
Avropa İttifaqı Rusiyanın Ermənistan məhsullarına qoyduğu məhdudiyyətlər fonunda İrəvana 50 milyon avroluq təcili dəstək paketi hazırlayır.
525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra bildirib.
"Bu, iqtisadi təzyiqdən başqa bir şey deyil və qəbuledilməzdir. Ermənistan məhsullarına ixrac məhdudiyyətləri tətbiq etməklə Moskva iqtisadi münasibətlərdən siyasi təzyiq göstərmək üçün istifadə edir", - o deyib.
Əlavə edib ki, Avropa bu təcrübədən yaxşı xəbərdardır və buna görə də Ermənistanı qətiyyətlə dəstəkləyir:
“Aİ Ermənistanı qətiyyətlə dəstəkləyir və 50 milyon avroluq maliyyə yardımını əhatə edəcək dəstək paketi hazırlayır. Həmçinin Ermənistanın müəyyən malları, xüsusən də kənd təsərrüfatı və qida məhsulları üçün ticarəti asanlaşdırmaq məqsədi ilə tədbirlər görür”.
Pərvanə Sultanova



