
Tehran Hörmüz boğazından keçid üçün ödəniş almaq niyyətində deyil, yalnız İranın gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş tələb edir.
525.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.
“İslam Respublikası keçid haqqı, tranzit haqqı və ya tranzit rüsumları almaq niyyətində deyil. Əksinə, məqsədimiz ərazidə Omanla birgə göstərdiyimiz xidmətlərə görə ödəniş almaqdır. Bu xidmətlərə naviqasiya dəstəyi, axtarış-xilasetmə əməliyyatları, naviqasiya üçün təhlükəsizlik və mühafizə xidmətləri, eləcə də ətraf mühitə ziyan dəydikdə çirklənmənin təmizlənməsi kimi ətraf mühit xidmətləri daxildir. Bu cür tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil", - o deyib.
XİN rəsmisi bildirib ki, İran və ABŞ arasında razılaşmanın son variantı üzərində iş davam edir və onun tamamlanma müddəti bəlli deyil:
“Sazişin mətni yalnız nəticədən razı qaldığımız zaman qəti hesab edilə bilər. Vaxt cədvəlinə gəldikdə isə konkret tarixlər verə bilmərəm. Mətnin maraqlarımıza uyğun olduğundan əmin olmaq üçün onu yenidən nəzərdən keçirmək niyyətindəyik".
Kazem Qəribabadi söyləyib ki, İran ABŞ ilə saziş imzalanmasından sonra dondurulmuş xarici aktivlərinin yarısının dərhal azad edilməsində israr edir.
Pərvanə Sultanova



