Bugünlərdə şair Firuzə Məmmədli "Seçilmiş əsərləri"nin IX cildi ilə oxucuların görüşünə gəlib.
"Elm və təhsil" nəşriyyatında nəfis tərtibatda çap olunan kitabda şairin müxtəlif illərdə yazığı şeirləri, "Fədailər" poeması və qələm dostlarının onun haqqındakı məqalələri yer alıb.
Təranə Turan Rəhimlinin tərtib etdiyi nəşrin dizayneri Şəmsiyyə Camalova, korrektoru Səbinə Aslanovadır.
F.Məmmədlinin "Sərvətim", "Azadlığım", "Yol", "Vətən", "İçərim-şam işığı", "Dünyaya", "Ürəyim", "Payız", "Nəsihət", "Xatirə", "Axşam", "Gəncliyin əvəzi yox", "Bir gün şəkil olub", "Rəsm", "Ümidlərim kiçilmədi", "Nağıl yalanı" "Tale" və s. kimi müxtəlif məzmunlu şeirləri "Varıb gedək gələcəyə" sərlövhəsi ilə təqdim olunub.
Onun 1983-cü ildə qələmə aldığı və IX cildə daxil edilən "Fədailər" poeması XIX əsrin sonlarında "haqq və ədalət uğrunda canından keçən mübarizlərə" həsr olunub.
Kitabın "Öz ömrünü uzadır Sözə ömür verənlər" adlı üçüncü hissəsində isə Təranə Turan Rəhimlinin və Qəşəm Nəcəfzadənin Firuzə Məmmədli poeziyası haqqındakı məqalələri yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, şair, kitabın tərtibçisi T.T.Rəhimli "Qadın ürəyi qədər kövrək poeziya" məqaləsində yazır: "F.Məmmədlinin özünəməxsus lirik-fəlsəfi üslubu var. Bu üslub milli poeziyada həm ənənəvi məktəbin, həm də eksperimental-modern məktəbin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir. Bu cəhətdən də F.Məmmədli şeiri bir tərəfdən Molla Pənah Vaqif, Səməd Vurğun şeiriyyətindəki səmimiyyəti, dil sadəliyini, fikir aydınlığını özündə ehtiva edirsə, digər tərəfdən Rəsul Rza poeziyasının özünüdərkə səsləyən modernist ruhunu təcəssüm etdirir. Və bu orijinal üslubun səmimiliyi, fəlsəfiliyi, ahəngdarlığı şairin bütün yaradıcılıq nümunələrinə hopub, onun yaratdığı yeni ruhlu poeziyanın başlıca uğurunu təmin edir.
F.Məmmədlinin sənətkar "mən"i onun poeziyasında son dərəcə fəal, dürüst ifadə olunur. Bu poeziyada şair "mən"i ilə lirik qəhrəmanın ideya-estetik mövqeyi arasında məsafə yoxdur, onların əlaqəsi bütövdür, qırılmazdır. Şairin lirik qəhrəmanının düşüncələr aləminə daxil olduqda bu poeziyanın rəngarəng mövzular "karvanı"na bir aparıcı mövzunun-humanizmin "sarbanlıq" etdiyini görürük. F.Məmmədlinin insanın psixoloji aləmi, fəlsəfi təfəkkürü, sevgisi, sevinci, kədəri, həyat, ölüm, dostluq, sədaqət, milli mənlik, dini etiqad və s. haqqında duyğuları əks etdirən lirikasında bütün mövzular humanizmdən qaynaqlanır, mənbəyini həssaslıq, paklıq, mənəvi saflıq, xeyirsevərlik kimi ülvi hisslərdən götürür".
"Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiri, şair Qəşəm Nəcəfzadənin "Narahat ruhun poeziyası" məqaləsində deyilir: "Firuzə Məmmədlinin poeziyası ruhun çırpıntılarını ifadə edir, o, bugünkü halına elə-belə gəlməyib, ayrılıq şaxtasına, həsrət buzuna düşüb. Ruhun enerjisi onu həmişə ayaqda saxlayıb. Şeirləri meyvə kimi dəyib, yetişib. "Altmışları", "yetmişləri" sonalayıb, seçib seçələyib, yaxşını, pisi arayıb, muraza çatıb, təfəkkürə, yaşa dolub. Artıq bu, yaradıcılıq prosesidir. Elə şair var ki, yüz kitabı çıxıb və yüz yaşı olsa da belə, prosesdən həmişə kənarda qalır, Firuzə Məmmədli bütün həyatı boyu "proses" şairi olmuşdur".
Şahanə MÜŞFİQ