Etibar Əliyev, millət vəkili:
- Böyük Azərbaycan şairi, mütəfəkkir və müəllim Mirzə Ələkbər Sabirin (30 may 1862-12 iyul 1911) doğum günüdür. Böyük satirik şair haqqında xeyli kitablar yazılıb. Ancaq Azərbaycan şairi, mətnşünas, ədəbiyyatşünas, biblioqraf SALMAN MÜMTAZIN (1884-1941) MİRZƏ ƏLƏKBƏR SABİRLƏ MƏŞHUR MÜSAHİBƏSİ MÖHTƏŞƏMDİR...
S Mümtaz: Sabirlə aşağıdakı müsahibəmiz oldu:
Sual: Sizin ilk təxəllüsünüz olan "Hophop" sözünün mənası nədir və nə səbəbə bunu qəbul etmisiniz?
Cavab: Bu təxəllüsü mənə əziz dostum Məşədi Həbib vermişdi. Hophop quş adıdır. Bu quşun bu addan başqa, el arasında bir neçə adı da vardır ki, Fatmabacı, bunbbu, öp-öp və şanapipik o cümlədəndir. Məşədi Həbib mənə "Fatmabacı" deyə xitab etmək üçün bu adı intixab etmişdir. Mən də bunun əvəzində onun təxəllüsünü "Qızdırmalı" qoymuşam ki, mənasını hələ bu günə kimi anlaya bilməmişdir.
Sual: Nə səbəbə təxəllüsünüzü tez-tez dəyişdirirsiniz?
Cavab: Bunu şirvanlılardan və mühitdən soruşmalısınız.
Sual: Abbas Səhhətin neçə yaşı vardır? Siz böyüksünüz, yoxsa o?
Cavab: Başda o böyükdür, yaşda mən.
Sual: Səhhət dərin savadlıdırmı?
Cavab: Mən onun şagirdiyəm, o mənə ustaddır.
Sual: Osmanlıların klassik şairlərindən kimləri bəyənirsiniz?
Cavab: Ziya Paşa və Namiq Kamal bəyi.
Sual: Tofiq Fikrəti bəyənmirsiniz, düzdürmü?
Cavab: Siz Osmanlı şairlərini soruşursunuz, mən də fikrimi dedim. Fikrət ərəb şairidir. Bu adda türk şairi yoxdur. Yaxşı olardı ki, bunu Məhəmməd Hadi əfəndidən soruşaydınız. Yaxşısını o bilir.
Sual: "Molla Nəsrəddin" məcmuəsinin 18-ci nömrəsindəki "Gözəlim" ünvanlı şeirinizin 3-cü və 5-ci bəndləri ayrı bəhrdədir. Bunun səbəbi və hikməti nədir?
Cavab: Hikməti və səbəbi mürgüləməkdir. Mən gecələr "Səda" qəzetində korrektorluq edirəm. İdarə xüsusi teleqramlar almır. O qədər gözləyir ki, "Kaspi", "Həqiqət" və sair qəzetlər çap olub çıxır. Onlar çıxandan sonra teleqramlar tərcümə olunur, düzülür, basılır, mən də korrekturasına baxıram. Mən o şeiri Haşım bəyin mətbəəsində gecə yarısı yazmışam və yazarkən mürgüləyib, sonra da yuxulamışam. Yuxudan ayılandan sonra da məbədini yazmışam. Şeir təb olub gələndən sonra səhvimi başa düşmüşəm ki, bu da çox gec idi.
Sual: Mətbu şeirlərinizin hansını bəyənirsiniz?
Cavab: Heç birini. Bəyəniləsi şeirləri sonralar yazacağam.
Sual: Sonra, yəni nə vaxt?
Cavab: Mürgüləməyəndə.
Sual: Nə üçün şeirlərinizi heca vəznində deyil, əruz bəhrində yazırsınız və şerin əski formalarını, şəkillərini şiddətli surətdə mühafizə edirsiniz?
Cavab: Bu, çox mühüm məsələdir. Görüm öz fikrimi deyə biləcəyəmmi. Məncə, yeni fikirləri və yeni mövzuları mütləq əski formada və əruz bəhrlərində vermək və yazmaq lazım, həm də vacibdir. Bunları birdən-birə dəyişib oxucunu ədəbiyyatdan yadırğatmaq və soyutmaq olmaz. İri-iri toplar ilə hücuma keçən düşmənin qabağına sədəf dəstəli və qızıl suyu ilə yazılı gümüşlü xəncəl ilə çıxmaq ağılsızlıqdır.
Əruz bizim deyildir. Bunu hamı bilir. Lakin 13 əsrdir ədəbiyyatımızı mühasirəyə almışdır. Bu mühasirə də böyük-böyük ustadların planı, nəqşəsi və əlləri ilə olmuşdur. Bu mühasirəni yarıb ədəbiyyatımızı xilas etmək, yenə yuxarıdakı ustadlar kimi böyük ustadların əlləri ilə mümkün olacaqdır. Böyük şairləri də, ustadları da ancaq bilik və xalq yetirə bilər. Şair elin, xalqın hökmranı və gözünün işığı olmalıdır ki, o, nə desə xalq ona baxsın və nə yazsa el oxusun.
Ədalət Muradov, professor:
- Ağdam rayonunun Güllücə kəndinə xoş gəldiniz, cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün, mayın 28-də doğulduğum və atalı, analı xoşbəxt günlərimin keçdiyi doğma Güllücə kəndimin təməlini qoydu.
Güllücə kəndində yaşayış təxminən XIX əsrin ortalarına təsadüf edir. İşğaldan əvvəl Güllücədə 988 ailə - 4003 nəfər rəsmi qeydiyyatda olub.
Yeni Güllücədə 1042 fərdi ev inşa ediləcək və 3992 nəfər məskunlaşacaq.
Hər şeyə görə sonsuz və əbədi təşəkkürlər, cənab Prezident!
Uğurlar, Güllücəm!
Hər şey daha da yaxşı olacaq!
Elxan Şahinoğlu, politoloq:
- Erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha büruzə verib. Keşiş jurnalistlərdən birinin "Hökumət erkən seçkiyə qərar verərsə, münasibətiniz necə olacaq?" sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda Baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir. Deməli, keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır. Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində Nikol Paşinyan keşişin "erkən seçki istəmirik" ifadəsindən radikallara qarşı istifadə edə bilər.
Fərid Pərdəşünas, texnobloger:
- Maşın bazarında vəziyyət ürəkaçan deyil. Demək olar ki, artıq ili köhnə avtomobillərə yaxın duran yoxdur. Çin daxili bazarının avtomobillərini gətirən alverçilər də təzə avtomobilləri çox ucuz qiymətə təqdim edirlər. Əlavə olaraq dövlətin hibrid və elektrikə olan rüsumları minimallaşdırması, insanlarda stimul yaradıb ki, yeni avtomobillərə üz tutsunlar.
İndiki halda Çin daxili bazarından avtomobil alanda həm Çin hökumətinin subsidiyasından faydalanmış olursan, həm də Azərbaycan hökuməti rüsumlardan azad edir səni. Normal şəraitdə 100.000 dollara almalı olduğun avtomobil dediyim şərtlərə görə gəlir düşür 50.000-ə. Əslində bu, lotoreya kimi şeydir, hər an ələ düşən deyil.
Bir digər yandan da indi xəbərlər gəlir ki, bəzi Çin brendləri daxil üçün nəzərdə tutulan subsidiyalı avtomobilləri kimsə xaricə çıxarsa, bloklayacaq. "Zeekr" və "ID6"lar haqqında bu məsələ gündəmdədir. Ümumi baxanda əslində "Tesla" da belə edir. Məsələn, "Model 3" Çində Avropadakından 20.000 manat ucuzdur. Amma həmin "Model 3"ü Çindən Azərbaycana gətirəndə olur - "Lada". İnternetə qoşulma, xəritə, saat belə işləmir. Bir çox digər Çin avtomobillərində də belədir.
Bunu Bakıda servislərdə həll edənlər isə sadəcə əməliyyat sistemini bir növ hack edirlər. Daha çox bunu ruslar və ukraynlar edib, bizə də satırlar. Yəni burada təkcə detal məsələsinə yox, əməliyyat sisteminə diqqət etmək lazımdır. Ümumilikdə avtomobilin bütün multimedia sisteminin bloklanmasını doğru saymıram. Brend sadəcə bəzi imkanları deaktiv edə bilər. Bütün sistemi bloklamaq, avtomobili yararsız hala salmaq deməkdir.
Asif Nərimanlı, jurnalist:
- Rusiyanın Xankəndidə konsulluq açmaq istəyinin tutarlı səbəbi yoxdur: bölgədə nə Rusiya vətəndaşı, nə rus hərbçisi var, nə də Rusiya şirkətləri burada fəaliyyət göstərir;
Bu istəyin siyasi məqsəd daşıdığı aydındır. Rusiya sülhməramlıların getməsindən sonra Qarabağda mövcudluğunu diplomatik müstəvidə davam etdirmək istəyir və istisna deyil ki, plan ermənilərin mümkün qayıdışına hesablanıb. Hərçənd, ermənilərin Qarabağa qayıdışı perspektivi yoxdur. Əgər gələcəkdə bu baş verərsə belə, bölgəyə gələnlər Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda burada yaşaya biləcəklər. Sual yaranır: Rusiya konsulluğu Azərbaycan vətəndaşına necə xidmət göstərə bilər?!
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə konsulluq açmaq istəklərini "qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmaqla" izah edir. Azərbaycanın Rusiyada iki konsulluğu fəaliyyət göstərir, Rusiya da Azərbaycandakı konsulluğunun sayını artırmaq istəyir. Halbuki Rusiya ərazi baxımdan daha böyükdür və orada yaşayan azərbaycanlıların sayı çoxdur. Yaxud, məqsəd təkcə say məsələsidirsə, niyə bunu başqa şəhərdə yox, məhz Xankəndidə etmək istəyirlər? Karasinin bu izahı gerçək məqsədi gizlətməyə hesablanıb.
Görünür, Rusiyanın Cənubi Qafqaz siyasətində Qarabağın kart olmaqdan çıxmasını hələ də qəbul edə bilmirlər.
Mir Səməd, bloger:
- Milli aviaşirkətimiz gələn ayın əvvəli iki Avropa şəhərinə, Buxarest və Sofiyaya uçuşlara başlayır.
Yaxşı xəbərdir, çünki Avropaya çıxış asanlaşır, hər iki şəhərdən aşağı büdcəli uçuşlarla qitənin başqa bölgələrinə səyahəti davam etmək olacaq.
Digər tərəfdən, Balkan yarımadasının özü də çox gözəldir.
Mən əvvəlki illərdə hər iki şəhərdə olmuşam.
Buxarest çoxlu yaşıllığı ilə yadımda qaldı, çox böyükdür, aeroportdan şəhərə 30-40 dəqiqəyə çatmaq üçün qatar var. Qiymətlər Avropadakı kimi baha deyil. Aqreqator taksilər elə bizdəki qiymətədir.
Yerli valyuta - leyi heç əlimə də ala bilmədim. Ölkədə olduğum üç gün ərzində yalnız kart. Nağd pulun olmaması yerli qaraçılardan qurtulmağa da yardım edir.
Şəhərin geniş küçələri və arxitekturası xoşuma gəldi. Gözəlliyinə görə onu "kiçik Paris" də adlandırırlar.
Buranın da Parisdəki kimi, öz Triumfal arkası, Zəfər tağı var.
Pentaqondan sonra ən böyük bina da bu şəhərdədir.
Parlament binası o dərəcədə azmandır ki, uzunluğu 270, eni 240 metr, görünüşü adamda qarışıq hisslər oyadır.
Şəhərdir də, ən çoxu iki gün gəzmək olar.
Rumıniyanın Transilvaniya bölgəsi, Karpat dağları olan hissə təbiət gözəllikləri, qədim qəsr və saraylarla məşhurdur. Həmçinin Qraf Drakulanın qəsri.
Təzəlikcə Rumıniya Şengen zonasına daxil edildi. Rumıniyaya getmək istəyənlərə xoş səfər arzulayıram.