Bugünlərdə şair Aləm Kəngərlinin “Naməlum adam” yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin bir povesti və on yeddi hekayə cəmlənib. Kitabın adı povestin adından götürülüb. Kitabın ön söz müəllifi Xalq şairi Sabir Rüstəmxanlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, korrektoru jurnalist Hicran Hüseynovadır. Kitab “Qanun” nəşriyyatında çap olunub.
Qeyd edək ki, Aləm Kəngərli imzası ədəbiyyatsevərlərə yaxşı tanışdır. İndiyəcən müxtəlif şeir və mənalı hekayələri ilə oxucuların diqqətini çəkən Aləm Kəngərli 80-ci illər ədəbi nəslinin tanınmış nümayəndələrindəndir. O, 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.
A.Kəngərli bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. “Şərur qönçələri” ədəbi birliyinin üzvü olub. Hekayə, şeir və publisistik yazıları “İşıqlı yol”, “Sovet Naxçıvanı”, “Şərq qapısı”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Kaspi”, “Ədalət” qəzetlərində və “Azərbaycan”, “Ulduz”, “Yada düşdü”, “Yurd” jurnallarında və müxtəlif saytlarda çap olunub.
A.Kəngərli Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Məmməd Araz” mükafatı laureatıdır.
SEVİNC