Gördüklərini, yaşadıqlarını, təbiətdən gələnləri, insan fitrətindən boy qaldıranları, ürəyinə sığışdırdığı yeri, göyü, bu dünyada ovqatına bələd olduğu bütün nəsnələri sözə çevirmək üçün qələminin mürəkkəbini ürəyini qanı ilə qarışdıran, taleyini sözün taleyinə bağlayan kəslərdən biri idi İsi Məlikzadə... Sonradan özü də sehri müəmmalı olan sözə çevrildi; ölüm sevinmədi. Çünki qazanan əbədiyyət, ədəbiyyat oldu. Ölüm İsi Məlikzadə ismini öz sonsuzluğu kimi içinə çəkə bilmədi. İsi Məlikzadə özündən sonra da doğuldu. Çünki o, təkcə özünü adlayan yazıçı deyildi, həm də böyük bir ənənədən gələn nəsri adlayıb keçən illərə boylanan ədəbi nəslin layiqli nümayəndəsi idi. 1 May tarixində dünyaya gəlməsi ilə alın yazısına ölməzlik yazılan yazıçının, altmışıncıların yükünü çiynində daşıyan görkəmli şəxsiyyətlərdən biri olan İsi Məlikzadənin anadan olmasından 90 il ötürdü...
İsi Məlikzadə nəsrinin məziyyətləri, əsərlərindəki ustalıqla qələmə alınmış situasiyalar, üslub-dil möhtəşəmliyi barədə kifayət qədər məqalələr qələmə alınıb. Bu gün Azərbaycan oxucusunun, ələlxüsus gənc qələm adamının fokuslanmalı olduğu ən vacib məqam İsi Məlikzadənin orijinal insan obrazı yaratmaq və canlı hadisələrin tablosu ilə oxucunu üzbəüz qoymaq bacarığıdır. Onun obrazları arasında nadir hallarda mütləq qəhrəman, yaxud birmənalı əclafa rast gəlinir. İsi Məlikzadənin bütün mənfi xarakterli obrazlarının bir bəraətə ayaqyeri var. O, müsbət keyfiyyətli obrazlarına rahatlıqla məzəmmət edə bilir. Çünki İsi Məlikzadə hadisələrinin yüyənginə onəlli hakim ola bilib və o hadisələri qışqırıqsız ifadə etmək qüdrətinə sahib olub. Onun povestlərini və hekayələrini oxuyanda yazıçının necə rahat, bütün qələbəlikdən, qarğaşadan arınmış, demək istədiyini beyninin bir küncündə dincə qoymuş psixoloji vəziyyətini təsəvvür etmək elə də çətin deyil.
İsi Məlikzadə öz obrazları ilə oxucunu yaxından tanış edir. Qəhrəmanın dərinliyinə nüfuz etmək şəraiti yaradır. Yazıçının uzun nəfəsi, geniş sinəsi bu bənzərsiz tablolarla bizi heyrətləndirməyə başlayır. Oxuduqca hərflər arasından müxtəlif baxışları hiss edirsən. İsi Məlikzadənin obrazlarının görünüşünü, üz quruluşunu təsəvvür etmək müşkül deyil. O danışmır, o göstərir. İndi də belədir, onillər sonra kitaba maraq göstərən nəsillər üçün də belə olacaq. Cismani varlığı gözə dəymədiyi halda ismi indiki zamanda anılan insanlar arasında qələm adamları ən uzunömürlülər sırasındadılar, yəni bu dünya ilə yaşıd...
İsi Məlikzadə imzası ilə ilk tanışlığım müəllifin 1982-ci ildə çapdan çıxmış "Günəşli payız" kitabı ilə başlayıb. Kitabın ilk səhifəsində, sovet nəşrlərinin çoxunda olduğu kimi, qələmlə yazılmışdı: "Rəsulova Könülün şəxsi kitabı". Həmişə bu qeydlər məni xüsusi düşündürüb. Məsələn, bax bu adam bu kitabı hansı vaxt oxuyub? O, bunu oxuyanda ovqatı necə olub? Ətrafında nələr baş verib? Kimi sevib, kimə nifrət edib? Oxuduqları ona necə təsir bağışlayıb? Və necə olub ki, bu gün bu kitab, tanımadığım adamın adı həkk olunmuş bu nəşr məhz mənim kitabxanamdadır?.. Yəqin, bu da mənim, həmin Rəsulova Könülün, həm də İsi Məlikzadənin taleyidir...
Ağcabədi rayonundakı qəbiristanlığa daxil olanda ağlı-qaralı daşlar arasından büstə çevrilmiş bir sima sənə tərəf boylanır. Qarşısında dayanırsan, daşa da bəxtəvərlik oxuya bilirsən. Əlini daşa vurursan, görürsən, möhkəmdi, özü də çox möhkəm, baş vursan, başın yarılar... Sonra səni bu daşı görüb özünə tərəf çəkən söz haqqında fikirləşirsən; görürsən, bu dünyada daşdan da möhkəm şeylər var imiş: söz! İsi Məlikzadənin cümlələri qüvvətə qüvvət qatan "bir qatar tutiyi-şirinsüxənlər" cərgəsindədir. Ruhunu rəhmətlə anır, qələminin ölməzliyi qarşısında heyrət edirik.
Tanınmış qələm adamlarının təkcə İsi Məlikzadənin ruhunun şadlığı xatir yox, həm də sözün özünün qədri naminə söylədiklərini oxuculara təqdim edirik:
Xalq yazıçısı Anar: "İsi Məlikzadə bizim nəslin ən parlaq, ən istedadlı nasirlərindəndir. Olduqca mehriban, ünsiyyətcil xarakterə malik idi və son dərəcə təvazökar insan idi. Mən onu çox sevirdim. "Nəsrin fəzası" adlı yazımda böyük bir hissə İsi Məlikzadəyə həsr olunub. Xüsusilə, onun "Quyu" povestini çox bəyənirdim. Qarabağ həsrəti İsinin ömrünü qısaltdı. Təəssüf ki, o, bu günü görmədi, ən çox sevinənlərdən biri də İsi olardı. Onun xatirəsi mənim üçün əzizdir. İsi Məlikzadə Azərbaycanın ən işıqlı yazıçılarından biridir".
Xalq yazıçısı Kamal Abdulla: "İsi Məlikzadə kimi şəxsiyyətlər həmişə yaddaşlardadır. Onunla görüşləri həzin və sevimli bir əhvalla xatırlayıram. Görüşəndə sevindiyim adamlardan idi. Hər hekayəsi də bir master-klass nümunəsi... Unudulmazdır!"
Elçin Hüseynbəyli: "İsi Məlikzadə imzası özündən sonralara işıq salan mayakdır. Yaxşı xatirimdədir, mütaliənin qızğın dövründə İsi Məlikzadənin hər yeni kitabı insanlar üçün sevinc idi. Çünki oxucular həmin əsərlərdə özlərini kəşf edirdilər. Bu, bir növ, kitabla canlı ünsiyyətin formulu idi. İsi Məlikzadə bu formulu tapan və maraqlı cığır açan yazıçılardan olub. Vəfatından 30 ilə yaxın müddət keçməsinə baxmayaraq, o, bu gün də anılır, sevilir. İsi Məlikzadənin əsərləri əsasında ekranlaşdırılan tele-tamaşalar, filmlər bu gün də yayımlanır. Onları izlədikcə İsi Məlikzadə ilə aramızdakı illər bir saniyəyə çevrilir və onun təxəyyülünün genişliyi, təhkiyəsinin canlılığı insanı düşündürür. Deməli, əbədiləşmək budur!"
Fəxri Uğurlu: "İsi Məlikzadə Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin ən parlaq nümayəndələrindən biridir. Onun əsərlərindəki Qarabağ koloriti mənə həmişə Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığını xatırladıb. "Quyu", "Yaşıl gecə", "Evin kişisi", "Küçələrə su səpmişəm" kimi povestlərdə sevinclə kədər, faciə ilə komediya iç-içədir. İsi Məlikzadəni oxuyanda məni aran Qarabağın havası vurur. Onun bütün əsərləri gözəldir, ancaq fikrimcə, ən güclü əsəri "Quyu"dur. Məsələn, "Dədə palıd"da İsinin qələminə xas olmayan pafos tapmaq olar, hətta "Yaşıl gecə" kimi şedevrdə sosial didaktikaya bənzər nələrsə tapılar, amma "Quyu"da bir zərrə qəlp yoxdur, bu əsər ədəbi saflığı, bədii siqləti baxımından İsi Məlikzadə yaradıcılığının zirvəsidir. Mərhum yazıçımızın imzası milli ədəbiyyatımızın səhifələrindən heç vaxt silinməyəcək".
Etimad Başkeçid: "İsi Məlikzadə Azərbaycan ədəbiyyatında heç bir stereotipə sığmayan, orijinal, bəzən hətta parodoksal xarakter daşıyan düşüncə və yazı tərzi ilə əbədilik qazanmış sənətkardır. Bunun ən bariz göstəricisi odur ki, illər ötdükcə onun əsərlərinə oxucu marağı daha da artır, insanlarımızın dilindən adı düşmür. "Quyu", "Dədə palıd", "Gümüşgöl əfsanəsi" və bütün digər əsərləri indi bütöv bir tarixi dövrün şərti fonunu təşkil edir və spesifik tarixi-milli kaloritini özündə əks etdirir. İsi Məlikzadənin hekayələrində müəllif üçün ən vacib problem - insanın daxili dünyasının obrazı və psixologizm məsələləri tamamilə fərqli müstəvidə öz həllini tapır. Əsərlərin adları (yuxarıda sadaladıqlarımız da daxil olmaqla) heç vaxt təsadüfi təsir bağışlamır, bu, onun estetikasının yalnız bir hissəsidir və hekayələrinin süjeti, personajlar, təhkiyə forması, müəllif intonasiyası ilə üzvi şəkildə bağlıdır. İsi Məlikzadə yalnız onun özünə xas kompozisiya formasından istifadə edir: süjetin inkişafı, sonluğu, motivasiya sistemi və s. Bunların hamısı onun öz "əl işi"dir, heç kəsdən götürülməyib, hər halda, belə təsir bağışlayır. İsi Məlikzadənin bir yazıçı kimi ədəbiyyatımızın tarixində həmişə xüsusi yeri olacaq".
İlham Əziz: "İsi Məlikzadə müasir Azərbaycan ədəbiyyatının hekayə janrının sütun şəxsiyyətlərindən biridir. Onun yaradıcılığı nəsrə yeni qədəm qoyan adama qənimətdir. Prozanın böyük ustası detallara ədəbiyyat eliksirini elə səpib ki, çox adi situasiya, sadə adamlar ölməzlik tapıb. O, hekayələrində ironiyanı elit səviyyədə işlədib. İsi Məlikzadənin qəhrəmanları şəffafdır. Ən mənfi obrazının da içində məkr yoxdur. Bu nasirin nə olursa olsun, insanı anlaması, enpati qurmasıdır. Bu qəbildən olan yazıçılar xarici qüvvələrdən çox insanın daxili aləminə səyahət edir, onu tədqiq edir. Məni ən çox valeh edən ustad yazıçının mətnlərdəki arın-arxayın əminliyidir. İsi Məlikzadənin hekayələri sal qaya kimidir, yanından milyon illər "küləklər" əssə də, ondan toz da qopara bilməzlər. Strukturun forma ilə vəhdətində olan, zamanın məkana uduzmadığı proza nümunələri görkəmli nasirimizi əbədi olaraq ədəbiyyat tariximizə həkk edib. İsi Məlikzadəni oxuyub pis adam olmaq namümkündür".