Məlum olduğu kimi, Türkiyənin İzmir şəhərində Azərbaycanın "Star" neft emalı zavodunun təntənəli açılış mərasimi keçirilib.
SOCAR-ın 6,3 milyard dollar kapitalla İzmirin Əliağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin, mayeləşdirilmiş qazın idxal səviyyəsi 70 faizə enəcək. "Star" neftin qiymətindən asılı olaraq, hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.
"Star" neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod "Petkim" neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.
Zavodun açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, oktyabrın 19-u Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür: "Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star"ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır".
Bu gün Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu deyən dövlət başçısı bildirib ki, bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq: "Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik".
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdiyini xatırladan prezident qeyd edib ki, bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçiblər: "1918-ci ilin 15 sentyabr tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində Cümhuriyyət yaranıb. Ancaq Bakı, bizim qədim tarixi şəhərimiz işğal altında idi. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi və öz sahibinə, Azərbaycan xalqına qaytarıldı. O gündən bir neçə gün sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edildi. Bu, unudulmaz tarixdir və yüz il o tarixdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik".
"Star" neft emalı zavonun fəaliyyətə başlamasıyla bağlı fikirlərini bildirən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu cür böyük layihələr Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirir. O, "Trend"ə bildirib ki, Azərbaycanın və qardaş Türkiyənin təşəbbüskarı olduğu bütün layihələr uğurla reallaşdırılır və xalqlarımızın, dövlətlərimizin inkişafına, gələcək rifahına xidmət edir: "Bu baxımdan "Star" neft emalı zavodunun istifadəyə verilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qarşıda duran bütün hədəflərə uğurla çatır".
Baş redaktorun fikrincə, Azərbaycan prezidentinin "Star" neft emalı zavodunun açılış mərasimində səsləndirdiyi fikirlər bir daha bu əminliyi ifadə edir ki, belə nəhəng layihələrin icrasında ölkələrimizin liderlərinin güclü siyasi iradəsi, eyni zamanda, dostluq, qardaşlıq amilləri xüsusi yer tutur: "Star Rafineri"nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək", - deyən ölkə prezidenti vurğulayıb ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Sözsüz ki, biz bunu "Bakı-Tbilisi-Ceyhan", "Cənub Qaz Dəhlizi", o cümlədən, TANAP layihələrində də görürük. Doğrudan da belə qlobal layihələr region ölkələrinə böyük fayda gətirməklə yanaşı, Avropanın enerji xəritəsini yenidən tərtib edir".
V.Rəhimzadə əlavə edib ki, bu layihələrin gerçəkləşməsində SOCAR-ın böyük rolu var: "Prezidentin tapşırığına uyğun olaraq SOCAR öz səmərəli və çoxşaxəli fəaliyyəti ilə artıq beynəlxalq şirkətə çevrilib. Şirkət ölkə daxili ilə yanaşı, xaricdə də mühüm investisiya layihələri gerçəkləşdirir. Təbii ki, bu sırada Türkiyə xüsusi yer tutur. Elə bunun nəticəsidir ki, bu gün SOCAR Türkiyənin ən böyük investoruna çevrilib".
Baş redaktor vurğulayıb ki, Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədədir: "Bu birlik əbədidir, sarsılmazdır. Ölkələrimiz dünya miqyasında dostluq, qardaşlıq nümunəsi nümayiş etdirirlər. Hesab edirəm ki, "Star" neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir".
Milli Məclisin deputatı Azay Quliyev isə bildirib ki, Azərbaycanın 6,3 milyard dollarlıq yatırımı ilə Türkiyənin İzmir şəhərində açılışı baş tutmuş "Star" neft emalı zavodu iki qardaş ölkə - Azərbaycan və Tükiyənin strateji əməkdaşlığını daha da möhkəmləndirən, hər iki ölkənin iqtisadiyyatına ciddi töhfələr verən möhtəşəm layihədir.
A.Quliyev qeyd edib ki, yeni layihə Azərbaycan və Türkiyənin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq: "İki qardaş ölkənin indiyə qədər enerji, nəqliyyat və digər sahələrdə həyata keçirdiyi böyük layihələr regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə xidmət etməklə yanaşı, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən şəkilləndirib, hər iki ölkəni etibarlı təchizatçı və tranzit ölkə durumuna gətirib. Bu baxımdan "Star" layihəsinin təkcə iqtisadi əhəmiyyəti deyil, eyni zamanda, çox böyük siyasi və təhlükəsizlik baxımından əhəmiyyəti var".
Deputat vurğulayıb ki, indiyə qədər iki qardaş ölkənin birgə iştirakı ilə həyata keçirilən "Bakı-Tbilisi-Qars", "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum", TANAP və digər bu kimi iri layihələr hər iki ölkənin həm iqtisadi gücünün, həm beynəlxalq aləmdə olan nüfuzunun artmasına, həm də təhlükəsizliklə bağlı gündəmdə olan məsələlərin həllinə öz töhfəsini verir.
A.Quliyev əlavə edib ki, bu cür nəhəng layihələrin həyata keçirilməsi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin və hər iki dövlətin liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub: "Prezident İlham Əlıyevin söylədiyi kimi, bu gün Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri dünyaya bir nümunədir. Bu gün Azərbaycanla Türkiyənin o qədər ortaq maraqları var ki, hər iki ölkə bir-birinə sıx şəkildə bağlıdır. Həm iqtisadi, həm siyasi, həm mənəvi, həm də mədəni baxımdan Türkiyə ilə Azərbaycan daim bir-birinin yadındadır və əminəm ki, dostluq və qardaşlığımız əbədi davam edəcək".
Ceyhun ABASOV