|
|
|
|
NATƏVAN BAYATILARI
Natəvanın sözü var
Hər sözdə od-közü var.
Aranda İmarəti,
Dağda Cıdır düzü var.
Natəvanın qələmi
Heyran etdi aləmi.
Hər misra qılınc kimi
Çapdı dərdi, ələmi!
Natəvanın Məclisi,
Toplamışdı çox kəsi.
Bağ-bağçadan gələrdi
Həzin qəzəllər səsi.
Natəvanın Qalası
Oldu darda qalası...
Maşallah, açıb indi
Bənövşəsi, laləsi!
Xan qızının bulağı
Dörd dolandı bu dağı.
Axıb behişt eylədi
Bəxtimiz Qarabağı!
GƏLİN GEDƏK...
Gəlin gedək,
İmarətə yenə biz.
Şəfa tapdı oxlar dəymiş sinəmiz...
Yolumuzu gözləməkdə ruhu şad
Xan Babamız,
Xurşidbanu Nənəmiz...
Gəlin gedək,
İmarəti görməyə.
Güllərindən dəstə tutub hörməyə,
Üzülməyək o yerləri görüncə,
Ürəyimiz sızıldaya, göynəyə...
Gəlin gedək,
İmarətə əl verək,
Kimi görsək salam verək, gül verək.
Çiçəkləri bizim dildə danışar,
Küləklərə şirin-şəkər dil verək...
Gəlin gedək,
İmarətə and içək
Bizi görüb yal-yamaclar güləcək...
Dəyməz daha bir daşına yad əli,
Bizimkidir
Bu gün, sabah, gələcək!
Gəlin gedək,
İmarətə şənliyə
Yeri, yeri
ləngiyirsən, sən niyə?!
Yollar boyu xəlbir-xəlbir dən səpək,
Köçən quşlar
Geri dönə dənləyə...
QARAĞACI MƏZARLIĞI
Dünyalar görmüş başını
Ağdamın dizlərinə qoyub
uyumuşdu
Qarağacı məzarlığı...
...Yerlər, göylər görməmişdi
Belə mərdümazarlığı...
Qudurmuş bir hay sürüsü
Onu alıb caynağına
Didik-didik eylədi...
Ömrün-günün bu çağında...
Hay cəhənnəm yaratdı
Ata-baba torpağında...
Ruhlar düşdü pərən-pərən,
Dağlar, daşlar silkələndi...
Ulduzların rəngi qaçdı,
Buludlardan od ələndi...
Məzarların şum etdilər,
Babaların, nənələrin,
bacıların, qardaşların...
Əsgər kimi qoşun-qoşun
Səngərlərə çəkildilər
baş daşları...
Sən heç bizi bağışlama,
Qarağacı məzarlığı...
İndən belə,
Tüfəngləri baş üstündən asmalıyıq!
Qılıncımız qından çıxıb
ağac kimi bitməlidir.
Şeytanların kəndirini
birdəfəlik kəsməliyik.
Bu torpaqdan düşmənlərin
İzi-tozu itməlidir.
Hay-xəyanət, hay-cinayət,
hay-təhlükə!
Qafqazın ağ bənizində
qara ləkə!
...Yox, sən bizi bağışlama,
Qarağacı məzarlığı.
Səni qoruya bilmədik...
SEYİD KAMRAN
Sən özün boyda
Qarabağdın, Seyid Kamran!
Dəxli yoxdur, böyük bağdın,
kiçik bağdın, Seyid Kamran!
Bu torpaqda cücərmişdi
Havan, sünbülün,
saf suyun.
Düşmənlərə göz dağıydı
bəstə boyun...
Varlığında odu vardı
bu ocağın.
Bu yerlərdən qanadlandı
Uşaqlığın, cavanlığın,
tərtəmiz bir ömür çağın.
Sən quş kimi dolanardın
Dərələri, meşələri, dolayları,
Çəmənlərdən boylanmısan
yaz ayları...
Zülmətləri boğazlamış
Ağdam doğma beşiyindi.
Gözü yolda qalıb indi...
Yaz gələndə
Biz səninlə keçəsiydik
Bakı-Ağdam yollarını,
Yollar açıb qollarını...
Evimizə gedəsiydik gülə-gülə
Hardan gəldi əcəl belə...
Yaraladı qəlbimizi...
Yarı yolda qoydu bizi...
Biz kimik ki,
nəçiyik ki,
Ölüm haqdır, Seyid Kamran!
Sənin ruhun çiynimizdə
Biz bir yerdə gedəsiyik
Qarabağa
cəddin haqqı, Seyid Kamran!
AQİL ABBAS
Bu Göylə Yer arasında
Yer tapmadı Aqil Abbas...
Ən müqəddəs ocaqlardan
Aldı odu Aqil Abbas!
Göydən bir boy yuxarıda
boy göstərdi...
Torpaq dərdi, hava dərdi,
su dərdiydi
onun dərdi...
Fələk yaman silkələdi,
Boğazladı, çəkdi dara...
Havalanıb Göyə qalxdı,
Bir nərdivan tapıb çıxdı
Buludlardan buludlara...
Hikkəsindən Yer titrədi,
Göy çatladı,
Dolu tökdü dağa-düzə,
Dünya birdən çalxalandı,
Günəş doğdu bəxtimizə!
Düşmən söndü
Qara geydi çox saraylar...
heç oldular, puç oldular
cındır haylar...
Qəzəblənmiş batman qələm
Zindan kimi möhkəm, ağır...
Qaldırıb çiyninə aldı
Aqil Abbas.
Hərbi libas geyinsəydi,
Heç şübhəsiz,
indi qalib generaldı
Aqil Abbas!
Deyirlər ki, gedib orda -
Qarabağda ev tikdirir.
Gedək, dostlar
o evə bir salam verək.
Qədəmləri çox mübarək!
Gedək, keçək dağ-dərədən,
çöl-çəməndən...
Mən hazıram,
evgördünün xərci məndən.
Yanvar-fevral 2022-ci il
Şüvəlan