Hər bir insanın tarixi dəyəri onun öz ölkəsi, vətəni, milləti qarşısındakı xidmətləri ilə ölçülür. Zaman şəxsiyyəti yetişdirdiyi kimi, dahi insanlar da tarixin gedişinə təsir edərək dövrün və zamanın baş qəhrəmanına çevrilirlər. Ulu öndər Heydər Əliyev də Azərbaycanın XX əsr tarixində dünyaya bəxş etdiyi əvəzolunmaz lider, böyük azərbaycanlı idi.
Ulu öndərin vətən, xalq qarşısındakı xidmətləri, müstəqil dövlətçilik siyasətini təbliğ etmək məqsədilə oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi.
Daşkəsən Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev tədbiri giriş sözü ilə açaraq, Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı böyük tarixi xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və qüdrətlənməsi yolunda apardığı çoxşaxəli uğurlu fəaliyyətindən söhbət açdı. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun da Heydər Əliyev irsi və müstəqil dövlətçilik ideyalarını təbliğ etmək məqsədilə Daşkəsən rayonuna mühazirəçi ezam etdiyini vurğuladı.
Tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Daşkəsən rayon 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva çıxış edərək Ulu öndər Heydər Əliyevin XX əsr Azərbaycan dövlətçilik tarixində müstəsna yeri və rolu olduğunu qeyd etdi. Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova isə çıxışında Ümummilli liderin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə Heydər Əliyev Mərkəzində mütəmadi olaraq maarifləndirici tədbirlərhəyata keçirildiyini diqqətə çatdırdı.
Sonra Ulu öndərin 95 illik yubileyinə həsr olunan "Zaman və Lider" sənədli filminin nümayişi oldu. Tədbirin yekununda "Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir" mövzusunda məruzə ilə çıxış etdim. Yerli ictimaiyyətin nümayəndələri - ağsaqqallar, ziyalılar və gənclər filmi də, məruzəni də böyük maraqla qarşıladılar.
Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün yalnız fenomenal şəxsi keyfiyyətlərinə deyil, həm də ictimai rəyə əsaslanır və ən böyük dəstəyi xalqdan alırdı. "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun Prezidenti kimi mənim həyat amalım ancaq bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam" deyən Ulu öndər ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə belə yalnız xalqa arxalandığını, xalqın maraq və mənafelərinin hər zaman onun üçün prioritet olduğunu bildirirdi.
O, ən çətin məqamlarda, böhranlı vəziyyətlərdə qətiyyət nümayiş etdirməyi, çıxış yolları axtarmağı və tapmağı bacarırdı. Məhz güclü iradəsi və əzmi ilə bütün çətinliklərə sinə gərərək, xalqımızı səfərbər etməyə və müstəqil dövlətçiliyimizi ardıcıl inkişaf yoluna çıxarmağa nail oldu. İnamla deyə bilərik ki, Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun mənəvi-siyasi yolunun ən layiqli davamçısıcənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan təkcə nefti, təbii qazı, iqtisadiyyat sahəsindəki uğurları ilə deyil, eyni zamanda, mədəniyyət sahəsindəki uğurları ilə də bütün dünyanın diqqətini özünə cəlb edir. Bakı-Tbilisi-Ceyhan, TAP, TANAP kimi layihələrin reallaşması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, "Əsrin müqaviləsi" üzrə yeni sazişin imzalanması respublikamızı Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevirir.
2016-cı il aprel hadisələri, 2018-ci ilin may ayında Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun hissələrinin Günnüt əməliyyatı Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin şücaətini, Milli Ordumuzun dəyanətini təsdiqlədi. Xalqa əyan oldu ki, Ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi yolundakı məramını Ali Baş Komandan İlham Əliyev yaşadır və bu müqəddəs missiyanı həyata keçirmək üçün qətiyyətlə çalışır.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu mütəmadi olaraq ölkəmizin bütün bölgələrində tədbirlər, "dəyirmi masa" və konfranslar, film nümayişləri və ekskursiyalar həyata keçirir. Fondun mühazirəçilər ordusu əhalinin maarifləndirilməsi məqsədilə belə tədbirlərdə böyük məmnuniyyətlə iştirak edir, gənc nəslin azərbaycançılıq ruhunda yetişməsi üçün əlindən gələni əsirgəmir.
Mahir QƏRİBOV
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar Qrupunun üzvü