Nə pul, nə diqqət... əsas istedad!
Yazıçı Səfər Alışarlı ümidi gələcəkdə görür. Kimsə çıxacaq, qəhrəmanlıq edəcək və hər şey düzələcək. Təəssüf ki, bizdən əvvəlkilər problemləri həll edə bilmədi. İndi də yükü bizim boynumuza qoymaqla məşğuldular... Amma bir məsələ ilə şəksiz razılaşmaq lazımdı: əsas məsələ istedaddı: "Burada bir sıra adamlar qeyri-peşəkarlıqla Azərbaycan ədəbiyyatının bəzi nümunələrini tərifləyirlər. O əsərlərə vurulan təriflər, yüngül desək, qətiyyən ləzzət eləmir. Bu siyahıda tarixi məzmunlu əsərlər çoxluq təşkil edir. Həmin əsərlər külli halda sistemli müsbət və mənfi qəhrəmanlarla doludur. İki səhifə oxuyandan sonra bilirsən ki, bu qəhrəmanların sonrakı sözü və ya hərəkəti nə olacaq. Gənc ədəbiyyatımız bu stereotipləri dağıtmağa çalışır. Burada da istedad çatışmazlığı kəskin şəkildə özünü göstərir. Ədəbiyyatı növbəti inkişaf mərhələsinə yalnız istedad qaldıra bilər. Nə pul, nə hakimiyyət himayəsi, nə də bunların əksi, deyək ki, kasıblığın məşəqqətlər ağuşu istedadı əvəz edə bilər..."
lll
Yazıçıların kollektiv təsərrüfatı
Elçin Mirzəbəyli dayanmadan yazan "məhsuldar" şair-yazıçılara eyham vurub: "Azərbaycan yazıçılarının kollektiv təsərrüfatında 5 illik plan 4 ilə yerinə yetirilmiş, şeir fermalarında hər şairdən 50 şeir, 5 poema, nəsrdarlıq təsərrüfatlarında isə hər yazıçıdan 10 hekayə, 3 povest, 1 roman alınmışdır. Ura! Ura! Ura! İşıqlıdır lampaları kolxozun..."
Real mənzərə... Adətən, "məhsuldar" sözünü təsərrüfat işçilərinə aid edirlər. Bəzi qələm adamları bu sözü təsərrüfatdan çıxarıb ədəbiyyata gətirdilər. Dayanmadan yazmaq eşqi mənasız silsilə mətnləri üzə çıxardı və beləliklə, məhsuldar ədəbiyyat nümayəndələri kök salıb paslandılar. Cavanlar arasında da bu xəstəlik yayılıb. Baxırsan, dayanmadan yazır və o saat dərc etdirir. Soruşanda ki, nolub, hara tələsirsən. Deyir, yaxşı edirəm!
Nə gözəldir cavanları "kolxozun"!
lll
Təzə Füzulini hardan tapaq?
Ömər Xəyyam deyir ki, belə yazın, təzədən qayıdın Füzuliyə, olun sufi: "Açığı, indiki şairlər belənçi yazsa, ürəklərinin parçalarını sözə çevirib sevdiciklərinin kirpiklərindən assalar, biz imkan vermərik ki, haman şairlər gözlərini yumsunlar.
Füzulinin qəzəlindəndir:
Məsti-xabi-naz olub,
cəm et dili-sədparəmi
Kim, onun hər parəsi
bir növki-müjganındadır -
deyir, sənin baxışların mənim ürəyimi parçalayıb; ürəyimin parçaları sənin kirpiklərinin ucundadır. Sən gözlərini naz ilən yum ki, (yaxud: sən naz ilən gözlərini yumanda) mənim ürəyimin parçaları birləşsin (bütünləşir).
Bizdən Füzuli olmaz, Ömər, ya gərək, kişini yerindən narahat edək, ya da Füzuli adında bir oğlan adının qabağına Məhəmməd ismini əlavə etsin. Sən bu məsələlərdə ustasan: Ömər Xəyyam!
lll
Özü Avropada, kitabı Bakıda
İlham Əziz gənc yazıçı Əli Zərbəlinin kitabı barədə yazır: "Əli Zərbəlinin ilk hekayələr kitabı nəşr olunub. Yeni ədəbiyyat nümunələri oxumaq istəyənlərə əla fürsətdi. Əli yeni nəsil yazıçıdı, qeyri-adi auralı hekayələr müəllifidi. Kitabda heç bir mediya orqanında çap edilməyən hekayələr var. Özü Avropada yaşayır, təhsil alır. Belə gənclərin düşüncələri maraqlıdı. İlk hekayəsindən böyük ümidlər yaratmışdı. Getdikcə büxtələşdi, mətnə tamam ayrı hisslər, qənaətlər gətirdi. Bu da məni sevindirir. Kitabı Vüqar Vandan, elə mənim özümdən də əldə edə bilərsiniz. Əsl yay fəslində oxumalı kitabdı. Əliyə yeni yaradıcılıq uğurları arzu edirəm!"
lll
Ən xoşbəxt insan - ədəbiyyatı sevən
Gənc filoloq Elmir Həsən deyir ki, ədəbiyyatla yaşayan insanlar ən şanslı insanlardır: "Ədəbiyyatın funksiyasını dolaşığa salıb yanlış mənalandırmaq lazım deyil. Ədəbiyyat insanların düşüncələrini, duyğularını əks etdirmək qabiliyyətinə malikdir. Tanınmış mərhum şair Vaqif Səmədoğlu deyirdi ki, heç bir ədəbiyyat nümunəsi, yazıçı insanın həsrətinə dərman ola bilməz, insanın uğursuz məhəbbətini uğurlu edə bilməz. İnsan instinktləri ədəbiyyatdan güclüdür və yaxşı ədəbiyyat da bununla məşğuldur. Öz şəxsi iradəsi, xarakteri olan insanlar isə ədəbiyyatdan güclüdür. Əlbəttə ki, ədəbiyyatın bütövlükdə dünyanın, cəmiyyətin dəyişiklik səbəbi olması mümkünsüzdür. Ədəbiyyat yalnız fərdlərə təsir göstərə, onların mənəvi cəhətdən dolğunlaşmasında, estetik zövqlərinin zənginləşməsində əhəmiyyətli yeniliklər edə bilər. Ancaq ədəbiyyatı sevən, ədəbiyyatla yaşayan insanlar dünyada ən şanslı, maraqlı insanlar sayıla bilər. Ədəbiyyatı sevən insanlar üçün dünya ekstremal səyahət zonasıdır - burada yaralanmaq, hətta ölmək də mümkündür".
lll
Süni intellekt ədəbiyyatımızın gələcəyini necə görür?
Rasim Qaraca "ChatGPT"ə sual ünvanlayıb ki, Azərbaycan ədəbiyyatının gələcəyini necə görürsən?
"ChatGPT" isə belə cavab verib: "Azərbaycan ədəbiyyatının gələcəyi olduqca parlaq görünür. Ölkədə gənc yazarlar və şairlər, yeni və yaradıcı əsərlər ortaya çıxır və bu da ədəbiyyatın canlılığına səbəb olur. Həmçinin, sosial media və internet kimi yeni platformlar yazarların əsərlərini daha geniş bir kütləyə çatdırma imkanı yaradır. Gələcəkdə Azərbaycan ədəbiyyatının daha da tirajlanacağını və beynəlxalq arenada daha çox tanınacağını düşünürəm. Qloballaşma fərqli mədəniyyətlərarası əlaqəni artıraraq Azərbaycan ədəbiyyatının beynəlxalq arenada populyarlığını artıra bilər. Düşünürəm ki, ədəbiyyat cəmiyyətin dəyişən ehtiyac və tələblərini ödəmək məqsədi ilə inkişaf edəcəkdir. Bu da öz növbəsində müasir texnologiyalar və rabitə vasitələri ilə fərqli səsləri və perspektivləri daha çox eşitməyə və qiymətləndirməyə imkan verə bilər. Nəticədə mən Azərbaycan ədəbiyyatının gələcəyini ümidverici hesab edirəm və inanıram ki, o, mədəni zənginliyi və yaradıcılığı sayəsində mühüm rol oynamağa davam edəcək".
Süni intellekt hamımızdan pozitivdi...
lll
Niyə o jurnaldan bizdə yoxdu?
Gülay Tahirli qonşuya baxıb həsəd hissini bölüşür: "Estetik, göz oxşayan, içindəki yazılarla maraq oyadan, posterli-filan tək bir jurnalımız belə yoxdur. Olanları da biz ədəbiyyat adamları ədəbiyyat marağımızdan oxuyuruq sadəcə, adi oxucu diqqətini çəkməz o jurnallar. Məsələn, Türkiyədə yeddidən yetmişə "Kafkaokur" oxuyurlar, içi mən daxil bizimkilər də oxuyur o jurnalı. Bəs bizim nəyimiz var? Mükəmməl iş ortaya qoya bilmirik, hərəsində mütləq nəsə çatmır... Zövq yox, istedad yox, vizuallıq yox... Bunlara sahib olan, edə biləcək adamlar da başqa-başqa yerlərdədir..."
lll
"Qazaxlı" qılafından çox-çox uzaq Səməd Vurğun
"Kulis"də Rahid Uluselin Səməd Vurğun haqqında yayımlanan yazısından sonra saytın baş redaktoru Ulucay Akifi buna görə, ələlxüsus, qazaxlılar tənqid etdilər ki, niyə Səməd Vurğun haqqında belə mənfi yazını yayımlamısan. Ulucay isə "Səməd Vurğunu tənqid etmək olmazmı" sərlövhəli video-çıxışı ilə fikirlərini bölüşdü.
Babək Məmmədli Ulucayın çıxışına yazı ilə cavab verib: "Şair Ulucay Akifin Səməd Vurğunun "qazaxlı" qılafından çox-çox uzaq şair olduğunu bilməməyinə təəssüfləndim. Bunu bilmiş olsaydı, məsələyə daha müdrik yanaşar, ittihamlara cavab vermək iqtidarında olmayan, yetmiş il öncə dünyasını dəyişmiş şairi qaraguruhla, özünüifadənin bəsit formalarıyla müdafiə etmək istəyən sadə qazaxlıları top-tüfənglə, süngüylə qarşılamaq yerinə, onların sədaqətini, duru sevgilərini anlayışla qarşılayıb bu söhbətin üstündən keçə bilərdi, amma keçmədi. Səməd Vurğunun yaradıcılığı haqqında Pablo Neruda, Mixail Şoloxov, Nazim Hikmət, Lui Araqon, Çingiz Aytmatov kimi cahanşümül söz adamları fikir, münasibət bildiriblər. Müxtəlif elektron resurslardan tapdığım, qeyri-qazaxlılar tərəfindən yazılmış bəzi yazılarla buyurub tanış ola bilərsiniz..."
lll
Təzə nə var?
Şərif Ağayar yeni sərgidən xəbər verir: "Nəşriyyatımızın zalını təmirdən sonra yeni kitab sərgisi ilə açdıq. Necə deyərlər, "Xeyirli olsun!" duasını əyani həyata keçirdik. Bu gündən yay sərgimiz açılır. İyunun 23-nə kimi hər gün səhər saat 9.00-dan 20.00-a kimi qulluğunuzdayıq. Şərtlər həmişəki kimi çox sərfəlidir. 20-30-50-70-90 faiz endirimdən tutmuş 1-2 manatlıq kitablara qədər hər janrda, hər mövzuda, hər yaşa uyğun, dünyanın hər tərəfindən kitablar əldə edə bilərsiniz. Mənim kitablarımı da artıq 2 manata əldə etmək şansımız var. Birinci şəxsin cəmində niyə yazdım? Çünki belə ucuz olunca hədiyyə etmək üçün özüm də alıram.
Ünvan: Tbilisi pr, 76. Qanun Nəşrlər Evi. Üçüncü mərtəbə".
lll
Vahid Qazi yeni kitabı ilə oxucularını müjdələyir: "Feysbukda qalan yaddaş ləpirlərim". Şəkilli xatirələr toplusu... Nə zamansa Azərbaycanın, İsveçin Yazıçılar Birliyinin üzvü olsam da, özümü heç vaxt yazıçı saymamışam. Yəqin, bu sözün məsuliyyətini dərk etdiyimə görə. Yazdıqlarımı könül qeydləri bilmişəm. İstər iri həcmli povest, hekayə, esse olsun, istər üç-beş sətirlik feysbuk statusu. Hərdən o könül qeydlərini mövzulara uyğun toplayıb kitab bağlamağım da olur. Səyahət, yurd, Qarabağ, mədəniyyət, incəsənət, ədəbiyyat yazılarından, azadlıq, demokratiya hekayətlərindən, müsahibələr toplusundan kitablar tərtib etdiyim kimi. Bu kitab da onlardan biridir".
lll
İlqar Əlfioğlunun uşaqlar üçün ərsəyə gətirdiyi kitabı çap olunur: "Bizim Azərbaycan Dövlət Tərcümə Mərkəzi "Turalın kitabları" seriyasından ilk kitabımın siqnal nüsxəsini nəşr edib, Yer planetinə həsr olunub. 6-8 yaşlı balalar üçündür, amma yaşlı bisavadların, ələlxüsus testdən keçə bilməyənlərin də oxuması da müstəhəbdir... Kitabın üz qabığının istedadlı rəssamı Şəhla Feyziyevaya təşəkkürlər! Kitab balaca Tural ilə babasının dialoqları şəklindədir. Maraq doğursa, nə qədər möhlətim varsa, bu silsilə davam edəcək...
P.S. Bizim Tural uşaqlıqda mənə o qədər sual verirdi ki, gəl görəsən. Təcrübəm var..."
lll
Qismət Rüstəmov yazır: "Dünyanın ən gözəl mesajı: Kitablarınız yerli anbara çatdı!"
Belə mesajlarınız çox olsun, şair!
Hazırladı: Nadir YALÇIN