|
|
|
|

Bu günlərdə dünyasını dəyişmiş Xalq artisti Rəmişlə (Rafiq Hüseynov) hələ orta məktəb illərindən tanış idik. Ağdam şəhərində qonşu küçələrdə yaşayırdıq.
Rəmişin vəfat xəbərini onu tanıyan, sənətini sevən hər kəs kimi mən də böyük kədər və dərin üzüntü hissi ilə qarşıladım.
1995-ci ilin bir payız günündə yazılmış, Rəmişə həsr etdiyim şeirimi təxminən 25 ildən sonra yenidən, amma bu dəfə tam fərqli bir ovqat içərisində oxuculara təqdim edir, mərhum sənətkarımıza Allahdan rəhmət diləyirəm.

Nə Allaha, nə bəndəyə qulaq asdı...
Qopararaq sol qolunu
cinahından
bağrına basdı,
Qanlı-qanlı çaldı, çaldı,
Hüseynoğlu Rəmiş...
Qayalardan damcılayıb
bulaq oldu,
Fəryadı göy gurultusu.
Yaxın oldu, uzaq oldu,
Qaldı qara qəfəslərdə
dustaq oldu...
Sinələrindən qopan səslər
Yurdusuzları yurd yerinə,
İgidləri at belinə
Döyüşlərə haylar, səslər!
Allah, Allah
Bu Segahmı,
Çahargahmı?
Ya hikkədən yanan tufan,
Ya saralıb sönən ahmı?..
Bu nə zildi,
bu nə bəmdi?
Bu nə nalə, nə aləmdi...
Aman, Rəmiş Allaha bax!
Çalma, bilə-bilə çalma!
Torpağım zülmət quyuda
Səsin çatmaz, hələ çalma!
O Gülablı, o Abdaldı,
Əlimizdən fələk aldı...
Qarşımızda qanlı yoldu
Biz çıxmamış yola, çalma!
Suyu yanar gölə dönsəm,
Yolum uçar sola dönsəm.
Qolubağlı qula dönsəm
Qulun ölsün, qula salma!
Bağrı yanmış yurdsan sən ki,
Tüstülənib sönərsən ki...
Belə çalsan ölərsən ki...
Mən yazığam, belə çalma!
Könüllərdə qızarmış
Şişə dönüb hər barmağın
Köz-köz edər bağrımızı.
Sən çırpırsan bu simlərə
qəzəbini,
Bəs yaxşı biz hara çırpaq
acımızı, ağrımızı?!
Sir-sifətin qırma-barıt
parçalanmış qaya kimi,
Neynirsən dava-dərmanı
həkimi?
Nəyinə gərəkdir kiminsə
öyüdü, təsəllisi?
Nə olsun ki,
düşdü budağından
Yaşının bir əllisi...
Sən kimsən bilən oldumu?
Hayına gələn oldumu?
Amma hər yaz gələndə
Düz ovcundan pərvazlanar
Qədirin "Sona bülbüllər"i
Uçar o bizim dağlara
O dağların yönü bəri...
Belə çalma, qadan alım,
Dəli olma, qadan alım
Onsuz da bu dünya dəli,
Yarı elə, yarı belə,
yarı axmaq...
İstəsən heç mənə baxma,
bizə baxma,
işində ol!
Nə bir cavab,
nə bir sual...
Rəmiş! Rəmiş!
Qəzəbdən alışıb sönən günədək,
Qolların qılınca dönən günədək
dayanma çal!
Rəmiş! Rəmiş!



