Dünən Bakıda "Meyvə ustası" və "Tərəvəz ustası" ixtisasları üzrə hazırlanmış 7 modul dərsliyin təqdimat mərasimi keçirilib.
Modul dərsliklər "BP" şirkətinin və tərəfdaşlarının maliyyə dəstəyi ilə "British Council" tərəfindən icra olunan "Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması" layihəsi çərçivəsində hazırlanıb.
Təqdimat mərasimində təhsil naziri Ceyhun Bayramov, Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts, "BP" şirkətinin regional prezidenti Qeri Cons, "British Council"un Azərbaycan üzrə direktoru Summer Xia, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və layihənin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən təhsil naziri son illərdə ölkədə peşə təhsilinin əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunduğunu, bu sahədə aparılan islahatların və həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb. Təhsil naziri bildirib ki, peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin uğurlu icrası, "Peşə təhsili haqqında" Qanunun qəbul edilməsi peşə təhsilinin inkişafı üçün yeni imkanlar yaradıb. Nazir peşə təhsili sahəsində beynəlxalq təşkilatlarla, xüsusi ilə "Bp" şirkəti və "British Council" ilə birgə əməkdaşlığın müsbət nəticələri barədə məlumat verərək əlaqələrin davam etdiriləcəyini vurğulayıb.
Nazirin sözlərinə görə, əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir: "Bu il ölkədəki bütün "Asan xidmət" mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib".
C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan və Koreya hökumətlərinin birgə kredit layihəsi çərçivəsində ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, 8 istiqaməti əhatə edən, dünya səviyyəli, müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır: "Bu ilin yanvar ayında təməlqoyma mərasimi olub. 2019-cu ilin yay aylarında layihəyə start verilməsi gözlənilir".
Böyük Britaniyanın Azərbaycandakı səfiri, xanım Karol Krofts deyib ki, bu layihə ölkədə kənd təsərrüfatı üzrə peşə təliminin keyfiyyətliliyinin artırılması məqsədi daşıyır.
Mərasimdə digər çıxış edənlər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən danışıb, modul dərsliklərin peşə təhsilində tədrisin məzmununun və keyfiyyətinin yüksəldilməsində səmərəli olacağını vurğulayıblar.
Qeyd edək ki, 2016-cı ildən icra olunan "Kənd təsərrüfatı üzrə peşə təhsili: yeni ixtisasların yaradılması" layihəsi çərçivəsində 19 modul dərslik hazırlanıb.
S.QARAYEVA