"Əziz Bağça", Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB) və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Əziz Bağça"da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların sehirli dünyası" adlı tədbir gerçəkləşib.
Tədbirdə PXTİB-nin icraçı direktoru Leyla Kərimova, PXTİB-nin sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova, Əziz bağçanın rəhbəri Şəlalə Qarayeva, PXTİB-nin könüllüləri, bağçanın müəllim, valideyn və uşaq kollektivi iştirak ediblər.
Bağçanın balaca fidanları dövlət himni ilə onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Azərbaycan " adlı kompozisiya ilə start götürüb. Bağçanın müdiri Şəlalə Qarayeva tədbirin proqramı haqqında məlumat verib.
Daha sonra çıxış edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı rus qrupunun uşaqları tərəfindən nağıl əsasında hazırlamış "Uşaqların sehirli dünyası" adlı ssenarisi maraqlı kompozisiyalarının nümayişi ilə davam edib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. O cümlədən, bağçanı bitirən məktəbəqədər uşaqların məktəbə yola salınması qeyd edilib.
"Loqos"un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media" layihəsi çərçivəsində ikinci təlim keçirilib.
"KİV-də psixoloji maarifləndirmə" mövzusunda keçirilən təlimi filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı və "Loqos"un psixoloqu Rafiq Allahverdiyev aparıblar.
Təlimdən öncə PXTİB-nin icraçı direktoru Leyla Kərimova media layihəsinin əsasnaməsi haqqında məlumat verib.
Daha sonra mövzu əsasında təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb.
ŞAHANƏ