Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq rəssamı, "Şöhrət" ordenli, Dünya Rəssamlıq Akademiyasının akademiki, professor, ADMİU-nun Rəssamlıq fakültəsinin Dizayn və Dekorativ-tətbiqi sənət kafedrasının müdiri Arif Əzizə UNESCO yanında fəaliyyət göstərən Dünya Rəssamlıq Akademiyasının və "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının "Roses of the world" adlı qızıl medalı təqdim edilib.
Tədbirlə əlaqədar ADMİU-nun qonağı "Yeni era" Dünya Rəsssamlıq Akademiyasının prezidenti, akademik, UNESCO-nun Mədəniyyət İnstitutunun professoru, "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının və Dünya Rəssamları Assosiasiyasının üzvü, Rusiyanın Xalq rəssamı Anatoliy Silov olub.
Qeyd edək ki, "Roses of the world" qızıl medalı UNESCO tərəfindən dünya təsviri incəsənətinin və beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi töhfələr verən, təhsil və maarifçilik sahəsində mühüm rolu olan elm və sənət xadimlərinə 2007-ci ildən təqdim edilir.
Tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Azərbaycan və UNESCO əməkdaşlığı haqqında danışaraq, elm və incəsənət xadimlərinin bu yolda uğurlarının əhəmiyyətini qeyd edib.
Arif Əzizə təqdim olunan "Roses of the world" qızıl medalı rəssamın milli və dünya təsviri incəsənətinin inkişafına verdiyi yüksək töhfələr, yarım əsirlik pedaqoji və ictimai fəaliyyətinin nəticəsidir. Qeyd edək ki, Qızıl medal sənətkarımıza "Sülhsəvər" nominasiyasında təqdim olunub.