
Son illərdə hava şəraitinin necə dəyişdiyinin yəqin ki, hamımız fərqindəyik. Qış gəlir, amma gözlədiyimiz o soyuqlar, bərəkətli qarlar yağmır. Yay gələndə isə qeyri-normal istilər nəfəs almağı belə çətinləşdirir. Bu, sadəcə təbiətin şıltaqlığı deyil, bütün dünyanın, həm də bizim regionun qarşılaşdığı ən böyük problem olan qlobal iqlim dəyişikliyidir.
İqlim dəyişikliyi uzaq Antarktidadakı buzlaqların əriməsi ilə məhdudlaşmır. Bu proses hər birimizin gündəlik həyatına, süfrəmizə gələn çörəyə, içdiyimiz suya və nəfəs aldığımız havaya birbaşa təsir edir. Azərbaycan da coğrafi mövqeyinə görə bu qlobal böhrandan ən çox zərər çəkən və gələcəkdə də çəkə biləcək ölkələr sırasındadır. Problemin ölkəmiz üçün yaratdığı reallıqlara birlikdə nəzər salaq.
Su ehtiyatlarımızın azalması
Ən böyük həyəcan təbili su qıtlığıdır. Biz qonşu ölkələrlə müqayisədə su ehtiyatları baxımından zəif regionuq. Üstəlik, bizim yerüstü su ehtiyatlarımızın təxminən 70%-i ölkə xaricindən, qonşu dövlətlərdən gəlir. Kür və Araz çaylarının səviyyəsinin son illərdə necə düşdüyünü hamımız ürəkağrısı ilə izləyirik. Yay aylarında Kür çayının bəzi hissələrində su o qədər azalır ki, hətta dəniz suyu çayın yatağına dolur. Bu, həm içməli su təminatına, həm də minlərlə hektar torpağın suvarılmasına ciddi maneə törədir. Dağlarımıza düşən qarın miqdarı ildən-ilə azalır. Qar ərimirsə, çaylarımızı qidalandıracaq mənbələr də quruyur. Su yoxdursa, həyat da təhlükədədir. Azərbaycan əhalisinin böyük bir hissəsi bölgələrdə yaşayır və dolanışığını kənd təsərrüfatından çıxarır. İqlimin istiləşməsi və yağıntıların azalması birbaşa torpağın məhsuldarlığına zərbə vurur.
Su azaldıqca və hava isindikcə torpaqlar sürətlə şoranlaşır və yararsız hala düşür. Belədə məhsuldarlığın aşağı düşür. Taxıl, pambıq, meyvə və tərəvəz sahələri susuzluqdan quruyur. Bu da bazarda qiymətlərin artmasına və yerli məhsulların azalmasına səbəb olur.
Bəzən aylarla yağış yağmır, ardınca isə qəfil gələn güclü sel və dolu bütün məhsulu bir neçə dəqiqənin içində məhv edir. Kəndli əkdiyi məhsulun bərəkətini görə bilməyəndə, bu, təkcə onun yox, bütün ölkənin ərzaq təminatına təsir göstərir.

Xəzər dənizinin çəkilməsi
Gözümüzün önündə itən gözəllik Bakının, Abşeronun rəmzi olan Xəzər dənizi də iqlim dəyişikliyinin qurbanına çevrilir. Son illərdə dəniz sahilinə gedən hər kəs suyun nə qədər geri çəkildiyinin şahidi olur. Sahildəki qayalar, qumluqlar artıq tamamilə quruya çıxıb. Bunun əsas səbəbi temperaturun artması nəticəsində dəniz suyunun sürətlə buxarlanması və Xəzəri qidalandıran Volqa kimi böyük çayların suyunun azalmasıdır. Xəzərin çəkilməsi təkcə vizual problem deyil. Bu, dənizdəki canlı aləmin, xüsusilə nərə balıqlarının və suitilərin nəslinin kəsilməsi təhlükəsini yaradır. Eyni zamanda, limanların işinə və dəniz nəqliyyatına da ciddi ziyan vurur. Şəhərlərimiz və isti dalğaları iqlim dəyişikliyini Bakıda və digər böyük şəhərlərimizdə də çox kəskin hiss edirik. Yay aylarında binaların, asfaltın istini özünə çəkməsi nəticəsində şəhərlərdə dözülməz istilər yaranır. Biz buna "isti dalğaları" deyirik. Bu istilər xüsusilə yaşlılar, uşaqlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi sağlamlıq riskidir. Kondisionerlərin fasiləsiz işləməsi isə elektrik enerjisinə tələbatı artırır, bu da öz növbəsində enerji sisteminə əlavə yük salır.
Azərbaycan dövləti nələr edir?
Ölkəmiz bu təhlükənin fərqindədir və qlobal səviyyədə gedən mübarizəyə fəal şəkildə qoşulub. Azərbaycan istixana qazlarının emissiyasını, yəni havanı çirkləndirən tullantıların miqdarını azaltmaq öhdəliyini götürüb. Bunun üçün ölkəmizdə "yaşıl enerji"yə keçid sürətlənib. Qarabağ və Şərqi Zəngəzur bölgələri, həmçinin, Naxçıvan "yaşıl enerji" zonaları elan edilib. Burada günəş və külək elektrik stansiyaları tikilir. Çayların üzərində kiçik su elektrik stansiyaları bərpa olunur. Məqsəd odur ki, elektrik enerjisi istehsal edərkən neft və qazdan daha az istifadə edək, təbiətə ziyan vurmayaq. Həmçinin, ölkə daxilində su itkilərinin qarşısını almaq üçün torpaq kanallar betonlanır, müasir damlama suvarma sistemlərinə keçid təşviq edilir.
Biz fərd olaraq nə edə bilərik?
Bəzən bizə elə gəlir ki, iqlim dəyişikliyi böyük dövlətlərin, zavodların problemidir və sıravi insanın edə biləcəyi bir şey yoxdur. Amma bu, yanlış düşüncədir. Hər birimizin atacağı kiçik addımlar birləşərək böyük bir fərq yarada bilər. Gündəlik həyatımızda nələri dəyişə bilərik? Su və elektrik enerjisindən qənaətlə istifadə etmək lazımdır. Bu, həm büdcəmizə, həm də təbiətə xeyirdir. Plastik qablardan da az istifadə etmək məsləhətdir. Plastik torbalar və qablar ətraf mühiti çirkləndirir və parçalanarkən təbiətə zəhərli qazlar yayır. Yaşıllıqları artırmaq vacibdur. Ağaclar planetimizin ağciyərləridir. Hər əkilən ağac havanın təmizlənməsi və temperaturun aşağı düşməsi deməkdir.
Gələcəyimiz öz əlimizdədir. İqlim dəyişikliyi qapımızın ağzında deyil, artıq evimizin içindədir. Azərbaycanın gözəl təbiətini, bərəkətli torpaqlarını və gələcək nəsillərin həyatını qorumaq üçün bu gün hər kəs məsuliyyət daşımalıdır. Təbiət bizə qarşı amansız deyil, o, sadəcə bizim ona etdiyimiz rəftarın qarşılığını verir. Əgər biz bu gün suyumuza, torpağımıza, havamıza sahib çıxmasaq, sabah gec ola bilər.
Aytən Paşayeva



