Gəncə müəllimlərinin 2017-2018-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransının iştirakçıları öncə ulu öndər Heydər Əliyevin şəhərin baş meydanındakı abidəsini ziyarət ediblər.
Konfrans 2017-2018-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, ötən tədris ilində Gəncə şəhərinin orta təhsil müəssisələrində 40 067 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3 868 nəfər müəllim məşğul olub. Z. Hüseynov həmçinin qeyd edib ki, cari ildən etibarən uşaqların hazırlıq qruplarına qəbulu elektron qaydada aparılır və qarşıdakı tədris ili üçün 2013-cü ildə anadan olmuş 3749 nəfər uşağın 75 faizi, yəni 2812 nəfəri 141 hazırlıq qrupuna qəbul ediləcək, yeni dərs ilində 4200 nəfərdən çox uşaq isə birinci sinifdə oxuyacaq.
Z. Hüseynov bu il Gəncənin orta məktəb məzunlarından ali məktəblərə qəbul olunanların sayının ötən ilə nisbətən artdğını da diqqətə çatdırıb.
"Bu il ali məktəblərə qəbul olan gəncəli abituriyentlərdən 264 nəfəri 500-dən yuxarı, 90 nəfəri 600-dən yuxarı və 1 nəfəri isə 700 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin statistik məlumatına əsasən, Gəncədən 2017/2018-ci tədris ilinin məzunlarından 1991 nəfəri ali məktəblərə sənəd təqdim edib. Onlardan 1048 nəfəri Respublikamızın ali məktəblərinə, 61 nəfəri isə xüsusi təyinatlı Ali Təhsil Müəssisələrinə qəbul olunublar. Bundan başqa, 195 nəfər abituriyent 11 illik təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə, ümumilikdə isə Gəncə məzunların 64,18% ali və orta ixtisas məktəblərinə qəbul olunublar. 20-dən çox məzun xarici ölkələrin - İngiltərə, Polşa, Türkiyə, Rusiya, Sinqapur və Cənubi Koreyanın ali məktəblərində təhsillərini davam etdirəcəklər.
Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva konfransda çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdırıb. Məhəbbət Vəliyeva ölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən birinin keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığının olduğunu bildirib, 2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili" elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığını vurğulayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfransda çıxış edərək son illər təhsildə qazanılan uğurları dövlət qayğısının nəticəsi kimi dəyərləndirib. O bildirib ki, Gəncədə fəaliyyət göstərən məktəblərdən 34-ü tam təmirlidir, hazırda isə 1076 şagird yerlik 7 nömrəli tam orta məktəbin binasında isə əsaslı təmir işləri davam etdirilir. Gəncədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərdən danışan Niyazi Bayramov kollektivə öz tövsiyyələrini verib və onlara yeni dərs ilində uğurlar arzulayıb.
Çıxışlardan sonra bu il gəncəli abituriyentlər arasında ali məktəblərə qəbul imtahanlarında yüksək göstəricilərlə fərqlənən - 700 bal toplayan 27 nömrəli məktəb-liseyin məzunu Selcan Məmmədli və 695 bal toplayan 30 nömrəli tam orta məktəbin məzunu Altun Balayevə noutbuk hədiyyə edilib.
Zakir MURADOV
Gəncə