Tarif Şurasının Azərbaycanda ictimai nəqliyyat sektorunda sərnişindaşıma xidmətlərinin qiymətlərinin dəyişdirilməsi ilə bağlı qərarı ictimaiyyət arasında müzakirə olunan əsas mövzulardan biridir.
İyulun 30-da keçirdiyi iclasda sərnişindaşıma səhasində mövcud tarifləri nəzərdən keçirən, bu sektorda xidmət göstərən daşıyıcıların müraciətlərinə baxan Tarif Şurası yekun nəticədə ictimai nəqliyyatda - avtobus və metroda gediş haqlarının artırılmasıyla bağlı qərar qəbul edib. Sözügedən qurum metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifinin 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilməsini bu sahədə keyfiyyətin yüksəldilməsi istiqamətində görülən zəruri tədbir kimi xarakterizə edir. Bununla nəqliyyat sektorunda infrastruktur layihələrinin həyata keçirilməsinin, sərnişindaşıma xidmətində dövrün ən müasir standartlarının tətbiq olunmasının mümkünlüyünə işarə edilir.
Mövzu ilə bağlı fikirlərini bildirən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, hər bir milli iqtisadiyyatın tənzimlənməsi ölkənin iqtisadi institutlarının başlıca vəzifələrindən biridir. O, SİA-ya bildirib ki, qloballaşan dünyada iqtisadi münasibətlər bu və ya digər formada qarşılıqlı inteqrasiya etmiş olur və belə olduqda milli iqtisadiyyat kimi səciyyələndirdiyimiz iqtisadiyyat da az və ya çox dərəcədə qlobal iqtisadi proselərdən asılı vəziyyətə düşür: "Bu, hazırkı beynəlxalq iqtisadi münasibətlər sisteminin başlıca xüsusiyyətlərindən birdir". Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı da hazırkı inkişaf mərhələsində qlobal iqtisadiyyatla sıx təmasda olan iqtisadiyyatdır və onun idarə olunması da çevik və effektiv idarəetmə tələb edir: "Tutaq ki, nəqliyyat sektorunda hansısa məsələlərin, yükdaşımaların yaxud sərnişindaşımaların iqtisadi tənzimlənməsi həm də həmin sektorun logistikasının idxalı ilə bağlı xərclərin nəzərə alınmasını da tələb edir. Yəni əgər bu gün sərnişindaşımada metronun mühüm vasitə kimi saxlanmasını, yaxud onun daha da inkişaf etməsini, yeni xətlərin tikilməsini istəyiriksə, mütləq xaricdən yeni avadanlıqlar və tikinti vasitələri almalıyıq, yeni texnologiyalar əldə etməliyik ki, bu sahə inkişaf etsin. Belə olduqda qlobal bazarda olan iqtisadi şərtlər mütləq milli sektora da təsir edir. Ona görə də qiymətlərin tənzimlənməsi şərtləri yaranır. Hazırda da belə bir vəziyyətlə üzləşmişik və problemin daha böhranlı vəziyyətə çatmaması üçün müdaxiləyə ehtiyac yaranıb və Tarif Şurası da bunu edib".
H.Babaoğlunun sözlərinə görə, hamıya bəlli faktdır ki, Azərbaycan dövləti daima sərnişindaşıma sektoruna güzəştli şərtlər tətbiq edir: "Bunun nəticəsidir ki, hətta son qiymət artımından sonra belə Azərbaycanda sərnişindaşıma qiymətləri bütün postsovet məkanında ən aşağı olanıdır. Əgər biz Şərqi Avropa və digər ölkələrlə müqayisə etsək, daha böyük qiymətlərlə üzləşmiş olacağıq. Ona görə də bu cür tənzimləmələri iqtisadi zərurət kimi qəbul etmək lazımdır. Dünyanın heç bir yerində heç nə 10 il əvvəlki qiymətə deyil.
Ona görə də çevik iqtisadi tənzimləmələri qlobal iqtisadi sistemin zəruri şərtlərindən biri kimi qəbul etməliyik".
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev isə bildirib ki, ümumiyyətlə, dünyanın istənilən bir ölkəsində qiymət artımı olursa, bu, insanların, vətəndaşların cibinə ziyandır: "Təbii ki, buna müəyyən etirazların, narazılıqların olması mümkündür. Amma nəzərə almaq lazımdır ki, bu, zərurətdən doğan bir addımdır. Məsələn, 2007-ci ildən bu yana nəqliyyat sektorunda qiymətlərə heç bir artım olunmurdu. Başqa-başqa sahələrdə artım olsa da, nəqliyyatda bu artım qeydə alınmamışdı. O cümlədən, "Bakı Metropoliteni"ndə 2011-ci ildən etibarən qiymət artımına gedilmirdi. Gec-tez bu addım atılmalı idi. Nə etmək olar? Axı bazar iqtisadiyyatının reallıqları var".
Baş redaktorun sözlərinə görə, nəqliyyatda, metroda daşınmanın maya dəyəri var: "Təbii ki, buna uyğun olaraq da qiymətlər müəyyənləşməlidir. Bildiyiniz kimi, "Bakı Metropoliteni" hər il dövlət büdcəsindən dotasiya alır. Bu artımdan sonra da rəsmi açıqlamalara görə "Bakı Metropoliteni"nə yenə də dövlətin yardımı olacaq. MDB regionunda ən aşağı daşınma qiymətləri Azərbaycandadır. Bu baxımdan, hesab edirəm ki, vətəndaşlarımız da, ictimai sektorun təmsilçiləri də bu qiymət artımına loyal yanaşmalıdırlar. Bu, qaçılmaz bir addımdır. Gediş haqlarının artırılması ictimai nəqliyyatda, o cümlədən, metroda daşınma keyfiyyətinin artırılmasına, metroda kondisonerli vaqonların sayının daha da çoxalmasına, nəqliyyatda daha keyfiyyətli avtobusların, marşrut xətlərinin buraxılmasına gətirib çıxaracaq. Ümumilikdə, bu işin keyfiyyətinə müsbət təsir göstərəcək".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov isə ictimai nəqliyyatda differensial qiymətlərin təklifini irəli sürüb: "Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən, qonşu Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əvvəla, əksər ölkələrdə olduğu kimi, tələbələr üçün güzəştli qiymətlər ilə tələbə nəqliyyat kartının tətbiqi vacibdir. Bu zaman tələbələrin 30 faiz güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. V.Bayramov qeyd edib ki, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var: "Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı, nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən, Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir. Eyni zamanda, nəqliyyatdan pulsuz istifadə edənlər qrupu da ayrıca təsdiq edilir. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini hiss edilən dərəcədə azalda bilər".
C.ABASOV