|
|
|
|
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,
fəlsəfə elmləri doktoru, professor
Azərbaycanın güclü dövlət olması üçün bütün fəaliyyət ilk növbədə Azərbaycan vətəndaşının hərtərəfli və güclü inkişafının təmin edilməsinə yönəlmişdir və siyasi liderimiz bunu ardıcıl olaraq bəyan edir.Təbii olaraq sual yaranır: vətəndaş olaraq dövlərimizin bu həssaslığına kifayət dərəcədə qarşılıqlı cavab verə bilirikmi? Hüquqlarımız qədər öhdəliklərimiz barədə də təsəvvürlərimiz varmı?
Son günlər cəmiyyətdə müzakirə edilən məsələlərin müşahidəsi bu sualları cavablandırmaq üçün bir sıra qənaətlərə gəlməyi mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan xalqı, vətəndaşı, gənci bu illərdə olduğu kimi yenə də öz dövlətinin yanındadır. İkinci qənaət isə onu deməyə imkan verir ki, cəmiyyətdə, xüsusilə gənclər sırasında milli təəssübkeşliyin və tarixi yaddaşın möhkəmləndirilməsi, vətənpərvərliyin tərbiyəsi səhəsində səylərimiz daha intensiv olmalı, sistemli şəkildə həyata keçirilməlidir. Ehtimal olunan hər cür cəhdlərə qarşı sarsılmaz mənəvi müqavimət formalaşmalıdır. Bu istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də cəmiyyətdə “vətəndaş olmaq nə deməkdir” sualına dair aydın təsəvvürlərin formalaşmasıdır.
Dövlət və Vətən vahid tam təşkil edən anlayışlardır.Vətəndaş olmaq böyük hüquq və nemətdir. Vətəni sevmək- birmənalı olaraq dövləti sevmək deməkdir. Vətənini sevən vətəndaş-güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir.
Tarixdən məlum olan həqiqətdir ki, Vətəni, məmləkəti “dövlət” zirvəsinə ucalda bilmək vətənini sevən insanların-vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən və qüdrətli ölkəyə çevirənlər, həm də dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər. Bu həmişə belə olub və və belə olacaq.
Bu Vətəni bizə tanrı bəxş edib, əcdadlarımız, tarixi şəxsiyyətlərimiz onu qoruyub, saxlayıb. Bu dövləti isə- suveren Azərbaycanı 90-cı illərin əzab-əziyyəti ilə xalqla çiyin-çiyinə dahi siyasət öndəri-ümummilli lider Heydər Əliyev yaradıb.Taleyin möcüzəsi kimi ulu öndərin memarı olduğu müstəqil dövlətçiliyimiz qurulub və tarixdə ilk dəfə özünü “müstəqil Azərbaycan vətəndaş” adlandıra biləcək yeni nəsil yaranıb.
Ən böyük azərbaycanlı olan Ulu Öndərin 18 oktyabr 1993-cü il tarixdə Azərbaycanın Müstəqillik Gününun 2-ci ildönümü münasibətilə xalqa təbrikini yada salanda onun vətəndaş və dövlət münasibətlərinə verdiyi dəyər gözümüz önündə canlanır. O zaman müstəqillik o qədər kövrək, dövlətin taleyi o qədər qeyri-müəyyən idi ki, ümummilli lider Heydər Əliyev öz təbrikini müraciət üstündə-müstəqil olmaq istəyən vətəndaşlara xitab üzərində qurmuşdu: “Hörmətli həmvətənlər! Bu gün Azərbaycanın həyatında əlamətdar gündür-Dövlət müstəqilliyinin 2-ci ildönümüdür. Mən bu əlamətdar gündə, respublikamızın bütün vətəndaşlarına müraciət edirəm. Bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm. Mən bu gün Azərbaycan Silahlı Qüvvələrinə, Vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Biz taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi etmək qarşımızda duran əsas vəzifələrdir. Bir dövlət başçısı kimi mən bu vəzifələri özümün ümdə vəzifələrim hesab edirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər bir sakini bunları özünün şəxsi vəzifələri hesab edəcəkdir. Bu ümidlərlə sizə həyatınızın bütün sahələrində uğurlar diləyirəm.”
Bəzən Vətən və dövlət anlayışlarını ayırmaq cəhdlərini görürük. Gerçəklikdə isə bu anlayışların bir-birindən təcrid edilməsi mümkün deyil, yaxud da söz oyunudur. Üstəlik də əgər əməllərdə təzahür edirsə-onun adı Vətənə xəyanətdir.
Ümumən qəbul edilmiş elmi qənaətə görə, vətəndaşlıq- insan və dövlətin qarşılıqlı öhdəliklərində ifadə olunan davamlı siyasi-hüquqi münasibətləri, bağlılığı deməkdir. Vətəndaşlıq bu cür imkanları olmayan digər insanlarla müqayisədə müəyyən hüquqlara və vəzifələrə malik olmaq deməkdir. Buna görədir ki, hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarından və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir.
Vətəndaş-dövlət münasibətlərinin tarixi qədimdir. Maraqlıdır ki, müasir sivilizasiyanın yarandığı qədim Romada əhalinin yalnız 10 faizi vətəndaşlar hesab edilirdi.Afina demokratiyasında vətəndaşlığa qəbul etmək təntənəli mərasimlə müşayiət olunduğu kimi, “şəhər-dövlət” (polis) əleyhinə törədilən əməllərə görə də vətəndaşlıqdan ömürlük məhrum da edilirdilər.
Bu baxımdan dövlət-vətəndaş münasibətlərində də tarixən fədakarlıq və qəhrəmanlıqla yanaşı, eyni zamanda qarşılıqlı irad və tənqidlər də olub və olacaq. Ən başlıcası odur ki, Vətənin qüdrətli dövlət olması naminə edilən təşəbbüslər qarşılıqlı olaraq onun möhkəmlənməsinə xidmət edib.
“Vətənsizlər , bayraqsızlar”
Dünyada elə dəyərlər var ki, onları seçmirlər. Bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq olar. Bu doğulduğun Vətən, vətəndaşı olduğun dövlət, mənsub olduğun millət, mənəvi prinsiplərindir! Yəni onları seçim etmək mümkün deyil. İnsanları vətən amili birləşdirir. Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən Vətən sarsılmaz edir. Lakin təbii ki, bu həmin mənəvi birlik formasının-dövlətin dəyərini anlayanlar üçündür.
Postmodern qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarının dəbdən düşmüş mövzu hesab edənlər də var. Xüsusilə də bu insanlat kateqoriyasına mənsub olanların isnad etdiyi, daha doğrusu təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada vətən və dövlət anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşı öz Vətəninə xidməti hər şeydən öndə qoyur.
Lakin qeyd etdiyimiz kimi, seçimi mümkün olmayan dövlətçilik dəyərlərini seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların “vətənsiz və bayraqsız”, dövlətini və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə “missiya” seçirlər.
Onlar özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız Azərbaycan əleyhinə olduqları üçün maliyyə mənbələrini tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə “dövlətçilik dəyərlərinin inkarı” yoxdursa, deməli orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var.
Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabər hüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünün tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər. “Dünyanın paytaxtı” kimi etalon hesab etdikləri xarici dairələrin buyruqlarını yerinə yetirmək üçün bu “əyalət düşüncəsinin” sahibləri dəridən-qabıqdan çıxırlar. Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bossları ilə təmasda olmaqla “demokratik” hesab edənlərin əslində “əyalət düşüncəsi” ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətinə xidmət edir. Başqa məsələdir ki, ona öz dövlətinə xidmət etməsi üçün “xidmətçilər”, onun ölkəsini dünyanın paytaxtı, özlərini isə asılı hiss edən isə əyalət təfəkkürlü buyuruq qulları lazımdır. Bu məqsədlə istifadə etdiyi Azərbaycandakı, yalnız ad və soyadlarından azərbaycanlı olduqları, mənəviyyatca xəyanətə, erməniliyə xidmət edənlər tapmaq çətin deyil.
Məsələ burasındadaır ki, kimin üçünsə Vətən, dövlət, vətəndaşlıq anlayışları ayrılmaz vəhdət təşkil edir, kimin üçün isə bunlar başqa-başqa şeylərdir.
Reallıqda aramızda bu illərdə özünü vətəndaş adlandıran, eyni zamanda, dövlətçiliyə qarşı çıxmağı peşə seçən adamlar da var. Ən dözülməz vəziyyət onda yaranır ki, onlar vətən, dövlət haqda gəlişi gözəl sözlər söyləyir, onun adından sui-istifadə edərək Vətənə xəyanət sayılan addımlar atırlar.
Digər paradoks ondan ibarətdir ki, öz partiyalarının, hərəkatlarının adında “vətəndaş” sözündən gen-bol istifadə etməyə üstünlük verirlər. (Bu yaxınlarda dövlətçilik əleyhinə əməllərdə ittiham edilən “Nida” Vətəndaş Hərəkatı kimi). Lakin bu sözün mahiyyətini dərk edirlərmi?
Gecə-gündüz dövlətin onlar üçün etməli olduqlarına dair iddialar səsləndirən bu adamlar bir dəfə də olsun özlərinə sual vermirlər: onlar vətən üçün nə isə ediblərmi?
Belə insanların sayı xoşbəxtlikdən az olsa da bu cəmiyyəti və ziyalıları düşündürməlidir. Çünki məhz bu kateqoriyadan olanlar Azərbaycan xarici və daxildə dövlətinin güclənməsini istəməyən, onun əleyhinə çalışanların başlıca hədəfini təşkil edirlər. Həmin qüvvələr onlarla həm ideoloji, həm də praktiki olaraq ciddi şəkildə işləyirlər.
Bilərəkdən və bilməyərəkdən, dövlət və xalq, Vətən və vətəndaşlıq anlayışlarını süni şəkildə bir-birindən ayıraraq düşmənçilik mövqeyində dururlar. Hələ sadalanan anlayışların mahiyyətini və mənasını tam dərk etməyən neçə-neçə gəncləri yanlış yola salaraq, onların arxasında gizlənmək-bundan böyük rəzalət ola bilməz! Bəlkə də o gənclər öz həyatlarında böyük işlər görə bilərdilər. Lakin nə təhsil, nə karyera imkanlarını sınamağa fürsət verməyərək cinayətkarlığa , xəyanətə sövq edirlər. Ən dəhşətlisi odur ki, taleyindən xətt çəkilən bu insanların düşdüyü vəziyyətə görə heç bir məsuliyyət daşımırlar.
Bu gün müstəqil dövlətimizin ərazi bütövlüyü pozulub, Vətənimizin bir parçası işğal edilib. Pafosdan çox uzaq olaraq demək istərdik ki, Vətən təəssübkeşi olan, onun ağrısını hiss edən hər bir azərbaycanlı üçün bu ümummilli problem hər şeydən öndədir. Müharibə şəraitində yaşayırıq. Xain düşmən gülləsinə tuş gələn, atəşkəsin pozulması nəticəsində həlak olan əsgərlərimiz də, Milli Qəhrəman zirvəsinə yüksələn Mübariz kimi oğullarımız da var.
Hüquqi baxımdan şəxsiyyət vəsiqəsinin olması-avtomatik olaraq vətəndaş olmaq deyil
Bu gün demokratik dövlətdə yaşayırıq və şəxsiyyət vəsiqəsi alan hər kəs ən azında de-yure olaraq Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı vətəndaş olmaq missiyasının dərk edilməsi barədə düşünülmür.Yəqin xatırlatmağa dəyər ki, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək xüsusiyyət kimi “vətəndaş” sözünü işlədirik. Məsələn xalqına xidmət edən görkəmli insanardan söz aşanda “ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş” deyimlərinə rast gəlirik. Bu hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqiatçı, siyasətçi olmaqla yanaşı, ilk əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.
Vətəndaşlıq-yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu bütöv bir anlayışdır və sözün kökündəki vətən kimi mənəvi anlayışla bağlıdır.Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənlərini sevmədən vətəndaş sayıla bilməz. Vətəndaş-mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını itirmiş olur....
Son iki ildə ciddi-cəhdlə toplanmasına çalışılan etiraz enerjisinin çəkisi heç kilobaytla belə öçülmədi. Gəncləri “şəbəkə toruna” salmaq cəhdləri də uğursuzluğa düçar oldu. Şəbəkə toru ilə balıq torunu bənzətsək “bulanıq su” yada düşür. Sabitliyin pozulması ilə “ suyu bulandırmağa” cəhd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrə səfəri zamanı bu mövzuya toxunaraq qeyd etmişdir: “Sosial şəbəkələr nisbətən yeni bir anlayışdır, dünyada geniş şəkildə yayılır. Mən çox istərdim ki, ilk növbədə bu şəbəkələrdən informasiya, bilik əldə edilməsi üçün istifadə olunsun.Eyni zamanda çox istərdim və xüsusilə mənim gənclərə müraciətim ondan ibarətdir ki, ölkəmiz haqqında dolğun məlumatı bax bu sosial şəbəkələr vasitəsilə dünyaya çatdırsınlar. Çünki bəzi hallarda Azərbaycan haqqında qəsdən formalaşdırılan rəy reallıqla tamamilə ziddiyyət təşkil edir”.
Son hadisələrin baş verməsi onun təşəbbüskarlarının milli heysiyyət anlamına, dövlətçilik duyğusuna, insanların faciəsinə, vətəndaşlıq prinsiplərinə nə dərəcədə sadiq olduqlarına bir daha nəzər salmağa imkan verdi. Cəmiyyət bir daha əmin oldu ki, mənəviyyatın və əxlaqın fövqündə olan əməllərlə faciədən şou düzəldənlər insanlıq duyğusundan məhrumdur.
Dövlətimizlə, onun dayağı olan milli ordumuzla bağlı faciələrdən siyasi məqsədlərə xidmət edən “şok soular düzəltməklə”, məqsədyönlü şəkildə mənfi ictimai rəy formalaşdırmaqla hara qədər gəlmək olarsa artıq gəliblər. Halbuki, Azərbaycan cəmiyyəti üçün, xüsusilə də müharibə şəraitində yaşayan bir dövlət kimi pozitiv ictimai rəyin formalaşması taleyüklü məsələdir...
İnamımız milli gücümüzə çevrilir
XX əsrin 30-cu illərində amerika xalqı F.Ruzveltə, 50-ci illərdə alman xalqı Konrad Adenauerə inandı. 90-cı illərdə isə azərbaycan xalqı ümummilli lider Hedər Əliyevə, bu gün onun müstəqillik siyasətinin davamçısı- Prezidenti İlham Əliyevə inanır. Dövlət başçısının cəmiyyətimizdə, Azərbaycanın isə dünyada imici, artan şöhrəti hələ onların çox rahatsız edəcək. Çünki bu nüfuz və güc, xalqın etimad və dəstəyi kimi heç nə ilə müqayisə edilməyən kapitala, uğurlarımıza konvertasiya olunur.
İngiltərərənin məşhur humanist yazıçısı Uilyam Hezlit insanların şəxsiyyətlərə, liderinə inamını izah etmək üçün yazırdı.“Mən baş verən prosesləri tam mənada dərk etmək iqtidarında deyiləm, lakin mən öz liderimə inanıram. İnamımız nə qədərdirsə, gücümüz də də o qədərdir.
Azərbaycan tarix boyu öz müstəqillik məqamını gözləyib, ümummilli lider Heydər Əliyevin sayəsində ona yetişib, artıq heç bir qüvvə ona maneə ola bilməz. Azərbaycan nə etməlidir və ya etməməlidir-bunu xalq həll edir. Azərbaycanda narıncı rəngi dəbə gətirmək istəyənlər gördü ki, bizim xalqımızın öz rəng zövqü var.Azərbaycan da ərəb baharı qışı və daha nəyi gözləyənlər gördü ki, yurdumuzun öz baharı, öz qışı, öz fəsilləri var. Bunu birdəfəlik dərk etmək lazımdır.
Xalqımız on il əvvəlkindən daha yaxşı dövlətdə yaşayır, deməli 10 il sonra bundan qat-qat yaxşı ölkədə yaşayacaq. Bu günün gənc vətəndaşlarının tarixi şansı- məhz həmin qüdrətli Azərbaycan dövlətini yaratmaq və qürurla sonrakı nəslə çatdırmaq missiyası var.