|
|
|
|

Almaniyadan yazır
İncəcik bir səs ruhumuzun dərinliklərindən içəri süzülər və bizləri ucsuz-bucaqsız Ötükən çöllərinin ən əsrarəngiz künclərinə doğru çəkərdi. Bu səs sanki minlərlə il əvvəl qıl çadırlarının önünə çöküb həsrətlə övladını çağıran bir türk anasının səsi kimi idi.
O səsi unutmaq mümkün deyildi. O səslə hüzünlənməmək, keçmişin sirli yollarında itib getməmək əldə deyildi. Hər həftə o səsi həsrətlə gözləyər və o səslə birlikdə köklərimizin olduğu Türküstan yaylalarına, Türküstan dağlarına, Türküstan çaylarına doğru yola çıxardıq.
O səs 1980-ci illərdə TRT – də hər həftə yayımlanan “Yapon İpək yolu“ sənədli filminin musiqisindən bizlərə çatan bir səsdi. Sonradan öyrəndik ki, yeni əsr (New Age) musiqisinin ən əhəmiyyətli nümayəndələrindən biri olan yapon musiqiçi Kitaro (Masanori Takahaşi) həqiqətən də bu möcüzə musiqiyi yarada bilmək üçün “İpək Yolu“ deyilən yerləri gəzə – gəzə bu möcüzə səsi – “The Silk Road“ adlı bu parçanı ortaya çıxara bilmişdir. “The Silk Road“ o qədər sevildi ki, Kitaro sonradan İpek yolunu anladan “Caravansaray“, „Takla Makan Desert“, “Tiyanşan“, “Never Let You Go“ adlı parçaları da bəstələdi .
Kitaronın o unudulmaz bəstəsiylə birlikdə yaponların böyük bir zəhmət və xərclə çəkdikləri “İpək yolu“ sənədli filmini türk xalqı çox sevdi. Bunun səbəbi də İpək yolunun həm Anadolunun ortasından keçməsi, həm də xalqın yaddaşına işləmiş o köç yollarının keçmişdən günümüzə tamamən fərqli duyğular daşımasıydı.Bu duyğuların xalqımıza yaxın olmasının ən əhəmiyyətli səbəbi də İstanbuldan, Konyadan, Qarsdan Bakıya, Daşkəndə, Buxaraya, Kaşğara eyni yoldan həsrət daşımasıydı.
Almaniyada Kitaronun “The Silk Road“ını yenidən dinləyərək gənc bir elm adamının “İpək yolu və Naxçıvan” adlı əsərini oxuyarkən eyni duyğuları yaşamam məni yenidən o günlərə apardı.
Elbrus İsayevin “İpək yolu və Naxçıvan“ əsərini səhifələdikcə “The Silk Road“ yoldaşlığında tarixdən çıxıb gəlmiş rəngarəng bir karvanın arxasına düşdüm. İpək və çini əşyalarla yüklü dəvələrin arxasinca bitib tükənməyən çöllər, yandırıcı günəşin altında qovrulan qumlar, incə biləkli yorğun dəvələr, dəvələrin ardında irəliləyən üzləri günəşdən yanmış saqqallı yolçular, hər birində onlarla eşqlərin yaşandığı şəhərlər, kəndlər, yorğun bədənləri bir ana kimi qucaqlayan karvansaraylar, karvansaraylar ...
Əslində İpək yolu bir az da türkün bitib tükənməz tarix macərasıdır. Dünyanın bir ucundan o biri ucuna əllərində tuğları və dillərində çöl nəğmələri at çapan igidlərin açdıqları yollardır İpək yolu.
Dosent Elbrus İsayev bir az da bu hekayənin təsiriylə çıxmış yola. Zənnimcə o da əvvəl mənim kimi ruhən atalarımızın yüzlərlə dəfə keçdikləri yolun yolçusu olmuş, sonra da qələmi əlinə alaraq məlumatına ruhundan qopan duyğuları qarışdıraraq dadına doyulmaz bu əsəri yazmışdır.
O, Azərbaycanın ən uc bölgələrində həm özünü, həm də tələbələrini yetişdirən daha otuz beş yaşlarında gənc bir tarixçidir. Belələrinə bizim universitetdəki müəllimimiz Tahir bəy „elm əri“ deyərdi.Yəni vətəni qələmiylə qoruyan əsgər ...
Elbrus İsayevin ortaya qoyduğu əsər həqiqətən də uzun bir araşdırmanın və zəhmətin bəhrəsidir. Əsərində İpək Yolunun tarixi önəmimin yanında, günümüzdəki təsirlərini və Azərbaycanın İpək Yolu üzərindəki əhəmiyyətini də dərindən öyrənərək oxucularına çox açıq, oxunaqlı və təmiz bir dillə köçürmüşdür. O, kitabında İpək yolunun tarix içindəki əhəmiyyətinin yanında inkişaf və zəiflədiyi dövrləri, bunun səbəblərini mənbələrə istinadən yazmışdır.
Məncə , “İpək yolu və Naxçıvan” əsərinin ən gözəl hissələrindən biri o ticarət yolunun türklər və Azərbaycan baxımından əhəmiyyətini çox düzgün bir şəkildə açıqlayan bölümüdür. Elbrus İsayev o hissədə İpək Yolunu həm təhlükəsizlik, həm də ticarət baxımından inkişaf etdirən türklərin rolunu belə izah etməkdədir:
“Böyük İpək yolunun məşhurlaşmasında türk dövlətlərinin də böyük rolu olmuşdur. Həmin dövlətlər tərəfindən təşkil olunmuş karvanlar bu yolla Şərqdən Qərbə və əksinə müxtəlif mallar daşıyırdılar.Türklərin bu yola nə qədər yüksək dəyər verməsi bir özbək atalar sözündə belə ifadə olunmuşdur: “Kainatda iki böyük yol vardır. Göy üzündə Samanyolu, yer üzündə İpək yolu. Min səkkiz yüz ilə qədər fəaliyyətdə olmuş böyük İpək yolunun müxtəlif sahələrinin təxminən 20 min kilometr türk xalqlarının məskunlaşdığı ərazidə keçmişdir. Demək ki, böyük İpək yolu türk xalqlarının Çin, Qafqaz, Rusiya, Hindistan ölkələrindəki xalqları və ərəb ölkələrinin xalqları ilə iqtisadi əlaqələr qurulmasında və genişlənməsinə böyük rol oynamışdır. (s.43) “
“İpək yolu və Naxçıvan“ əsərindən əvvəl avstriyalı yazıçı və araşdırmaçı Bruno Baumannın 2005-ci ildə Münihdə nəşr olunmuş “İpək yolu macərası, köhnə karvanların izində” adlı əsərini oxumuşdum. Bruno Baumman, 1989-ci ildə Taklamakan çölünü piyada keçmişdir. O tam bir macərapərəstdir. 2004-ci ildə Tibetdəki Şangşung padşahlığının mərkəzini də o kəşf etmişdir. Bir avropalı gözü ilə aylarla gəzdiyi torpaqları və gördüyü şəhərlərdəki insanları anlatmışdır. Amma nə qədər olsa da o torpaqlara, o yollara, o insanlara xarici biri kimi baxaraq əsla İpək yolunun ruhunu yaxalayammamışdır. Halbuki Elbrus İsayev İpək yolunu eynilə Azərbaycanın yolları kimi sevmiş və tanımışdır. Səyyahların dilindən İpək Yolu üzərində baş verən hadisələri, canlı ticarəti canlı səhnə kimi gözlərimizin önünə gətirmişdir:
“Naxçıvan bazarı böyük və izdihamlı olardı. Burada Misirdən, İrandan, Türkiyədən, Hindistandan, Orta Asiyadan gətirilmiş müxtəlif mallarla birlikdə mahir Azərbaycan sənətkarları tərəfindən yüksək zövqlə hazırlanmış əşyalar, səxsi və mis qablar, xalçalar, parçalar, zərgərlik məmulatları və s. satılırdı.Yerli ustaların ağacdan hazırladıqları gözəl məişət və bəzək əşyaları dünyanın bir çox ölkəsinə götürülürdü. (s.162) “
“İpək yolu və Naxçıvan” kitabını yalnız keçmiş bir mədəniyyətin hekayəsi olaraq deyil, həm elmi bir qaynaq olaraq, həm də günümüzdəki əhəmiyyətini dərk edərək oxumaq insana daha çox zövq verməkdədir. Çünki uzun keçmişə sahib olan İpək yolu, dünya mədəniyyətində çox əhəmiyyətli rol oynadı. Son illərdə UNESCO tərəfindən ortaya çıxarılan İpək yolu ilə əlaqədar yeni araşdırma planında İpək yolu, Şərq və Qərb arasında dialoq və təması artırdığı üçün “Dialoq yolu” olaraq da adlandırıldı.
Elbrus İsayevi, belə bir əsəri hazırlayıb elm aləminə təqdim etdiyi üçün təbrik edirəm. Onun kimi gənc tədqiqatçıların əliylə Azərbaycanın elm aləmindəki yerinin gələcəkdə daha güclü olacağından əminəm.



