Ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra mühüm işlər aparılır – müxtəlif dövlət proqramları təsdiq edilir və həyata keçirilir. Son zamanlar həkim-pasiyent ünsiyyəti və bu prosesdə qarşıya çıxan problemlər əsas müzakirə mövzularındandır. Tibb mütəxəssisləri ilə pasiyentlər arasında münasibət qanun çərçivəsində tənzimlənir. Bu mənada pasiyent hüquqlarının qorunması aktual problem kimi diqqət mərkəzindədir.
Azərbaycanda “Pasiyentin hüququ haqqında” qanunun layihəsi Milli Məclisin gündəliyindədir və mütəmadi olaraq müzakirə olunur. “Pasiyentin hüququ haqqında” qanunun layihəsinin əsas məqsədi pasiyentlərin hüquqlarının qorunmasıdır. Pasiyentin hüququ haqda sənəd pasiyentlərlə həkimlər, həkimlərlə tibb müəssisələri arasındakı münasibətləri tənzimləyəcək. “Pasiyentin hüququ haqqında” qanun layihəsi həm dövlət, həm də özəl tibb müəssisələrinə şamil ediləcək. Sənəddə Azərbaycanın səhiyyə sistemi üçün bir sıra yeniliklər nəzərdə tutulub.
Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqları Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş baş səhiyyə qanunu – “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla qorunur. Qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasiyentlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb. Həmin maddədə qeyd olunur ki, pasiyentin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, pasiyentin öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var. Qanunda göstərilir ki, pasiyentin hüquqları pozulduqda, o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinə və ya hüquq-mühafizə orqanlarına müraciət edə bilər.
İyulun 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Avropa Şurasının dəstəyilə hazırlanmış Sağlamlıq hüquqlarının təmin edilməsi üzrə modulun təqdimatı olacaq. “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti platforması” modelində Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhətinin əsas istiqamətləri və detalları əksini tapıb. Ən əsası isə bütün maraqlı tərəflərin qarşılıqlı və effektiv fəaliyyəti üçün zəruri olan istiqamətlər ardıcıllıqla bu modeldə göstərilib.
Keçiriləcək seminarla bağlı suallarımızı İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və beynəlxalq əlaqələr üzrə meneceri Aytəkin Əsgərovaya ünvanladıq.
– Seminarı “Sağlamlıq hüquqlarının təmin edilməsi” mövzusunda keçirmək fikri necə yarandı?
S.B. – Bu istiqamətdə Avropa Şurası ilə əməkdaşlıq səhiyyə sahəsində Sosial Birlik üzrə Avropa Komitəsinin həyata keçirdiyi və Səhiyyə Nazirliyinə istiqamətləndirilmiş “Sağlamlığın qorunması hüququ üzrə vətəndaş məsləhəti” haqqında sorğunun cavablandırılması ilə başladı. AR Səhiyyə Nazirliyi sorğunu cavablandırmağı İSİM-ə həvalə etdi. Biz də öz növbəmizdə sorğunu cavablandırdıq. Avropa Şurasının Sosial Birlik Komitəsi 18 ölkədən əldə olunan sorğu nəticələri əsasında modulun ilkin variantını 2012-ci il noyabrın 8-9-da Fransanın Strasburq şəhərində keçirilən seminarda müzakirə olunmaq üçün hazırladı. Avropa Şurasının təşkilatçılığı ilə keçirilən seminarda iştirak üçün biz də dəvət aldıq. Sağlamlığın qorunması hüququna dair beynəlxalq seminarda Türkiyə, Avstriya, Bolqarıstan, Xorvatiya, Almaniya, Macarıstan, İsrail, Moldova, Monako, Portuqaliya, Rumıniya və digər ölkələrin nümayəndələri də iştirak edirdi. Seminarın gedişində “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti platforması” modeli təqdim edildi və əsas komponentlər üzrə müzakirələr aparıldı. İSİM-in digər əməkdaşı Aytəkin Əsgərova “Pasiyent hüquqları: problemlər və perspektivlər” mövzusunda çıxış etdi. Təqdimatda pasiyentlərin hüquqlarının qorunmasına yönələn mövcud qanunvericilik, dövlət proqramları, İSİM tərəfindən həyata keçirilən fəaliyyətlər və yaxın gələcək üçün planlar barədə məlumat verildi. Digər ölkə nümayəndələri də beynəlxalq təcrübə baxımından maraqlı olan məruzələrlə çıxış etdilər. Sonda sorğu və seminarda olan müzakirə və təkliflər əsasında səhiyyə sistemində vətəndaşların hüquqlarının qorunması ilə bağlı modul hazırlandı.
A.Ə. – İyulun 10-da İSİM-də “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin 2013-cü il üçün İllik İş Planına uyğun olaraq Səhiyyə Nazirliyinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları barədə məlumatların vətəndaşlar arasında təşviqinin təkmilləşdirilməsi məqsədi ilə Sağlamlıq hüquqlarının təmin edilməsi üzrə seminar keçiriləcək. Seminarda yerli mütəxəssislərlə yanaşı, Malta, Türkiyə və digər ölkələrdən də dəvət olunmuş mütəxəssislər iştirak edəcək. Eyni zamanda Avropa Şurasının “Sağlamlığın mühafizəsi hüququ barədə vətəndaş məsləhəti platforması” modelinin təqdimatı olacaq.
Ümumiyyətlə, bu, əhalinin səhiyyə maarifi işinə cəlb olunmasında əhəmiyyətli model hesab edilir. Modeldə ən əsası həkimlə pasiyent arasında qarşılıqlı və effektiv münasibətin qurulması üçün zəruri olan bütün istiqamətlər ardıcıllıqla göstərilib.
Son illər ölkəmizdə həkimlə pasiyent arasındakı etik münasibətin aspektlərinin əks etdiriləcəyi sənədin qəbulunun vacibliyi daha çox müzakirə olunan məsələlərdəndir. Əhalinin sağlamlığının qorunmasında onların islahatlar barədə məlumatlı olmaları böyük əhəmiyyət daşıdığından bu istiqamət üzrə İSİM silsilə tədbirlər keçirir. Bir neçə həftə əvvəl “İnsan hüquqları aylığı” çərçivəsində İSİM-də keçirilən “Məlumatlı razılığın etik və hüquqi aspektləri” mövzusunda dövlət tibb müəssisələri və özəl klinika rəhbərləri üçün seminar da məhz tibb işçilərinin etik davranışı və məlumatlı razılığı ilə bağlı məsələyə həsr olunmuşdu. Səhiyyə Nazirliyinin əmrinə əsasən Mərkəzimiz tərəfindən həkimlərin davranış normalarının etik kodeksi işlənib hazırlandıqdan sonra layihə əsasında Səhiyyə Nazirliyi əmr verib. Əmrə əsasən bu qaydalar “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar hazırlanmış və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində yerləşən bütün səhiyyə müəssisələrində çalışan həkimlərin etik davranış qaydalarını müəyyən edir.
Ümumiyyətlə, pasiyentlərin sağlamlığı təkcə tibb müəssisələrindən, peşəkar həkimlərdən asılı deyil, bu problem özündə digər çoxsaylı faktorları da birləşdirir və biz də diqqəti məhz bu faktorlara yönəltməliyik.
Qanunvericilikdə, Konstitusiyada səhiyyə sistemində vətəndaşların hüquqları ilə bağlı ayrıca bəndlərin olmasına baxmayaraq, problemlə bağlı ayrıca sənədin qəbuluna ehtiyac var.
Dövlət strurukturlarını təmsil edən məsul ekspertlər, xarici qonaqlar, eləcə də modulun tərtibatçılarının iştirak edəcəyi seminarda sağlamlıq hüquqlarının təmin edilməsi ilə bağlı mövcud siyasət, görülən işlər, nailiyyətlər, qarşıda duran vəzifələr, əhalinin iştirakçılıq səviyyəsinin artırılması barədə dünya təcrübəsindən nümunələrdən bəhs edəcəyik.
– Bəhs etdiyiniz model pasiyentlər üçün hansı həyati önəm daşıyır?
S.B. – Ümumiyyətlə, səhiyyədə etik nüanslar çox incə məsələdir. Bizdə bir tərəfdən pasiyentlərin hüquqlarını, digər tərəfdən isə həkimlərin hüquqlarını qoruyan konkret etik kodeks olmadığından bir sıra çətin, hətta mübahisəli problemlərlə qarşılaşırıq. Bu mənada hesab edirik ki, modulun təqdimatı və digər ölkələrin təcrübəsi bizim üçün maraqlı və faydalı olacaq.
– Ümumiyyətlə, əhalinin sağlamlıq hüquqları dedikdə, nə nəzərdə tutulur?
A.Ə. – Sağlamlıq hüquqları dedikdə, biz təkcə pasiyent hüquqlarından, həkim və ya tibb müəssisəsi ilə pasiyent arasındakı qarşılıqlı əlaqədən danışmırıq. İnsanın sağlamlıq hüququ daha geniş anlayışdır. Sağlamlıq hüququ sağlam qidalanma, təmiz içməli suya əlçatanlıq və s. əhatə edir. Mövcud model özündə əhalinin sağlamlıqla bağlı məlumatların əldə olunması hüququnu birləşdirir. Bildiyimiz kimi, xüsusən ayrı-ayrı regionlarda vətəndaşların əksəriyyəti öz hüquqları barədə məlumatsızdır.
– Ölkəmizdə pasiyent hüquqlarının qorunmasına necə nəzarət edilir?
S.B. – Ümumiyyətlə, Səhiyyə Nazirliyi pasiyent şikayətlərinin daxil olduğu Qaynar xətt yaradıb.
A.Ə. – Yeri gəlmişkən, bir sıra Qərb ölkələrində xüsusi olaraq, səhiyyədə pasiyent hüquqlarının qorunması istiqamətində son dərəcə mübahisəli suallarla Ombudsman Aparatı məşğul olur. Bizdə də Ombudsman Aparatında sağlamlıq problemləri ilə məşğul olan şöbə fəaliyyət göstərir.
– Mövcud modelin təqdimatından sonra Azərbaycan səhiyyəsində hansı müsbət dəyişikliklərin olacağını düşünürsünüz?
S.B. – Məlumat üçün bildirim ki, Səhiyyə Nazirliyinin əmrinə əsasən Mərkəzimiz tərəfindən həkimlərin davranış normalarının etik kodeksi işlənib hazırlanıb. Bu istiqamətdə gələcək fəaliyyətimizin uğurlu olması üçün modelin təqdimatı ilk növbədə bizə yeni stimul verməlidir. Ümid edirik ki, biz həlli heç də asan olmayan bu problemə ictimaiyyətin diqqətini daha da artırmış olacağıq. Problemin həllinə kompleks yanaşmaq lazımdır. Hətta yüksək inkişaf etmiş Qərb ölkələrində belə, bu fəaliyyətə nə vaxtsa kiçik addımlardan başlanılıb. Ona görə də bu yolda ölkəmizin uğur əldə edəcəyinə əminik.
Səadət HƏNİFƏYEVA
İyulun 10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Avropa Şurasının dəstəyilə hazırlanmış Sağlamlıq hüquqlarının təmin edilməsi üzrə modulun təqdimatı olacaq.