|
|
|
|
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
Təhsil ocağının ədəbi iş və ekran dramaturgiyası kafedrasının təşəbbüsü ilə universitetin ilk məzunlarından biri, kinorejissor Kamil Rüstəmbəyovun xatirəsinə həsr olunmş tədbir keçirilib.
Sənətşünaslıq fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Əliyev kinorejissorun çoxşaxəli yaradıcılığından söhbət açıb.
Sonra ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor Aqşin Babayevin görkəmli sənətkarın həyat və yaradıcılığı ilə bağlı məruzəsi dinlənilib. Bildirilib ki, uzun müddət televiziya və kino sahəsində işləmiş Kamil Rüstəmbəyov rejissor məktəbinin fədailərindən biridir. Onun yaradıcılığı yetişməkdə olan yaradıcı nəsil arasında təbliğ olunmalıdır.
Kino rejissoru və operatoru kafedrasının professoru, Xalq artisti Tofiq İsmayılov, kinoşünaslıq kafedrasının müdiri, professor Aydın Dadaşov, kinoşünaslıq kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar incəsənət xadimi Ayaz Salayev, aktyor sənəti fakültəsinin dekanı Ötkəm İskəndərov, televiziya rejissoru kafedrasının müdiri Oqtay Babazadə çıxış edərək Kamil Rüstəmbəyov haqqında xatirələrini bölüşüblər. Qeyd olunub ki, “Axırıncı aşırım”, “Dağlarda döyüş”, “Dərviş Parisi partladır” və s. filmləri ilə tamaşaçıların xatirəsində dərin iz qoymuş kinorejissorun bu il 90 illiyi tamam olur və bu tədbir də həmin yubileyə hazırlıqdır.
Sonda sənətkarın qızı Aygün Rüstəmbəyova tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
GÜNEL