Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Gələcəyin energetikası: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfrans işə başlayıb. ADNSU-nun təşkilatçılığı ilə keçirilən tədbirdə beş ölkədən 15-dək xarici mütəxəssis və alim, hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.
Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi ali təhsil ocağında energetika sahəsində həyata keçirilən kadr hazırlığından danışıb. Rektor bildirib ki, ADNSU ölkəmizdə müvafiq sahə üzrə ən çox mütəxəssis yetişdirən ali məktəbdir. Məqsəd Azərbaycanın energetika sahəsində surətli inkişafı naminə keyfiyyətli kadrlar hazırlamaqdır.
Rektorun sözlərinə görə, tədbirin keçirilməsinin məqsədi energetika sahəsində tanınmış alimlərlə universitetimizdə müzakirələr aparmaq, müvafiq istiqamətdə müəyyən problemlərin həlli yollarını tapmaqdır. Həmçinin, konfrans azərbaycanlı alimlər üçün də önəmli platformadır. Çünki onlar dünyada tanınmış alimlərlə müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Konfransda çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva isə deyib ki, Azərbaycanın təhsil sistemi dünya miqyasında ixtisaslı kadrlar yetişdirmək səviyyəsindədir. Onun sözlərinə görə, universitet və orta məktəblər arasında olan münasibətlər təhsilin keyfiyyəti üçün çox vacibdir: "Hər universitet orta məktəblərdə şagirdlərə özü haqqında geniş məlumat verməlidir ki, şagirdlər seçim edəndə məqsədli olsunlar, təxminən deyil, sevərək ixtisas və universitet seçsinlər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu istiqamətdə daimi işlər görür, orta məktəblərdə universitet haqqında geniş məlumat verir". M.Vəliyeva qeyd edib ki, Azərbaycan orta məktəblərdə şagirdlərin vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə ciddi əhəmiyyət verilir: "Vətəndaşlıq mövqeyinin möhkəmlənməsi şagirdlərimiz üçün çox vacibdir".
Sonra Azərbaycanda energetika sahəsinin inkişafı ilə bağlı film nümayiş olunub.
Qeyd edək ki, iki gün davam edəcək konfransda "Müasir energetikanın problemləri", "Bərpa olunan enerji mənbələri", "Nüvə energetikası" bölmələr üzrə təqdim olunan 60-dan çox tezisdən seçilmiş mövzular üzrə müzakirələr aparılacaq.
S.QARAYEVA