|
|
|
|
Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir.
Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü avqustun 31-də Zaqatala rayonunda keçirilib. Belə ki, nazir Şəki, Zaqatala, Balakən, Qax və Oğuz sakinlərini qəbul edib, problemləri ilə yerindəcə tanış olub.
Qəbuldan əvvəl Ə.Qarayev Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Şəkidən qəbula gələnlər Şəki Regional Mədəniyyət İdarəsinin “Mədəniyyət qalası” qəzetinin nazirliyin mətbu orqanları sırasına daxil edilməsi, regionlarda istehsal olunan sənətkarlıq nümunələrinin Bakıda satışının təşkili, uşaq musiqi və incəsənət məktəblərində attestasiyaların keçirilməsi, tarixi ənənələr əsasında yeni milli geyim növlərinin, onların çeşidlərinin, elementlərinin hazırlanmasına kömək göstərilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Zaqatala sakinlərinin müraciətləri kompüter proqramlarının öyrənilməsi məqsədilə kitabxanalarda çalışan multimedia mütəxəssislərinin hazırlıq və ixtisasartırma kurslarına cəlb olunmaları, nadir nüsxəli, çətin tapılan kitabların kiril əlifbasından latın əlifbasına çevrilməsi üçün skan aparatının alınması barədə idi.
Balakəndən qəbula yazılan vətəndaşlar tərəfindən rayonda rəsm qalereyasının yaradılmasına, əhalinin rəqsə marağını nəzərə alaraq bölgədə rəqs festivalının keçirilməsinə, xalq yaradıcılığı dərnəkləri və birlikləri üçün müasir dövrün tələblərinə uyğun metodik vəsaitlərin hazırlanmasına kömək göstərilməsi barədə müraciətlər olub.
Qax sakinləri uşaq incəsənət məktəbi üçün yeni tədris binasının tikilməsi, uşaq musiqi və incəsənət məktəbləri üçün ustad dərslərinin keçirilməsi, respublikada xalq teatrları festivallarının mütəmadi təşkili və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.
Oğuz sakinləri də kitabxana fondlarının tibb və kənd təsərrüfatına aid ədəbiyyatlarla komplektləşdirilməsi, rayonda keçirilən “Şəfa” bayramının daha geniş qeyd olunması, rayonda rəsm qalereyasının yaradılması barədə istəklərini nazirin diqqətinə çatdırıblar.
Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Jurnalistlərə müsahibəsində Ə.Qarayev yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər həll edilir. Nazir deyib ki, budəfəki görüşdə də bir sıra maraqlı təkliflər, müraciətlər olub.
Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair təkliflər səsləndirilib. Həmçinin, mədəniyyət müəssisələrinin əməkdaşlarının kompüter biliklərinin təkmilləşdirilməsi, mətbu orqanlar vasitəsilə mədəniyyətin daha geniş təbliğ olunması, kitabxanalara müvafiq sahələr üzrə kitabların verilməsi, rəsm qalereyalarının fəaliyyəti ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev həmçinin, Zaqatala və Qax rayonlarında bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.
O, əvvəlcə Zaqatala rayon Heydər Əliyev Mərkəzində olub. Nazirə məlumat verilib ki, binanın birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin ekspozisiya yaradılıb. Burada Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotoşəkillər və digər sənədlər nümayiş olunur. Ekspozisiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif dövrlərdə Zaqatala rayonuna səfərləri zamanı çəkilmiş fotoşəkillər də nümayiş etdirilir. Mərkəzdə fəaliyyət göstərən dərnəklər haqqında da nazirə məlumat verilib.
Daha sonra nazir Zaqatala Rayon Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, 1989-cu ildən fəaliyyət göstərən qalereya 2009-cu ildən Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşir. Qalereyanın ekspozisiyasında 40-dan çox rəsm əsəri, həmçinin, məktəblilərin əl işləri nümayiş etdirilir. Daimi fondda olan 127 əsərlə yanaşı, rayon rəssamlarının əl işləri, rəsm əsərləri əlamətdar günlər, bayramlar zamanı səyyar sərgilər vasitəsilə şəhərin park və meydanlarında da ictimaiyyətə təqdim olunur.
Mədəniyyət mərkəzi ilə tanışlıq zamanı burada əhaliyə göstərilən xidmət barədə nazirə məlumat verilib. Qeyd olunub ki, mərkəzdə tarixi və əlamətdar günlər münasibətilə, həmçinin folklor, sənətkarlıq, diyarşünaslıq profillərinə uyğun tədbirlər keçirilir.
Nazir Zaqatala Rayon Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkib. Bildirilib ki, bu muzey 1967-ci ildə təşkil olunub. Ekspozisiyada qədim dövrdən bu günümüzədək rayonun tarixini, mədəniyyətini, məişətini və s. əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə müxtəlif dövrlərdə sənətkarlar tərəfindən hazırlanmış məişət əşyaları da toplanıb. Bu əşyalar sırasına dulusçuluq sənəti nümunələri, ağac və müxtəlif materiallardan hazırlanmış məişət və kənd təsərrüfatı alətləri, toxuculuq məmulatları, metaldan düzəldilən bəzək əşyaları, müxtəlif dövrlərə aid geyim nümunələri və silahlar daxildir. Daha sonra bu rayondakı uşaq incəsənət məktəbinə gələn mədəniyyət naziri təhsil ocağının maddi-texniki vəziyyəti ilə maraqlanıb.
Eyni zamanda, Ə.Qarayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevlə birgə rayondakı bəzi mədəniyyət müəssisələri və tarixi tikililərin vəziyyəti ilə də tanış olub.
İlk tanışlıq Qax şəhər məscidindən başlayıb. XIX əsrdə inşa olunmuş məscid binasında bir neçə il öncə bərpa işləri həyata keçirilib. Bina formaca dördbucaqlıdır. Dam örtüyü qırmızı kirəmitlə işlənib. Minarəsi dəyirmi formada olub bişmiş kərpicdən inşa edilib. Hündürlüyü 16 metrdir.
Ə.Qarayev və rayon icra hakimiyyətinin başçısı daha sonra Bayraq Muzeyinə baş çəkiblər. Məlumat verilib ki, muzeyin yerləşdiyi kompleksin ərazisi üç hektardır. Geniş yaşıllaşdırma işlərinin görüldüyü kompleksdə müasir işıqlandırma sistemi quraşdırılıb. Bayraq Meydanının ərazisində ümumi sahəsi 730 kvadratmetr olan muzey binası inşa edilib. Muzeydə milli bayrağımızın təbliği ilə bağlı eksponatlar və dövlət atributları sərgilənir. Ekspozisiya zalında tarixi Azərbaycan dövlətlərinin bayraqlarına və digər atributlara geniş yer verilib. Bu eksponatlar Azərbaycan dövlətçiliyinin keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, həm də gənc nəsil üçün xüsusi əhəmiyyətə malikdir.
Nazir hər iki rayonda mədəniyyət müəssisələri və abidələrin fəaliyyətinin daha da gücləndirilməsi üçün tapşırıq və tövsiyələrini verib.
Jurnalistlərə müsahibəsində Ə.Qarayev tarixi abidələrin təmir-bərpa olunması məsələsinə toxunaraq vurğulayıb ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Bununla yanaşı, tarixi abidələrin qorunmasında ictimaiyyətin də yaxından iştirakı vacibdir.
Şahanə MÜŞFİQ