Bu gün düşünsək ki, 1918-ci il hadisələri haqqında bütün məlumatları əldə etmişik, bu, çox yanlış yanaşma olar. Bu vaxta qədər aparılan və ictimaiyyətə təqdim olunan araşdırmaları, bu sahədə yazılan yazıları nəzərdən keçirdikdən sonra bu qənaətə gəlmək olar ki, soyqırım hadisələrinin heç 30 faizi araşdırılmayıb. Axı hadisələr yalnız Bakıda və digər mərkəzi şəhərlərdə baş verməmişdi. Bir sözlə 1918-ci il soyqırımının coğrafiyası çox geniş olub. İlk öncə ondan başlayaq ki, Azərbaycanın elə yaşayış məskənlərində qətliamlar baş verib ki, onun yenidən tədqiqatına ehtiyac var.
Belə yaşayış məskənlərindən biri Qobustan rayonunun Sündü kəndidir (vaxtilə Şamaxının inzibatı ərazisi olub). Onu da qeyd edək ki, 5 min illik tarixi olan Sündü kəndinin əhalisinin bir gecənin içərisində 40 faizə yaxını qətlə yetirilib. Ən dəhşətlisi odur ki, bu soyqırımlar haqqında bu vaxta qədər çox səthi və bir çox hallarda statistik məlumatlara rast gəlmək olur. Belə faktların və yaşayış məntəqələrinin siyahısını xeyli artırmaq olar. Bu hadisələr zamanı kifayət qədər şahidlər olub.
Həmin nəslin nümayəndələri demək olar ki, 1918-ci il erməni vəhşiliklərinin canlı şahidi olublar. Ancaq sovet dovründə kimin nə həddi vardı bu barədə danışsın. Elə insanlar olub ki, o hadisələr zamanı yaxınlarını itiriblər. İndi artıq onlar dünyalarını dəyişiblər. Sovet ideloji silahı, saxta tarixşünaslıq bu faciəni unudurmağa çalışdı. Demək olar ki, qisməndə olsa buna nail oldular. Lakin nə qədər tarixi saxtakarlıq, ideloji basqılar olsa da həqiqəti tam gizlətmək mümkün deyil.
Azərbaycan müstəqiliyinə qovuşduqdan sonra belə yaşayış məntəqələrini, kəndləri gəzib həmin ərazilərdəki yaşlı, məlumatlı, ən azından o hadisələri öz gözləri ilə görən insanlardan məlumatlar toplamaq mümkün deyildimi? Təbii ki, mümkün və zəruri idi. Belə sorğu-araşdırmaya yalnız professor Seyfəddin Qəniyevin kitabında rast gəldik. Təəssüf ki, digər müəlliflər mövcud arxiv materiallarını təkrarlamaqla kifayətləniblər.
1992-ci ildə baş verən Xocalı faciəsi qədər dəhşətli olan azərbaycanlıların 1918-ci il soyqırım hadisələri yetərincə araşdırılmayıb. Bu sahədə çap olunan geniş tədqiqat kitablarının sayı azdır. Məhz bu səbəblərdən bu faciə haqqında yerli ictimaiyyətin, beynəlxalq aləmin yetərincə məlumatı yoxdur. Soyqırımın coğrafiyasına və faktlara nəzər salanda bir daha aydın olur ki, həmin dövrdə hansı dəhşətli hadisələr baş verib.
Məlum məsələdir ki, Xocalı faciəsi hamımızın gözü qarşısında baş vermişdi. Yüzlərlə canlı şahidin verdiyi informasiyalar, lentə alınan video görüntülər, xüsusilə, mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı qətliamından çəkdiyi süjetlər nəinki Azərbaycanda, hətta dünyada ictimai rəyə böyük təsir göstərdi.
Təəssüf ki, 1918-ci il hadisələri haqqında məlumatların yayılmasında vəziyyət fərqlidir. Qapalı cəmiyyət olan SSRİ məkanında 70 il bu qanlı hadisələr yerli və beynəlxalq ictimaiyyətdən gizlədilib. Sovet dövründə tarix kitablarında həmin hadisələr vətəndaş müharibəsi kimi təqdim olunub. O dövrün tarixşünaslığının bu qədər saxtalaşdırılması tariximizdə bir ləkə kimi hələ də qalmaqdadır.
Ötən əsrin 90-cı illərindən sonra bu sahədə yazılar yazılsa da, kitablar nəşr olunsa da ictimaiyyət tam məlumatlanmayıb. Həmin hadisələrin soyqırım aktı kimi dünyada tanınması və qəbul olunması faktına rast gəlmirik. 1918-ci il soyqırım aktını dünyada qəbul etdirmək məqsədilə ilk öncə Azərbaycanın daxilində bu hadisələr dərindən tədqiq edilib ictimaiyyətə geniş şəkildə çatdırılması vacibdir. Burada elmi araşdırılmalarla, kitabların kütləvi nəşri ilə bərabər bu soyqırımın mahiyyətini açıb göstərən sənədli və bədii filmlərin çəkilməsinə ehtiyac var.
Biz son illər QHT təmsilçisi olaraq 1918-ci il hadisələrini qismən də olsa tədqiq etməyə çalışdıq. Soyqırımın coğrafiyasını nəzərə alaraq Azərbaycanın 5 rayonun (Quba, Şamaxı, Şabran, Qobustan, Ağsu) 30-a yaxın kəndində olaraq 80-ə yaxın insanla söhbət aparmışıq. Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, canlı şahidləri təbii ki, barmaqla sayılası qədər azdır. Lakin yaşlı, məlumatlı, bu hadisələri uzun müddət araşdıran insanlar var.
Elə insanlar var ki, onların verdiyi informasiyalara heç bir arxiv materiallarında və yaxud yazılan kitablarda rast gəlinmir. Apardığımız araşdırmaları, əldə etdiyimiz məlumatları təhlil edərək, sonda bu qənaətə gəlmişik ki, 1918-ci il hadisələrini-ermənilərin törətdiyi vəhşilikləri bir daha beynəlxalq ictimaiyyətə təqdim etmək məqsədilə yeni bir kitab çap etdirək.
Onu da qeyd etmək istərdim ki, araşdırmalarımız bir neçə istiqamətdə olub. İnsan faktoruna dəyən ziyanla bərabər həmin dövrdə Azərbaycanın maddi və mədəniyyət resurslarlarına, tarixi-memarlıq abidələrinə, ziyarətgahlarına qarşı törədilən vəhşiliklər haqqında məlumatlar toplanılıb. Təbii ki, kitabda araşdırmalarla bərabər müxtəlif arxiv materiallarına da istinad olunacaq.