Aralıqdakı məsafə min kilometrlərlə ölçülsə də, artıq çoxdandır ki, Strasburq Bakıdan uzaq deyil.
Azərbaycan insanı bu köhnə Avropa şəhərində baş verənləri 15 ildir nigaran maraqla izləyir, vətəndaşlarımız Avropa Şurasından umur və oradan Qarabağın, zəbt olunmuş torpaqlarımızın, qaçqın və köçkünlərimizin gələcək taleyi ilə bağlı ümidverici soraqlar gözləyirlər.
Elə 2016-nın son yanvar günlərində də yenə nəzərlər həmin səmtə yönəlmişdi.
Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilirdi və orada ölkəmizlə bağlı 2 vacib hesabat müzakirə olunacaqdı: böyük britaniyalı deputat Robert Volterin "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın şiddətləndirilməsi" və Bosniya-Herseqovinadan olan deputat Milisa Markoviçin "Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzələri.
Strasburqla Bakı arasındakı məsafənin lap qısaldığının ən üzdə olan sübutu budur ki, həmin sessiya günlərində cərəyan etmiş hadisələrlə əlaqədar Bakıda o qədər təhlillər, şərhlər, münasibətlər ortaya qoyuldu ki, sanki bu fikir bildirənlərin hamısı elə o hadisələrin axarında olub.
Əslində, elə təxminən o cürdür. Avropa Şurası indi müəyyən mənada ovuc içərisindəki kimidir - internet vasitəsilə Parlament Assambleyasının canlı yayımlanan plenar iclaslarını isti-isti elə toplantı zalında oturubmuş sayaq birbaşa izləmək mümkündür, adbaad hansı məsələyə hansı ölkədən kimin necə səs verməsini anındaca öyrənə bilirsən, Avropa Şurasının özünün və 47 üzv ölkənin çeşidli saytlarını araşdırdıqca o qədər müfəssəl məlumatlanırsan ki, sanki sən də oradasan. Amma məhz "sanki oradasan". İstənilən halda bilavasitə içəridən orada baş verənləri müşahidə etmək daha dəqiq və ədalətli qənaətlərə gəlmək imkanı yaradır. Qaynar nöqtənin mərkəzində dayanmaq, Avropa Evindəki gedişatın bir çox səhnəarxası ayrıntılarına bələdlik, oradakı çoxillik iş təcrübəsi imkan verir ki Avropa Şurasındakı yeraltı siyasət çaylarının necə axdığından (bəzən hansı səmtə, necə axmağa vadar edilməsindən də) xəbərdar olasan, bir sıra mətləblərin zahirən göründüyündən və təqdim edildiyindən nə qədər fərqləndiyini sezəsən.
AŞ PA-nın son qış sessiyasında olub-keçənlər barədə yazıları oxuduqca dəyərli təhlillərlə yanaşı, xeyli dürüst olmayan, hərdən səthi, bəzən qərəzli, ara-sıra sadəlövh, müəyyən hallarda isə məqsədli şəkildə dövriyyəyə buraxılan yanıldıcı yozumların varlığı sövq etdi ki, canlı şahid və iştirakçı kimi mən də müəyyən təəssürat və düşüncələrimi bölüşüm.
Biri başımıza ağıl qoyurmuş kimi sual verir: 2005-ci ildə Dağlıq Qarabağla bağlı qəbul edilmiş AŞ PA qətnaməsi vardısa, bu ikinciyə nə ehtiyac?
Digəri təəccüblənir: Niyə bu iki mövzunun müzakirəsini eyni vaxta salmışdınız?
Bir əcnəbi guya bizə canı yanırmış kimi gileylənir: Erməni mümayəndə heyəti Azərbaycan nümayəndə heyətindən daha fəal idi, ona görə Dağlıq Qarabağ qətnaməsi keçmədi.
Bir başqası müdrikcəsinə nəticə çıxarır: bu, Avropa Şurasının Azərbaycana xəbərdarlığıdır. Digər qətnaməni də ona görə buraxıblar ki, Azərbaycana özünü doğrultmaq üçün şans verirlər.
Və neçə belə-belə ehtimallar, fərziyyələr, gümanlar...
Heç biri qəbuledilən deyil, hamısının konkret cavabı var.
Avropa Şurası Parlament Assambleyasında hər məruzənin sessiyanın gündəliyinə daxil edilərək plenar iclasa çıxarılmasına qədər təxminən 2 ilə yaxın zaman sürür. Bu müddət boyunca məruzə dəfələrlə müvafiq komitələrdə müzakirə edilir, dəvət edilmiş mütəxəssislərin iştirakı ilə diskussiyalar təşkil olunur, nəhayətdə məruzə və onun qətnamə layihəsi bənd-bənd müzakirə edilərək səsə qoyulur, ümumi rəy müsbət olarsa, hesabat sessiyaya çıxarılır.
2 ildir ki, xatırladığım məruzələrlə bağlı belə müzakirələr gedir, məruzəçilər də bir neçə dəfə Azərbaycanda olublar, mətbuatımız da mütəmadi olaraq bu məsələləri işıqlandırıb və hamı (hətta indi "Yenidən bu mövzuda məruzə hazırlamaq lüzumu vardımı" söyləyənlər də) bütün bunları müsbət irəliləyişlər, nailiyyətlər kimi məmnunluqla qarşılayıb.
Məruzəçilər nə qədər cəhd eləsələr, dönə-dönə məktublar yollasalar da, Ermənistan onları qəbul etmədi, məruzələrin qarşısını almaq üçün hər fəndə əl atdı, müzakirə proseslərində qalmaqallar yaratmaqçün dəridən-qabıqdan çıxdı, di gəl, hər dəfə Azərbaycan qalib oldu.
Yəni əgər hər iki məruzə bu mərhələyə gəlib çatdısa, bunun özü elə bir hünər idi. Çünki beynəlxalq təşkilatların işinə az-çox bələd olanlar bilir ki, hər hansı sənədi irəlilətmək, xüsusən, Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana təcavüzü kimi həssas məsələ ilə bağlı sənədlərdə sənə sərf edən bir ifadəni, bir cümləni qoruyub saxlamaq, yaxud artırmaq nə qədər müşküldür.
Azərbaycan Avropa Şurasında bu istiqamətdəki ilk ən böyük uğurunu 2005-ci il yanvarın 25-də qazanmışdı.
Bu quruma daxil olduğumuz ilk illərdə, o zaman Azərbaycan nümayəndə heyətinə başçılıq edən Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsi ilə əlaqədar tövsiyə üçün ayrıca qətnamə hazırlamışdı, erməni tərəfinin dəhşətli müqavimətinə baxmayaraq, bu sənəd əsasında məruzəçi təyin edilməsinə nail olmuşdu.
Məhz həmin 1416 saylı qətnamədə ilk dəfə olaraq Azərbaycan ərazilərini mücərrəd erməni silahlı birləşmələrinin deyil, Ermənistan dövlətinin işğal etdiyi təsdiqləndi, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu göstərildi, azərbaycanlılara qarşı ermənilərin etnik təmizləmə siyasətini gerçəkləşdirdiyi təsbit olundu.
Qayıdaq o suala ki, bunca vacib qələbədən sonra Ermənistanın işğalı ilə bağlı yeni məruzələrə ehtiyac vardımı?
Əlbəttə var və münaqişənin yaratdığı faciələri ən müxtəlif görüm bucaqlarından seyr edən, təcavüzün çeşidli fəsadlarını əks etdirən yeni-yeni məruzələr və icraya yönəldilən qətnamələr işğal davam etdikcə, hətta bu zəbt bitəndən bir qədər sonra da mütləq davam etməlidir. İşğalçı dövlət daim hədəfdə, siyasi nişangahda saxlanmalıdır.
Ona görə də 2 yeni məruzənin bu qədər çətin mərhələləri adlayaraq AŞ PA sessiyasına çıxarılması Azərbaycan dövlətinin, ölkə rəhbərinin apardığı ağıllı xarici siyasətin son dərəcə ciddi nailiyyəti sayılmalıdır. Ermənistanı işğalçı deyə təqdim edən 2 məruzənin AŞ PA sessiyasının gündəliyində yer almasının özü artıq Ermənistana bir zərbə idi.
Kədərli həqiqəti bilin və agah olun - Avropa müstəvisində Ermənistan-Azərbaycan münaqişəsi müzakirəyə çıxarılırkən elə başlanğıcdan daim əleyhimizə işləyən iki amil var: müsəlmanıq və türkük. Türk və müsəlman olmaq bizim qismətimizdir və bu taledən yan qaça bilmərik. Ona görə bu gün də, bütün sabahlarda da ikili standartlarla yanaşmanın təkan nöqtələrindən olan bu amili nəzərə alaraq həmişə ikiqat, üçqat, dördqat səylə mübarizə aparmalıyıq. Elə aparırıq da. Nəyəsə nail oluruqsa, bu, sadəcə qələbə yox, hansı şəraitdə qazanıldığı nəzərə alınarsa, həmişə ikiqat qələbə çəkisindədir.
Və qış sessiyası da, məsələdən yetərincə hali olmayan bəzilərinin fərz etdiyi kimi, guya iki qətnamədən birinin keçib, birinin keçməməsinə görə 50 faizlik qələbəmiz, yaxud 1:1 hesablı nəticə deyil, Azərbaycan siyasətinin tam və qəti qələbəsidir. Birmənalı! Hərçənd, sadəcə qələbə yox, parlaq zəfər də ola bilərdi!
Bəzilərinin də guya "Sərsəng su anbarı ilə bağlı hesabatın daha çox ekoloji məzmunlu bir məruzə olduğundan ondansa siyasi mahiyyətli Qarabağ hesabatının keçməsi daha məqbul olardı" qənaəti də qəbuledilməzdir. Avropa Şurası siyasi təşkilatdır, insan hüquqlarını qorumaq yolunda mübarizə onun məramı, başlıca fəlsəfəsidir. Orada hazırlanan bütün məruzələr mövzuca mədəniyyətə, ətraf mühitə, iqtisadiyyata, sosial məsələlərə aid olmasına rəğmən sırf siyasi mahiyyətlidir. Sadəcə, həmin siyasi mahiyyət fərqli mövzu müstəvilərində təhlil edilir. Məgər Ermənistanın Azərbaycanı işğalı olmasaydı, Sərsəng problemi olardı?
Avropa Şurasında Azərbaycan nümayəndə heyəti Ermənistan nümayəndə heyətindən həmişə qat-qat güclü olub, indi də belədir və ümumən bizim oradakı komandamız 47 üzv dövlət içərisində bu 15 ildə ən irəlidə gedənlərdən olub. Lakin biz tək erməni lobbisi ilə, Ermənistan və ona bilavasitə dəstək olan ölkə, ya ölkələrlə qarşı-qarşıya deyilik ki!
Güclü rəhbəri, müstəqil siyasəti olan, hansısa ən böyük güc qarşısında da boynubükük deyil, şax dayanan, öz xəttini inamla irəli aparan Azərbaycana qarşı təzyiqlər də, təhdidlər də çoxdur və çoxistiqamətlidir. Bu, tək Azərbaycanın üzləşdiyi bəla da deyil. Həmişə nəhənglər müstəqil siyasət aparanlara boyundan artıq hərəkət eləyən, dikbaş kimi yanaşaraq onu yerində oturtmağa, ona təpinməyə, ona qulaqburması verməyə cəhdlər ediblər. Bir-bir nə sadalayım?! Dünya gözünüzün qabağındadır!
Elə bizə münasibətdə də belə tərpənişlərə son illərdə dönə-dönə çox şahid olmusunuz.
Kim ki elə güman edir AŞ PA-nın qış sessiyasının lap ərəfəsində öz mandatının çərçivələrini aşaraq, yerinə yetirməli olduğu tərəfsizlik, ali münsif vəzifəsinin ziddinə gedərək Dağlıq Qarabağla bağlı məruzənin Avropa Şurasında müzakirəsinə qarşı bəyanat verən ATƏT-in Minsk qrupu bunu sırf erməni lobbisinin diktəsi ilə edib, - bu, xam xəyaldır.
Yox, erməni lobbisi o qədər zırpı güc də deyil, çox da şişirtməyək onu.
Belə bir bəyanat vardısa, bu, yalnız konkret 3 həmsədrin imzaladığı kağız deyildi. Bunun ardında 3 həmsədr dövlətin və ATƏT-ə indi rəhbərlik edən dövlətin də iradəsi var. O bəyanat erməniyə sərf edir, bizə yox. Ona görə də yaranıb həmin kağız.
Bu ikili standart nümayişi ilə onlar həm erməniyə bir köynək yaxın olduqlarını göstəriblər, həm də forpost "dövlət" Ermənistandan fərqli olaraq, istər siyasi, istər iqtisadi cəhətdən tam müstəqil yolu olan Azərbaycanı bir qədər cilovlamaq məqsədilə əzələ nümayişinə keçiblər.
Arxadakı illər də təsdiq etdi ki, Minsk qrupu əvvəldən ölü doğulmuş, heç bir səmərəsi olmayan qurumdur. Amma biz bu həmsədrlik institutundan da imtina etmirik ki, bəli, dialoq deyirsiniz, ona da hazırıq, lakin əbədiyyətə qədər davam edə bilməz bu süründürməçilik. Azərbaycan öz səbri, təmkini ilə artıq Minsk qrupunun tam ifşasına, iç üzünün hər kəsə bəlli olmasına nail olub. İmtina etmiş olsaydıq, əllərinə girəvə düşəcəkdi, bizi müharibə istəməkdə suçlayacaqdılar. Özləri bəhrəsiz danışıqları acı bağırsaq kimi hey uzatmaqla, sabah-sabahlara salmaqla işi o həddə çatdırdılar ki, hərbi həldən başqa yol qalmadığını əməlləri ilə sübut etdilər.
Lakin Minsk qrupunun AŞ PA-nın qış sessiyası astanasındakı həmin bədnam bəyanatı, şübhəsiz ki, öz mənfi işini gördü və əleyhdarlarımız, erməniçi qüvvələr ondan öz niyyətlərinə uyğun olaraq gen-bol istifadə etməyə başladılar.
Hazırda AŞ PA-nın əsas üzv olan 318 deputatı var. Adətən, sessiyaların ilk günlərindəki səsvermələrdə, fəallığın lap yaxşı olduğu məqamlarda onlardan aşağı-yuxarı təxminən 200-250 nəfər iştirak edir. Təbii ki, hansısa məsələsi gündəliyə daxil edilən, marağında olduğu məruzə səsverməyə çıxarılacaq ölkənin nümayəndələri irəlicədən hesablamalar da aparırlar ki, nəticə necə ola bilər, neçə nəfərin dəstəyini qazanmaq ehtimalımız var.
Strasburqa getməzdən öncə artıq irəlicədən aparılmış işlərin nəticəsi olaraq ilkin hesablamalarımız belə zənn etməyə əsas verirdi ki, tərəfdarlarımız azı 140-150 nəfər olmalıdır.
Ermənilərin də səsverməyə təsir göstərməkçün dünya boyu erməni lobbisinin bütün imkanlarından istifadə edərək mütəmadi əlləşmələrindən agah idik.
Elə Strasburqa yetişən kimi, hələ sessiya başlamazdan əvvəl yaxın, həmfikir, tərəfdaş saydığımız, dəstəyinə ümid bəslədiyimiz bir sıra AŞ PA üzvü dostlarımızdan aldığımız bilgilər anlatdı ki, vəziyyət xeyli mürəkkəbdir. Bütün deputatlara qarşı R.Volterin məruzəsi ilə bağlı ciddi basqı göstərilir və bundan ötrü ağla gələn və gəlməyən bütün qüvvələri səfərbər ediblər. Siyasətçilər, dövlət adamları, xristian birliyindən dəm vuran din xadimlərindən tutmuş pornoulduz Kim Kardaşyana və nağd pul təklifinəcən erməni lobbisi dünya boyunca hər söz, nüfuz, təsir sahibini AŞ PA deputatlarını yola gətirməyə yönəldib.
Sizi inandırıram, hətta bunca miqyaslı canfəşanlıqlar və cəlbetmələr belə nəticə etibarilə erməniləri istədiyinə çatdırmayacaqdı. Çünki R.Volterin məruzəsinin lehinə səs verəcəyini nəzərdə tutduqlarımızdan nə qədərini neytrallaşdırmağı bacarsalar da (kimi iclasa gəlmədi, kimisi bitərəf qaldı, kimisi zalda olsa da, ümumən səsvermədə iştirak etmədi, kimisi əvvəlki mövqeyinin əksinə səs verdi), yenə çoxluq bizim tərəfimizdə idi.
Sessiyalarda, adətən, məruzəni müəllif təqdim edir. M.Markoviç məruzəsini tutarlı əsaslandırmalarla özü təqdim etsə də, R.Volter artıq AŞ PA üzvü olmadığından, həmin məruzənin təqdimi deputat Mogens Yensenə tapşırılmışdı və o da əks cəbhənin adamlarından idi. Aydın məsələdir ki, o, məruzəni necə təqdim edəcəkdi! Söz yox, meydanda güclü siyasətçi R.Volter özü olsaydı, ssenari tamam başqa tərzdə cərəyan edəcəkdi və o, əleyhdarlarını yerində oturda biləcəkdi.
Təəssüf ki, sessiyaya qonaq kimi gəlib dəhlizlərdə gəzsə də, R.Volter artıq məruzəçi kürsüsündə deyildi və bu da nəticəyə təsir baxımından çox mənfi rolunu oynadı.
2 məruzə ətrafında müzakirələr başlandı və bizim nümayəndə heyətində 5 nəfər çıxışa yazılsa da, təkcə mənə söz demək növbəsi çatdı. Mənim o qısa vaxt içərisində hər 2 məruzə ilə bağlı sadəcə bəzi vacib nöqtələrə diqqət yönəltmək macalım oldu. Söylədim ki: "Avropa Şurasında müzakirəyə çıxarılan hər məruzə uzun araşdırma və təhlillərin nəticəsi olaraq yaranır. Təbii ki, mühüm bir problem üzrə məruzəni belə bir mötəbər auditoriyaya təqdim edən şəxslərdən mükəmməl siyasi və elmi səviyyə tələb olunur. Lakin hərdən elə mövzular da işlənilir ki, onlardan yazmaq, ümumən belə problemlər üzrə məruzəçi təyin edilməkdən ötrü siyasi dərinlik, geniş erudisiya azlıq edir. Çox həssas olan bir sıra mövzular var ki, həmin məsələlər üzrə məruzəçiliyi boynuna götürməkçün həm də iradə, qətiyyət, cəsarət lazımdır. Robert Volter və xanım Milisa Markoviçə bu baxımdan Assambleya üzvlərinin üçqat təşəkkürü düşür. Çünki münaqişə edən tərəflər arasında münsif missiyasını üzərinə götürmək, balanslaşdırılmış, obyektiv, ədalətli məruzə hazırlamaq yolunda çalışmaq hər iki məruzəçinin, sözsüz ki, mərd, cəsur, ötkəm şəxsiyyətlər olmasına dəlalət edir. Lakin üçqat təşəkkürün səbəbi odur ki, indiki halda həmin münaqişə tərəflərindən biri işğalçı Ermənistandır. Ermənistanın isə necə ipə-sapa yatmayan, dövlətçilik iradəsi öz əlində olmayan, inadla "ağ"a "qara" deyən, ona sərf etməyən məruzəçilərə müxtəlif kanallar və vasitələrlə aramsız həmlələr təşkil edən, onları ədalətli, obyektiv mövqelərindən yayındırmaq üçün hər hiylədən istifadə edən bir tərəf olması bizə uzaq və yaxın tarixdən yaxşı bəllidir. Vaxtilə burada 2005-ci ildə görkəmli siyasətçi, o zamanlar siyasi komitənin sədri olan Terri Devis Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar çox əhatəli və obyektiv bir məruzə hazırlamışdı. Cənab T.Devis Avropa Şurasına Baş katib seçildikdən sonra həmin məruzəni digər tanınmış siyasətçi Devid Ətkinson tamamlayaraq Assambleyada təqdim etdi. Hər iki məruzəçinin, xüsusilə Terri Devisin o dövrdə ermənilər və erməniçi qüvvələr tərəfindən məruz qaldığı həmlələr, hətta təhqirlər, təhdidlər unudulan deyil. AŞ PA-nın stajlı üzvləri bunları yaxşı xatırlayırlar. Bütün bunlar pozulması mümkünsüz tarixdir və tarixin hafizəsində bu da həmişəlik qalacaq ki, siyasət cırtdanlarının hədə-qorxusu, demaqogik haray-həşiri cənab T.Devisi haqq yolundan döndərə bilmədi. Nəticədə ciddi tarixi əhəmiyyəti olan qətnamə qəbul edildi. Forpost olduğunu ölkə prezidenti səviyyəsində çoxdan rəsmən etiraf etmiş Ermənistan, əlbəttə ki, öz gücü ilə deyil, onu kənardan yönəldən və dəstəkləyən qüvvələrin yardımı ilə Azərbaycan ərazilərinin 20 faizini zəbt edib. Beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları olduğu heç kəsdə şübhə doğurmayan Dağlıq Qarabağı, onun ətrafındakı daha 7 Azərbaycan rayonunu 20 ildən artıqdır ki, nəzarəti altında saxlayır. İndi biz burada müzakirələr apardığımız əsnada da Ermənistan hərbi birləşmələri işğal ərazilərini genişləndirməkdən ötrü sərhəd boyu Azərbaycanın dinc əhalisini atəşə tutmaqdadır. İşğal altındakı hər cür beynəlxalq nəzarətdən kənar ərazilərdə Ermənistan terrorçu düşərgələri yerləşdirir, narkotiklərin əkib-becərilməsi və tranziti ilə məşğul olur. Hər il məhsulu yığdıqdan sonra isə həmin ərazilərdə izi itirmək üçün yanğınlar törədir. Bu, hətta aerokosmik çəkilişlər vasitəsilə də isbat edilib, bütün bunlar ABŞ-da hazırlanmış xüsusi hesabatda da əksini tapıb. Çox da faktlar, sübutlar ortadadır. Ermənistan yenə özünə xas olan riyakarlıqla bütün bunları danır. Ermənistan Azərbaycan meşələrini vəhşicəsinə qırır, öz ərazisindən keçib Azərbaycana axan çayları məqsədli şəkildə bakterioloji, kimyəvi, nüvə tullantıları ilə zəhərləyir. Sərsəng su anbarının qarşısını nağıllardakı əjdahalar kimi kəsərək yay-qış yüz minlərlə insanın həyatını fəlakət həddinə çatdırır. Bunlarla əlaqədar inkaredilməz dəlillər, sübutlar ortaya qoyulur, Ermənistan deyir "xəbərim yoxdur". Müzakirə etdiyimiz hər iki məruzədə bu cür dəhşətli faktların yalnız kiçik bir hissəsi əhatə edilib. Yazılan hər cümlə, hər ifadə, hiss edilir ki, yüz dəfə ölçülüb-biçilib. Oxuduqca anlayırsan ki, məruzəçilər nə Ermənistanın, nə Azərbaycanın tərəfindədirlər. Onlar həqiqət, ədalət, obyektivlik mövqeyindən çıxış edirlər. Deməli, bu xeyirxah araşdırmaları ilə, mahiyyət etibarilə, həm Ermənistanın, həm Azərbaycanın tərəfindədirlər, həm o, həm bu ölkəyə kömək etmək istəyirlər. Ermənistan isə gözlərini kip-kip yumaraq, qulaqlarını bərk-bərk qapayaraq həqiqətləri görmək, eşitmək istəmir. Amma unudurlar ki, həqiqəti görmək, eşitmək istəməmək həqiqətin olmaması demək deyil. Reallıq hissini itirmiş Ermənistanın idarəçilərinə səslənirəm: qəflət yuxusundan ayılın, gözlərinizi və qulaqlarınızı açın, bu gözüyumulu gediş sizi artıq lap yaxınlıqda olan dərin uçuruma aparır. Gözlərinizi açanda bu gün müzakirə edilən məruzələri də ehtirassız, soyuq başla, diqqətlə oxuyun. Gələcək taleyinizlə bağlı çoxlu faydalı məqamlarla rastlaşacaqsınız!"
İclası AŞ PA-nın yeni seçilmiş prezidenti, Azərbaycan üzrə keçmiş həmməruzəçi Pedro Aqramun aparırdı. Mən sözümü bitirəndə sədr kürsüsündə onu Makedoniya nümayəndə heyətinin rəhbəri olaraq vitse-prezident vəzifəsini icra edən Aleksandr Nikolski əvəzlədi və oradan başladı ki, müzakirələri dayandırdı. Halbuki siyasi qruplar adından çıxışçılar da daxil olmaqla, vur-tut 9 nəfərə söz verilmişdi. Məsələni tələm-tələsik həll etmək ssenarisi işə düşmüşdü.
Ermənilər və onlarla bir olan bəziləri əvvəlcə R.Volterin məruzəsini yenidən işlənmək üçün komitəyə qaytarmaq təklifini irəli sürdülər. Səsə qoyuldu və bu təklif rədd edildi. 175 nəfər səsvermədə iştirak etdi. 74 nəfər məruzənin komitəyə qaytarılmasının lehinə, 83 nəfər əleyhinə, 18 nəfər bitərəf.
Ardınca məruzənin qəbulu məsələsi səsə qoyuldu.
Səsvermə bitdi. Zaldakı monitorlar işıqlanmadı.
Və iclası aparan qarşısındakı kompüterdə ilkin nəticələri, yəqin ki, görürdü və bu göstəricilərin onların məqsədinə müvafiq olmadığını bilincə əcaib bir elan etdi: "24 nəfər səs verməyib, xahiş edirəm onlar da səs versin".
Avropa Şurası saytında stenoqramları açsanız, bunlar öz əksini olduğu kimi tapıb. Nəticə elan edildi: 66 nəfər məruzənin qəbul edilməsinin lehinə, 70 nəfər əleyhinə, 45 nəfər bitərəf.
Möcüzə: səs verənlərin bir neçə saniyə qabaq 175 olan sayı "artıb" oldu 181 nəfər və bizə tərəfdar olan 83 nəfərin də miqdarı "azalıb" oldu 66.
Ən qaba tərzdə biabırçı saxtalaşdırmaya getdilər, ancaq bu, heç də Avropa Şurasında indiyəcən rastlaşdığımız ilk hal deyildi. Belə səsvermə fokusları başqalarına və bizə münasibətdə ötən illərdə də müşahidə edilmişdi.
Ertəsi gün Türkiyə nümayəndə heyətinin üzvlərindən biri rəsmən AŞ PA katibliyinə müraciət edir və məruzənin lehinə səs versə də, onun bitərəf kimi qeydə alındığını bildirir.
Kimdir baxan?! Məqsəd bu qərarı qəbul etmək idi, sistem öz əllərində, nəzarət öz ixtiyarlarında.
Guya real 5-10 səsin az, ya çox olması nəyisə həll edir? İstənilən halda maşınları "hesablama"nı elə aparacaqdı ki, nəticə onlara sərf edən olsun.
Guya Avropa Şurası balans gözlədi, guya istədi ki, erməni tərəfini də tam narazı salmasın. Halbuki söhbət hansısa tərəfin deyil, həqiqətin yanında olmaqdan gedirdi.
Robert Volter güclü siyasətçidir və son illərdə bu, Avropa Şurasında ona vurulan ikinci namərd zərbə oldu. Cari sessiyada AŞ PA sədri kürsüsü ilə vidalaşmış Ənn Brasördən əvvəl onun bu quruma rəhbər olmaq şansları lap çox idi. Amma o vaxt səssayma oyunu elə quruldu ki, R.Volter nəinki sədr seçildi, üstəlik, o vaxt tutduğu başqa vəzifələrini də itirdi.
Bu məruzə komitədə qədəm-qədəm irəliləmişdi, gərgin mübarizələrdə onun hər müddəasını qorumaq uğrunda söz, fikir çarpışmaları baş vermişdi və ingilis siyasətçi danılmaz dəlilləri, dəmir məntiqi ilə yazdıqlarını sətir-sətir sübuta yetirmişdi, mövqeyini qoruyub saxlaya bilmişdi. Komitənin qəbul etdiyi, təsdiqlədiyi mətn Assambleyaya təqdim olunmuşdu. Adətən, komitənin müsbət rəy verdiyi məruzələr də Assambleyada ciddi müqavimətlə üzləşmədən təsdiqlənir. Lakin bu dəfə nadir istisnalardan biri gerçəkləşdirildi. Həm bütövlükdə həqiqətə, həm də bir siyasətçi olaraq Volterin nüfuzuna zərbə endirmək məkri həyata keçirildi. Lakin əlahəzrət faktın qarşısında hər şey acizdir. R.Volterin faktlara, sübutlara əsaslanan, inkaredilməz dəlillər üzərində qurulduğundan çoxsaylı müzakirələrdən keçərək təsdiq olunmuş, Assambleyanın plenar iclasınadək gəlib çatmış məruzəsini daha tarixdən silə bilməzsən ki! O sənəd qalacaq və hələ zaman ötdükcə öz ifşaedici rolunu da çox oynayacaq.
Əslində, bu nəticə R.Volterin qələbəsi demək idi. Onun qələmi, sözü, məntiqi, təqdim etdiyi böyük həqiqətlər qarşısında aciz qalaraq saxtakarlığa getməkdən başqa çarə tapmadılar, səsvermənin nəticələrini təhrifə uğratdılar. Zənnimcə, həmin məruzənin mətninin Azərbaycanda da, xarici ölkələrdə də nəşr edilməsinə, saytlarda yerləşdirilməsinə, müvafiq şərhlərlə dünyaya daha yaxşı çatdırılmasına və ifşaçı rolunu oynamaqda davam etməsinə biz səylərimizi əsirgəməməliyik.
İkinci hesabatı, M.Markoviçin məruzəsini isə guya onlarçün daha az təhlükə daşıyan hesab etdiklərindən çox qısma-boğmaya salmadılar. Rahat keçdi. Amma bu, əks tərəfin dayaz təhlil ucbatından düşdüyü bir tələ idi, düçar olduğu bir xəta idi.
2016-cı il yanvarın 26-da qəbul edilmiş 2085 saylı AŞ PA qətnaməsindəki sarsıdıcı məqam ondan ibarətdir ki, bu mötəbər sənəd 2005-ci ildə qəbul edilmiş 1416 saylı qətnaməyə dayaq olmaqla yanaşı, bir qədər də irəli gedir. Birmənalı şəkildə göstərir ki, Dağlıq Qarabağı da, digər daha 7 Azərbaycan rayonunu da işğal edən məhz Ermənistandır. Yəni bu qətnamə Ermənistanın tez-tez verdiyi belə bir riyakar bəyanatı rədd edir ki, guya Dağlıq Qarabağ müstəqil bir qurum imiş və onunla tərəf kimi hesablaşmaq lazımdır.
2016-cı ilin AŞ PA qış sessiyasındakı bir incə məqam da var ki, mənzərənin tam aydın olmasından ötrü o barədə də bilgi bölüşmək zəruridir.
R.Volter və M.Markoviçin məruzələrinin müzakirə edildiyi günün ertəsi, yanvarın 27-də sessiyada beynəlxalq terrorizmə həsr edilən iki məruzənin müştərək müzakirəsi aparılırdı: "Avropa Şurasının standartları və dəyərlərini qoruyaraq beynəlxalq terrorizmə qarşı mübarizə", bir də "Suriya və İraqda əcnəbi döyüşçülər". Məruzələr ətrafındakı müzakirədə iştirak edən deputatlar bir-birini əvəz edirdi. Növbə mənə çatdı. Həmin gün müəyyənləşdirilmiş reqlamentə uyğun olaraq hər danışanın 3 dəqiqə vaxtı vardı.
Bu qısa müddət ərzində mümkün qədər çox mətləbləri ifadə etmək və Ermənistanın yalnız təcavüzkar deyil, həm də beynəlxalq terrorizmdə xüsusi payı olan bir ölkə olmasını çatdırmaqçün bir sıra faktları sadalayaraq dedim: "Nə qədər paradoksal səslənsə də, insanları böyük sevinclərdən daha çox böyük dərdlər yaxınlaşdırır, qovuşdurur. Ümumən yaxşı müharibə yoxdur. Amma hər halda terrorizm müharibələrin ən pisidir. Bu, insanla insanın qarşı-qarşı durduğu savaş deyil. Bu, iblisin insana, insanlığa qarşı ölüm yürüşüdür. Ona görə də terrorun və terrorçunun vətəni və milliyyətinin olmaması haqda məlum düşüncəylə müəyyən qədər razılaşmaq mümkündür. Amma tamam yox. Axı terrorizmi özünün dövlət siyasətinə çevirən, terrorizmi fəal şəkildə dəstəkləyən ölkələr də var. Həm də uzaqda yox, elə bizim Avropa Şurası ailəsinin içərisində. Bu gün biz İraqda, Suriyada döyüşən əcnəbi muzdlular, Avropadan kənardakı terror birlikləri haqqında fikir bölüşürük. Avropadan kənarda baş verən proseslər olsa da, təbii ki, biz bu bəlaya biganə qala bilmərik. Çünki biganə qalsaq, səsimizi qaldırmasaq, gec-tez o zərbələr bizə sarı yönələcək və artıq yönəlir də. Lakin biz fikir mübadilələrimizin, qəbul edilən qərarların, insanlıq əleyhinə olan bu fəlakətə qarşı mübarizəmizin sadəcə söz olmamasını, əmələ çevrilməsini istəyiriksə, gərək məsələlərə hər cəhətdən obyektiv, qərəzsiz, vicdanlı yanaşaq. Bizim sıralarımızda beynəlxalq terror şəbəkəsi ilə bilavasitə bağlı olan, terrorizmi açıq şəkildə dəstəkləyən, daha artıq, terrorizmi özünün dövlət siyasətinə çevirən ölkə var. Biz terrorizm əleyhinə mübarizədən bəhs edərək bu mövzuda söhbətləri dərhal Ermənistandan başlamırıqsa, demək, riyakarlıq edirik. Bu haqda mən xəbərdarlığı çoxdan etmiş, həyəcan siqnalını hələ 14 il əvvəl vermişdim və 2002-ci il iyunun 14-də hazırladığım 9489 saylı "Azərbaycan Respublikasının işğal altındakı ərazilərində Ermənistanın himayədarlıq etdiyi terrorçu təşkilatlar şəbəkəsi" adlı tövsiyə üçün təklifdə həmin beynəlxalq terror birləşmələrinin adlarını bircə-bircə sadalamışdım. Nəticə nə oldu? Beynəlxalq nəzarətdən kənar olan ərazilərdə təcavüzkar Ermənistanın yerləşdirdiyi terrorçuların təlim düşərgələri, oradakı ölüm cəngavərlərinin tam sərbəst hərəkət imkanının qarşısının alınması üçün heç bir tədbir görülmədi. Çox keçmədi ki, həmin düşərgələrdə təlim keçmiş ASALA, "Gənc ermənilər ittifaqı", "Erməni azadlıq hərəkatı", "İsveç qrupu", "Erməni birliyi", "Orli qrupu", "Vartan cəngavərləri" və digər erməni mənşəli beynəlxalq terror qruplaşmaları Avropada, Yaxın və Orta Şərqdə, Şimali Amerikada yeni-yeni terror aktları törətdi. Ermənistanın nəzarətində, lakin beynəlxalq nəzarətdən kənarda olan həmin ərazilər bu gün də beynəlxalq terror şəbəkəsinə xidmət üçün açıqdır, narkotiklərin becərilməsi, tranziti üçün ən münasib məkandır. Avropa Şurası da, BMT də haradasa məchul uzaqlarda terrorçuları arayır. Ermənistanın dövlət səviyyəsində terrorizmi dəstəkləməsi, terrorizmi öz dövlət siyasətinə çevirməsi, beynəlxalq terror şəbəkəsi ilə bilavasitə bağlılığının çoxlu sübutları var, bunların xeyli hissəsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarında da əksini tapıb. Mən sadəcə bircəsini diqqətinizə çatdırıram. Erməni mənşəli Amerika vətəndaşı, dünya terror şəbəkəsinin məşhurlarından olan Monte Melkonyanın 1983-cü il iyulun 15-də Parisdə, Orli hava limanında törətdiyi terror aktı nəticəsində zərər çəkən 60 insanın bir qismi həlak oldu, bir qismi yaralandı. Fransa polisi M.Melkonyanı tuta bildi və ona 6 il həbs cəzası kəsildi. Ancaq o, az sonra müəmmalı bir şəkildə Fransadan kənarda üzə çıxdı, Ermənistana gəldi. Ermənistan dövləti isə bu terrorçunu ölkənin ən ali rəsmi təltifinə layiq görərək ona milli qəhrəman adı verdi. Necədir sizinçün?!"
Danışa-danışa hiss edirdim ki, iclası idarə edən, Hollandiya nümayəndə heyətinin rəhbəri olduğundan hazırda Parlament Assambleyasında vitse-prezidentlərdən birinə çevrilmiş xanım Ria Oomen-Ruijten narahatdır, açıq-aşkar qəzəblənib və yanında oturmuş katiblik nümayəndəsi ilə nəsə məsləhətləşir. Mənimçün ayrılmış vaxtın bitməsinə hələ 30 saniyə qalmasını monitorda görürdüm, lakin daha sədr xanımın erməni ifşasına dözməyə səbri çatmadı və mikrofonumu bağlayaraq sözümü kəsdi ki, siz mövzudan danışmırsınız.
Mən onun mikrofonu bağlamasına baxmayaraq, bütün zalın eşidəcəyi və mikrofondan gələ biləcəkdən də uca səslə dərhal etiraz etdim ki, əvvələn, mən bilavasitə mövzudan danışıram. Çünki söhbət beynəlxalq terrorizmdən gedir və mən də Ermənistanın hətta mənim ölkəmə qarşı törətdiyi çoxsaylı terror aktlarından deyil, bu sahədə dünya miqyasındakı cinayətlərindən danışıram. İkincisi də, mənim üçün ayrılmış vaxt bitməyib, bu müddət ərzində fikrimi ifadə etmək mənim hüququmdur və sizin mənim danışığımı yarımçıq qıraraq dediklərimi nə şəkildəsə şərh etmək, münasibət bildirmək ixtiyarınız yoxdur.
Xanım Ria Oomen-Ruijten aranı qarışdırmaq, guya doğrudan da mənim mövzudan kənara çıxdığımı sübut etmək üçün "dost köməyi"nə müraciət etdi. Əlini iki məruzəçidən birinə, Azərbaycana qarşı bədxah münasibətilə özünü çoxdan ifşa etmiş öz həmyerlisi Peter Omziqə uzatdı. O da ayağa qalxaraq "Mövzumuz "Suriya və İraqda əcnəbi döyüşçülərdir" söylədi. Yenə etiraz etdim: "İndi müştərək müzakirələr keçirilir. Birinci, əsas mövzu isə Avropa Şurası standartlarını qoruyaraq beynəlxalq terrorizmə qarşı mübarizəyə həsr edilib. Əslində, sizin dediyiniz ikinci mövzu da bunun tərkib hissəsidir. Ona görə də iradlarınızı qətiyyən qəbul etmirəm. Hüququmu tapdalamayın, mane olmayın, imkan verin sözümü başa çatdırım".
Bu dəfə xanım "Artıq vaxtınız bitib" dedi. "Bitib, ona görə ki, vaxtımı siz qəsb etdiniz" deyərək çıxışımı tamamladım: "Beynəlxalq terrorizmin klassiklərindən olan erməni terrorizminin müasir dövrdə bir dırnaqarası nailiyyəti də var. Dünya siyasətşünaslığında erməni terrorizmi artıq ayrıca bir istiqamət kimi öyrənilir və bu haqda müxtəlif dillərdə yüzlərlə ciddi araşdırma, kitablar və məqalələr yazılıb. Niyə bəs dünya birləşərək bu təhlükəyə qarşı qətiyyətli addımlar atmır? Niyə həmişə gecikir, bəd hadisələr baş verəndən sonra hərəkətə gəlirik? Bəs bu barədə Avropa Şurası niyə kəskin sözünü demir? Eynəyimiz yaxşı göstərmir, ya Ermənistan, onun himayə etdiyi beynəlxalq erməni terror şəbəkəsi gözəgörünməzdir?"
Bütün bu deyişmə mikrofonsuz davam etsə də, ertəsi gün nəşr edilən stenoqramda bir qədər ixtisar edilmiş və yumşaldılmış şəkildə olsa da, əksini tapdı. Bunu da məcburiyyət qarşısında etdilər. Çünki mən Avropa Şurası Baş katibinə və AŞ PA Prezidentinə bu insidentlə bağlı kəskin şikayət ərizəsi ilə müraciət etmişdim və bu da katibliyi vadar etmişdi ki, bir az özlərini yığışdırsınlar və ehtiyatlı davransınlar.
O şikayət məktubuma az sonra qayıdacağam, hələliksə dönürəm yenə xanım Ria Oomen-Ruijtenin idarə etdiyi həmin müzakirələrə. Bir neçə nəfər çıxış edəndən sonra növbə yenə Azərbaycan nümayəndəsinə çatdı. Deputatımız ümumi mətləblərdən danışdıqdan sonra sözünü Ermənistan tərəfə yönəldincə xanım onu da kobud şəkildə dayandırdı ki, bu məsələlər mövzuya aid deyil. Mən, heç olmazsa, Ermənistanı ifşa edən dəlilləri kifayət qədər səsləndirmişdim və belə sayqısızlığı özünə bağışlamayan xanım bu dəfə elə erməni məsələsinə toxunulunca hərəkətə keçməyi qət etmişdi. Sonda isə lap ağ elədi. Daha bir Azərbaycan deputatı danışmağa başlamazdan əvvəl ona xəbərdarlıq etdi ki, mövzudan kənara çıxsanız, mikrofonu bağlayacağam. Yəni Ermənistanın, erməninin adını belə çəkmə.
Bütün bunlar artıq çox arzuolunmaz simptomlar idi. Aşkar duyulurdu ki, dünənki iclasdan sonra, R.Volterin məruzəsinin qarşısını kəsməyə nail olandan sonra Avropa Şurasında erməni lobbisinin və onlara havadar olan qüvvələrin ələ keçirdiyi deputatlar qrupunun ağzında şirə qalıb, ayaqları əməlli-başlı yer alıb və indi hətta ümumən "Ermənistan" sözünün bizim tərəfimizdən tənqidi bir şəkildə dilə gətirilməsinə belə imkan vermək istəmirlər.
Dayanmaq olmazdı. Ona görə də gecə ilə bütün bunlara etirazımızı ifadə edən sərt şikayət məktubu yazaraq səhər tezdən Avropa Şurası rəhbərliyinə təqdim etməyi qətiləşdirdim.
Avropa Şurası rəhbərliyinə məktubumda yazırdım: "2016-cı il yanvar ayının 27-də Parlament Assambleyasının plenar iclasında beynəlxalq terrorizmə qarşı mübarizəyə həsr edilən 2 məruzənin birgə müzakirəsi zamanı iclasa sədrlik edən xanım Ria Oomen-Ruijten tərəfindən Avropa Şurasının norma və prinsipləri kobud şəkildə pozulmaqla mən açıq təhqirə məruz qoyulmuşam. Qəbul edilmiş qaydalara müvafiq olaraq ayrılmış 3 dəqiqə ərzində bilavasitə müzakirə edilən mövzular ətrafında fikirlərimi ifadə edərkən xanım Ria Oomen-Ruijten kobud şəkildə sözümü kəsmiş və mənə nitqimi başa çatdırmağa imkan verməmişdir. Xanım Ria Oomen-Ruijten belə bir addımı atmaq üçün açıq saxtakarlıq edərək guya mənim mülahizələrimin müzakirəyə çıxarılmış mövzu ilə əlaqədar olmadığını bəhanə gətirmişdir. Mən həqiqətə zidd olan belə bir qeyri-real əsaslandırmanı qətiyyətlə rədd edirəm və Assambleyada, mikrofonsuz olsa da, dərhal bu fikrimi bildirmişəm.
Mən, müzakirənin mahiyyətinə tam uyğun olaraq, terrorizmin bütün bəşəriyyət üçün təhlükə olması, ona qarşı mübarizənin hamı tərəfindən birgə aparılmasının zəruriyyətindən bəhs etdikdən sonra beynəlxalq terror şəbəkəsində xüsusi qorxulu yeri olan erməni terrorizmi ilə bağlı konkret faktları sadalamışam. Ayrıca vurğulayıram ki, həm də mən Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi, saysız nümunələri olan qanlı terror əməllərindən deyil, erməni terrorizminin dünya miqyasındakı dəhşətli cinayətlərindən, konkret olaraq Fransada törətmiş olduğu terror aktı barədə məlumat vermişəm.
Xanım Ria Oomen-Ruijtenin məndən az sonra söz alan Azərbaycan nümayəndə heyətinin digər üzvünün də bilavasitə mövzu ilə bağlı çıxışını yenə natiq beynəlxalq erməni terrorizmi probleminə toxununca kobud şəkildə yarımçıq kəsməsi artıq bunun tendensiya səciyyəsi daşıması, xüsusi gizli məqsədlərə xidmət edən qərəzli bir hərəkət olması nəticəsini çıxarmağa imkan verir.
Xanım Ria Oomen-Ruijten ona verilmiş səlahiyyət və imkandan subyektiv şəkildə, həm də qaba bir tərzdə istifadə edərək açıq şəkildə erməni təəssübkeşliyi nümayiş etdirmiş və ən təəccüblüsü də budur ki, əslində, Ermənistanın və erməni xalqının deyil, ümumi düşmənimiz olan beynəlxalq erməni terrorizminin müdafiəçisi və lobbiçisi kimi çıxış etmişdir. Bütün bunları nəzərə alaraq bəyan edirəm: belə bir davranış Avropa Şurasının qəbul edilmiş norma və prinsiplərinə, davranış normalarına, bütövlükdə insan hüquqlarına daban-dabana ziddir. Nəyi demək olar, nəyi demək olmaz kimi yanaşma artıq açıq şəkildə Avropa Şurasında birbaşa siyasi senzuranın tətbiqi deməkdir və uğrunda mübarizə apardığımız demokratiya ölçülərinə tam zidd olan belə halların ortaya çıxması çox təhlükəlidir. Bu, Avropa Şurası tribunasından rəsmi vəzifə və səlahiyyət sahibinin, indiki halda konkret olaraq xanım Ria Oomen-Ruijtenin açıq lobbiçilik etməsi nümunəsidir və bu biabırçı cəhdin mütləq siyasi qiyməti verilməlidir. Xanım Ria Oomen-Ruijtenin tam ədalətsiz, qeyri-obyektiv, qanuna zidd olan əməlini müdafiə edən kimlərsə tapılarsa, bu, özünüifşaya çevriləcək, onların da eyni şübhəli və təmiz olmayan xəttə xidmət etdiklərini nümayiş etdirəcəkdir. Ali məqsədi insan hüquqlarını qorumaq olan bir təşkilatda bu hadisə ən yüksək səviyyədə həyata keçirilmiş insan haqlarına hörmətsizlik nümunəsidir və bir fərd, bir deputat olaraq mən belə haqsızlıq və həqarətə dözə bilmərəm. Mən öz tam qanuni haqlarımın 15 il üzvü olduğum və ümumi işinə ürəkdən xidmət etdiyim, tərəqqisinə mümkün töhfələrimi verdiyim təşkilatda belə təhqiramiz şəkildə pozulmasına ən kəskin etirazımı bildirirəm. Mən xanım Ria Oomen-Ruijtenin Avropa Şurasının norma və prinsiplərini, qəbul edilmiş Nizamnamə tələblərini pozduğuna, məni açıq şəkildə təhqir etdiyinə, kobud formada hüquqlarımı tapdaladığına görə dərhal rəsmi şəkildə üzr istəməsini tələb edirəm. Belə bir qanunazidd hərəkətə yol vermiş xanım Ria Oomen-Ruijtenin bundan sonra AŞ PA iclaslarını idarə etməsini ziyanlı, məqsədəuyğun olmayan hal hesab edirəm. Baş vermiş insident çox təhlükəli və gələcəkdə AŞ PA-nın işində ciddi əngəllər yarada biləcək məyusedici bir presedentdir və belə halların bir daha təkrarlanmaması üçün zəruri addımlar atılmalıdır. Mən baş vermiş bu hadisə və Avropa Şurasında indiyədək müşahidə etdiyim digər bu qəbil pozuntular haqqında beynəlxalq kütləvi informasiya vasitələrində mövqeyimi ifadə etmək haqqımı özümdə saxlayıram".
Bu etiraz məktubuna sessiyanın son günü AŞ PA Prezident komitəsinin iclasında ayrıca baxıldı və biz bir sıra başqa ölkələrdən olan həmkarlarımızla apardığımız danışıqların nəticəsi kimi yaz sessiyasında həmin məsələylə əlaqədar ayrıca yazılı bəyannamə da hazırlamağı qət etmişik.
Avropa Şurası da, digər beynəlxalq təşkilatlar da, əslində, bir döyüş meydanıdır. Həqiqətlərimizin ifadəsi, haqlarımızın qorunması yolunda ardıcıl, dönməz olmaqsa bizim milli vəzifəmizdir. 2016-cı ilin AŞ PA qış sessiyası Azərbaycan üçün yetərincə uğurlu oldu. Amma hər arxada qalan mərhələ həm də növbəti dərslərini verir.
Nədən ibarətdir o ibrətlər?
Baş vermişləri saf-çürük edərək düşünürsən ki, nailiyyətimiz bundan da artıq ola bilərdimi, nə etsə idik, nəyi etməsə idik, bəlkə bir addım da irəli gedərdik. Bu barədə hər dəfə mütləq götür-qoy etməliyik. Axı Avropa Şurasına 2001-ci ilin yanvar günlərində bizi ilk dəfə yola salan, elə bu qəbil öyüdlər verən unudulmaz Heydər Əliyev olub! Axı mübarizəli yolumuzun başlanğıcında heyətimizin ilk rəhbəri və məhz belə meyarlarla düşünüb hərəkət etməyi bizə öz şəxsi nümunəsi ilə göstərən Prezident İlham Əliyev olub!
Bütün sahələrdə, o cümlədən, siyasətdə daha böyük uğurların açarı nədir?
Sadədir, amma ona əməl etməyə təpər, dəyanət gərəkdir.
Gərək təmənnasız olasan, fədakar olasan, düşünəsən ki, gördüyün ən misilsiz işlərdə də qəhrəman sən deyilsən, dövlətindir, xalqındır, öndə olan onun nüfuzudur, ümdə maraqlarıdır. Gərək fəhləlikdən hürkməyəsən, ən çox əməklər sərf edib kölgədə qalmaqdan çəkinməyəsən, qısqanclıq mərəzindən uzaq olasan, birdən məni yox, bir başqasını daha tez görüb dəyərləndirərlər xofu ilə yaşamayasan, şöhrətinə kiminsə şərik ola biləcəyindən qayğılanmayasan, gərək "sağ ol"un, "əhsən"in böyüyü barədə yox, işin ən irisindən yapışmağın haqqında fikirləşəsən.
Ortada millətəxeyir əməlin varsa, onsuz da görünəcək, bilinəcək, gec-tez mütləq etiraf ediləcək.
Gərək Vətən, Dövlət, Millət naminə görülən işlərdə, atılan addımlarda bütün sözü keçən, gücü yetən qurumlar əl-ələ, çiyin-çiyinə dura, bir ola, qüdrətə çevrilə bilə!
Bunlar təkcə yaxşı adam olmağın deyil, elə kamil millət, yenilməz dövlət olmağın da təməl şərtləridir.
Bu düsturlara hər gün əməl edək! Zəfərlər bizimlə olacaq!