ciblər...
Odeyy, biri var
Dəsmal kimi qatlayıb
Cibinə qoyub dünyanı...
“Əlin cibində olsun”- deyən
filankəsin
indi səsi-sorağı hanı?...
...Cibinin fikrini
eləmə, dostum!
Cibinin canı sağ olsun!
Üzü ağ olsun!
Gözləri görsün!
Sir-sifətindən
istəklərin tökülsün,
Cibin gülsün, dostum!...
BOŞANMIŞ QADININ HEKAYƏTİ
-Onun sözlərinə inandım...
Onunla çıxmışdı adım
xeyirdə-şərdə...
Amma hərdən
Mənə elə gəlirdi ki,
O, başqa bir planetdən gəlib,
Heç Yer adamına bənzəri yox.
Elə bil Yer üzündən xəbəri yox.
Onu nə toyda şadlanan
Gördüm,
Nə də yasda kədərlənən...
Özüymüş sən demə
Kölgə olub
Başım üstə hərlənən...
Çayını, çörəyini ver,
Getsin, gəlsin,
yesin, yatsın.
İstəmirdim ki,
qanımı qaraltsın.
Aylarla axtarmaz
ata-anasını.
Çoxdan çıxarıb yaddan
Bacı, qardaş dünyasını...
Bir çay məclisinə, filana
Dəvət edəni yox.
Evinə gəlib-gedəni yox.
Bu naməlum vücudun
Məlum tərəfi, gü nahı-bu.
Kimdir, nədir,
nəçidir axı, bu...
...Qollarımı göylərə qaldırıb
Tanrıma çox yalvardım,
Hər gün onu görmək
əzabından qurtardım...
Sən demə,
Əfsanəymiş, nağılmış
Boş ümidim, boş andım...
Çürük bir diş kimi
Çıxarıb atdım onu-
Boşandım!..
YAXŞI Kİ
Uzaq-uzaq üfüqlərdən-
üfüqlərə
Hara uçur bu quşlar?
Bu sonsuzluğa
üz tutmuşlar..
Bəlkə anlayan tapılmadı
Onları bu Yer üzündə...
Ya bir məna görmədilər
Yer üzünün
gecəsində, gündüzündə...
Kimlərsə daşa tutdu,
Kimsə durub çöp uzatdı yuvasına.
Tüstü, duman qatan oldu
havasına...
Yaxşı ki, göylərə əli çatmır
yerdəkilərin...
Yoxsa, Göy üzünə çılpaq çıxan
Ulduzlara əl atıb
sataşardılar...
...Bu quşlar hardasa
bəxtiyardılar,
Mən də bu quşlara qoşulub
uçasıyam bir gün
Sirrimi buludların o üzündə
açasıyam bir gün...
Göy qübbəsi
Quş yuvası deyil.
Yaxşı ki, əlləri çatmır
yerdəkilərin...
Yoxsa, silib pozardılar
Göy üzünü...
DİLETANT
Bu “çoxbilmişi”
Kim eşələyib
Çıxardıb üzə,
İndi “dərs deyir” bizə...
Hardan peyda oldu bu
Şairə, şeirə “yol göstərən”?
Bu cahillər arasında “ən...”
Bu odu-ocağı
samandan qalanmış...
Sən demə, Nizami,
Füzuli,
Nəsimi yalanmış...
Nə Sabir -sənətkar,
Nə Müşfiq, nə Bəxtiyar...
Şairlik -nə sənət?
Sən demə bu bir
oyunmuş, həvəsmiş...
Şairə sənətkar söyləmək-
qəbahət...
...Şairlərə daş atan var.
Ruhumuzun beşiyinə
sataşan var...
Siz Allah!
Ayıq olun!
O bənd-bərəni kəsin
Ən birinci
Hörükləyin qələmini
filankəsin!..
KİŞİNİN SON GECƏSİ
Gecə yarıdan keçmişdi.
Qohum-əqrabası
Çarpayının dövrəsinə yığışmışdı
kişinin...
Xəstə haqq-hesabını çəkirdi
keçmişinin...
-Hə, axır nəfəsimdi,
yol üstəyəm,
Sizdən nə umum, nə istəyim?..
Əmioğlusu Göyə qaldırdı
əllərini:
-Darıxma, səbirli ol,
yaşamısan illərini...
-Filankəsin mənə borcu var,
Mənim borcum yoxdu
heç kəsə...
Oğlu:-Əşi, yaxşı, bəsdir-dedi
Dodağı əsə-əsə...
-Gələn aya qaldımı
Alməmmədin qəbulu
Bir yerdə neçə eylər
işıqpulu, qazpulu...
Hamı bir-birinə baxdı...
Qudası keçdi yan otağa
Deyəsən darıxdı...
-Baxmayın bu boş göstərişə,
söz-söhbətə,
Üçümü, qırxımı
qaydasınca verin ha...
Xanımı dilləndi:
-Yaxşı, a kişi
Sakit ol daha...
...Gecədən xeyli keçmişdi,
Qalanlar mürgü vurmaqdaydı,
Gedənlər tək-tək,
Qoşa-qoşa getdi...
Kişi elə beləcə-
Danışa-danışa
Getdi...