"Yeni tədris ilinə sürətlə hazırlıqlar gedir. Hazırlıq mərhələsi yekunlaşmaq üzrədir".
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib. Təhsil naziri bildirib ki, 165 minə yaxın şagird ilk dəfə məktəbə qədəm qoyacaq: "Həm onları, həm də onların valideynlərini təbrik edirəm. Bu il rekord sayda, təxminən 41 min nəfər tələbə adını qazanıb. Bu, ötən illərlə müqayisədə ən yüksək göstəricidir".
C.Bayramovun sözlərinə görə, Heydər Əliyev Fondu və başqa bir sıra qurumların dəstəyi ilə bu il 76 təhsil müəssisəsinin əsaslı təmiri, yaxud yenidən qurulması işləri planlaşdırılıb: "Bundan əlavə, 137 modul tipli məktəbin də quraşdırılması nəzərdə tutulub. Onların da böyük əksəriyyətində işlər yeni tədris ili başlanana qədər tamamlanacaq. Bu il üçün ümumilikdə 332 adda 7 milyona yaxın tədris vəsaiti çap olunub və bütün məktəblərə paylanılıb".
Qeyd edək ki, yeni tədris ilində ümumi təhsil müəssisələrində ümumilikdə 1 592 317 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 4053 nəfər müəllim adını qazanaraq işə qəbul olub. Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə "Vətənim Azərbaycan", V-IX siniflərdə "Dövlət rəmzləri-müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı" mövzularına həsr olunacaq.
S.QARAYEVA