AĞDAMLA SÖHBƏT
"Qarabağsız, Ağdamsız
Azərbaycan yaşaya bilməz!"
Heydər Əliyev
Səni bu günə salanın
Budaqları qara açsın
Yarpaqları çürüsün!
Hələ belə qəddarlığı
Görməyib bu Yer üzü...
Hanı mavi küçələrin,
Ay-ulduzlu gecələrin...
Dost qapılar, pəncərələr...
Ağ səhərlər, nur gecələr...
Ağdam!
O murdarlar caynağında
Hayına gələn oldumu?
Gözünü silən oldumu?
Hər ev, döngə səngər idi...
Döyüşsüz ölən oldumu?..
Ağdam! Səni
Didik-didik eylədilər
Səsin qalxdı buludlara.
Şaqqalandı ev-eşiyin
Yerin - zindan, göyün - qara...
Qəzəbindən havalandı
Şahbulağın ağ daşları...
Səbrə, dözümə çağırdı
Bacıları, qardaşları...
Zəfər bizim! Əvvəl-axır
Axı, göydən Allah baxır...
Qara günlər ötüb keçdi,
Bəxtimizin yönü bəri!
Yer üzündən rədd olacaq
Bu boz şeytan sürüləri!
Ağdam! Əziz adın haqqı,
O müqəddəs andın haqqı
Məhlə-məhlə, ocaq-ocaq
Yeni Ağdam qurulacaq!
Yeni dünya, yeni həyat!
Yeni uçuş, yeni qanad!
Ağdam! Ağdam!
Səndən ayrı yoxdur Vətən!
Bir balan - mən!
Öpdüm sənin güllə dəymiş əllərindən!
NUBAR XALA
Ağdamın düz ortasında
Qonşumuzda Nubar xala.
Bir evliyə dönmüşdük biz
lap az qala...
Bir qızı, dörd oğlu vardı.
Əri də ki, Teymur adlı bəxtəvərdi...
Peşəsi də sürücüydü,
yollardaydı...
Çox mehriban qonşulardı,
təmiz, aydın...
Gülərüz Nubar xalanın
Bir sarı inəyi vardı
oğlu Rey də baş bulvarda
Gecəyarı
O inəyi otarardı...
Mən Bakıdan gələn kimi
Nubar xala deyərdi ki,
xoş gəlmisən,
Ay maşallah, böyümüsən,
yekəlmisən
O da Zəhra anam kimi
sevinərdi.
Kiş-kiş deyib
Qovalardı qəmi, dərdi...
Çəpərbaşı biz tərəfə ötürərdi
Südü, yağı.
Çox tamlıydı
Ərişdəsi, qayqanağı...
...Onda gözəl Nubar xala
yaşayardı bu dünyada
İndi hərdən düşər yada...
Bal dilində nə bir qiybət,
nə bir giley...
İndi hərdən səsi gəlir
qulağıma:
- Ay Zəhra, heyy!..
ONUN ADI BATUM İDİ
Onun adı Batum idi,
Bu ağdamlı balasına
Kim qoymuşdu bu adı
Deyə bilmərəm...
Bu oğlan uşağına
Şəhər adı vermişdilər
Niyə bilmərəm...
Biz bir yerdə getmişdik
Abbas bəyin məktəbinə1
birinciyə...
Çitdən əldə tikilmiş
çantamız vardı.
Böyüklər qolunmuzdan
yapışıb aparardı...
Doyunca yemək də yoxudu,
çox çətindi...
Dəftər-kitab da belə...
Oxu görüm, necə
oxuyursan indi...
Batumgil çox kasıb idi,
Deyəsən onun
Ata-anası da yox idi...
Səhv etmirəmsə Batum
Beşəcən oxudu....
Sonralar
Mən bəxtimin arxasınca
Bakıya getdim
Batum Ağdamda qaldı.
Lap kiçik yaşlarından
Qayğılar onu uddu,
ehtiyac əsir aldı.
Bir yay günü
Dadaşoğlu Eldarı
Kötəlçayda boğulmaqdan
Bu Batum xilas etdi...
Dedilər Batum igiddi!
Sonrakı illərdə
Çayxanada çay payladı,
Dəxli yoxdu qazancı
çox oldu, az oldu.
Axır ki, aşpaz oldu.
Səs salmışdı aləmə
Basdırması, tikəsi...
Şahbulaq məclisləri
Mat qoymuşdu çox kəsi.
Qaydasında Batumun
səliqəsi hər işi,
Ondan çox-çox razıydı
Baş müdiri Qasım kişi...
Ta nə deyim, ta nə yazım
Batum haqda...
indi hər il yaz gələndə
Batumun o kövrək ruhu
Kəkotuya, yarpıza dönüb
Yamaclardan boylanmaqda...
...Onun adı Batum idi...
1. Ağdam şəhər 1 nömrəli orta məktəbə on doqquzuncu əsrin sonu, iyirminci əsrin əvvəllərində "Abbas bəyin məktəbi" də deyərmişlər - müəllif.
ÇƏRŞƏNBƏ AXŞAMLARI
Göydən işıq ələnər,
Düz-dünya cilvələnər.
Torpaq nura bələnər
Çərşənbə axşamları!
Sən bu tonqallara bax,
Hər həyətdə bir ocaq.
Gəl-gəl deyər bağça-bağ
Çərşənbə axşamları.
Hər quş bir sazla gələr,
Yeni avazla gələr,
Novruz da nazla gələr...
Çərşənbə axşamları.
Ürəklər şad döyünər
Oğlanlar çox öyünər...
Qızlar qəşəng geyinər
Çərşənbə axşamları.
Qalib yurduma baxın!
Bəxti var bu torpağın.
Gözəldir Qarabağın
Çərşənbə axşamları!
AYBƏNİZİN XALÇALARI
Uzun illər Ağdam xalça fabrikinə bacarıqla
başçılıq etmiş Aybəniz xanım Cəfərovanın adına
Hər ilməsi nur, işıqdır,
Hər naxışı yaraşıqdır.
Sevda dolu bir aşiqdir
Aybənizin xalçaları.
Ayı, ulduzu qoşadır.
Bir nağıldır, tapmacadır,
Çox xalçadan bax, ucadır.
Aybənizin xalçaları.
Evdə başda
görərsiniz.
Yaşıl yarpaq, laləbəniz,
Zərif, qəşəng, solmaz, təmiz
Aybənizin xalçaları.
Andı, istəyi düz olub,
Hara getsə xoş üz olub
Gəlinlərə cehiz olub
Aybənizin xalçaları.
Ömrün qışı, baharı var.
Keçib gedər kədər, qübar
Könlümüzdə tutub qərar
Aybənizin xalçaları.
Şad xəbərdən xoş olmaqda,
Qanad açıb quş olmaqda,
Uçub bizə qoşulmaqda
Aybənizin xalçaları...
Şüvəlan, aprel-may
2022-ci il.