|
|
|
|
Azərbaycan ədliyyəsi yarandığı dövrdən bu günə qədər çətin və şərəfli bir yol keçərək bir əsrə nöqtə qoydu. Ədliyyə Nazirliyinin yaradılması 1918-ci il may ayının 28-də Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə eyni bir vaxtda təsis edildi.
Bütün müsəlman şərqində parlamentli demokratik respublika tipində ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti çağdaş dövrümüzdə əsas demokratik normalar kimi qiymətləndirilən xalq hakimiyyəti, insan hüquqları, millətlərin bərabərlik hüququ, söz və yığıncaq azadlığı kimi ictimai dəyərləri elan etdi və bir çöx dövlət strukturları yaradıldı, o cümlədən, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə Cümhuriyyətin bütün məhkəmə və hüquq idarələri sisteminə, onların fəaliyyətinə nəzarət edən hökumət orqanı kimi Ədliyyə Nazirliyi yaradıldı və ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov oldu. Fətəli xan Xoyski o vaxt öz çıxışında deyirdi: "Bilirsiniz ki, ədliyyə nəzarəti olmalıdır. Bu olmasa, heç bir dövlətin işi yürüməz. Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz".
Yarandığı ilk günlərdə Ədliyyə nazirliyinin ştatı yalnız nazirdən ibarət idi. Gəncəyə köçdükdən sonra isə hökumətin 1918-ci il 26 və 30 iyun tarixli qərarları ilə nazir müavini ştatı verilməklə nazirliyin idarə strukturu və dəftərxanası yaradılır. 1918-ci il sentyabr ayının 15-də Bakı Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusu tərəfindən ermənilərdən təmizləndikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti sentyabr ayının 17-də Bakıya köçür və Bakı paytaxt elan olunur. Ədliyyə Nazirliyi həmin ilin sentyabr ayının 26-dan Bakıda fəaliyyətə başlayır. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilir, o cümlədən, noyabrın 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq edilir. Ədliyyə Nazirliyin dəftərxanasına kargüzar və dəftərxana xidmətçisi ştatı verilir. Bu struktura direktor və direktor müavini təyin olunur.
1919-cu ilin avqust ayının 11-də Hökumətin qərarı ilə Ədliyyə Nazirliyi sistemində həbsxana işləri şöbəsi də yaradılır. Buna səbəb cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınmaqla Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanaların Ədliyyə Nazirliyinin tabeliyinə verilməsidir. Bundan başqa, noyabr ayının 28-də nazirliyin ştatını artırmaq barədə qanun layihəsi hazırlanır və parlamentin müzakirəsinə təqdim olunur. Layihə üzrə qəbul edilmiş qanuna əsasən, Ədliyyə Nazirliyi sistemində tərcüməçilər, hüquq məsləhətxanası şöbələri və mühasiblik yaradılır. Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə anarxiya zamanı dağıdılmış məhkəmə aparatı sistemini birinci növbədə, Bakı və Gəncə dairə məhkəmələrini, onların yanında prokuror nəzarətini, habelə yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başlayır. Məhkəmə sahəsində işlərin bərpa olunması ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırır. 1918-ci il noyabr ayının 14-də Hökumət Məhkəmə Palatasının Əsasnaməsini təsdiq edir.
1919-cu il may ayının 21-də nazirlik tərəfindən ayrı-ayrı idarələrdə vəzifədən sui-istifadə hallarının və xidməti cinayətlərin təhqiqi ilə əlaqədar xüsusi Təftiş-İstintaq Komissiyasının yaradılması barədə qanun layihəsi Parlamentə təqdim olunur, iyul ayının 27-də Parlament həmin layihə əsasında müvafiq qanun qəbul edir.
1920-ci il aprel ayının 27-də Azərbaycan Sovet Rusiyasının təcavüzünə məruz qaldıqdan sonra Ədliyyə Nazirliyi də fəaliyyətini dayandırır. 1920-ci ildən 1970-ci ilə kimi Ədliyyə Nazirliyi çətin dövr yaşamış və bir müddət ədliyyə qurumlarının funksiyalarını digər orqanlar icra etmişdi. İnqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılmışdı. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdi. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri məhdudlaşdırılmış, əsas fəaliyyət istiqaməti məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdu. 1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş və onun səlahiyyətləri ayrı-ayrı qurumlar arasında bölüşdürülmüşdü. 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, ədliyyənin də inkişafında mühüm rol oynamışdı. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunmuş və inkişaf etmişdi. Bir əsrlik tarixi olan Ədliyyə Nazirliyi yarandığı dövrlə müqayisədə artıq balaca bir nazirlikdən ibarət deyil, öz fəaliyyət istiqamətlərini genişləndirən yüksək səlahiyyətlərə malik, tabeliyində bir neçə baş idarə səlahiyyətli qurumları olan, eyni zamanda, özünün inzibati binasında fəaliyyət göstərən şöbə və idarələrdən ibarət olan Nazirlikdir. Ədliyyə Nazirliyi ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmadı, 1993-cü ildə respublikamızda aparılan hüquqi islahatlar nəticəsində öz fəaliyyətini genişləndirdi. Ölkədə aparılan məhkəmə- hüquq islahatları öz səmərəsini verdi, üç pilləli yeni məhkəmə sistemi yaradılmış və hakim korpusu yeni üsulla, test, yazılı və şifahi imtahan yolu ilə seçildi və müvafiq qaydada hakim vəzifəsi təyin edildi.
Dövlətin hüquq siyasətinin həyata keçirilməsində Ədliyyə Nazirliyi mühüm rol oynayır. Verilmiş səlahiyyətlərə və geniş fəaliyyət istiqamətlərinə uyğun olaraq Ədliyyə Nazirliyi qanunyaradıcı fəaliyyət sahəsində aktiv iştirak edir, vətəndaşların qanunla qorunan hüquqlarının və digər məsələlərinin həll edilməsinə kömək edir, o cümlədən, insan haqlarının qorunması, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər həyata keçirir.
Ölkə başçısı tərəfindən 2006-cı ildə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olundu. İlk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verildi, o cümlədən, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli qanunu qəbul olundu və ölkə Prezidenti tərəfindən "ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərman imzalandı. Bundan başqa, ölkə başçısının 06 fevral 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilərək həyata keçirildi.
Azərbaycan Respublikası Prezidentinin məhkəmənin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanına uyğun olaraq, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə regionlarda apellyasiya və inzibati-iqtisadi məhkəmələri yaradıldı. Ölkə başçısının "Ölkəmizin hərtərəfli inkişafı üçün demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir" dediyi şüarı, məhkəmə-hüquq sahəsində aparılan islahatların bariz nümunəsidir. Bundan başqa, ölkə başçısı tərəfindən "2006-2011-ci illərdə insan hüquqlarının müdafiəsinə dair milli fəaliyyət proqramı qəbul edilmişdir. Bu proqrama əsasən, Ədliyyə Nazirliyi 2000-ci ildə nazirliyin tərkibində İnsan hüquqları üzrə şöbə, sonra nazirliyin yeni Əsasnaməsinə uyğun olaraq İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaratmış və bununla da insan hüquq və azadlıqlarının təmin olunmasını həyata keçirməkdədir.
Ədliyyə Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mühüm sahələrdən biri də məhkəmə ekspertizalarının aparılmasıdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, xüsusilə də ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədi ilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Şəbəkəsinin üzvlüyünə qəbul edildi. Ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədi ilə Ekspertiza Mərkəzinin Naxçıvan, Gəncə, Şirvan və Şəkidə filialları yaradıldı.
Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətlərindən biridə əhalinin dövlət reyestrini aparmasıdır. Bu sahədə Ədliyyə Nazirliyi tərəfindən, BMT-nin inkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində "Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradıldı.
Dövlət başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli fərmanına uyğun olaraq nazirlik tərəfindən dövlət qeydiyyatına alınmış təşkilatlar üçün "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradıldı. Bundan başqa, vətəndaşların ədliyyə orqanlarına müraciətlərini asanlaşdırmaq məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları", "Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurularaq, notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirildi.
Ölkəmizin hüquq sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən bir sıra dövlətlərin ədliyyə orqanları ilə işgüzar münasibətlər qurulub, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də qoşulduğumuz konvensiyalardan irəli gələn öhdəliklərin icrasının təmin edilməsi sahəsində müəyyən işlər görülüb. Görülən tədbirlərdən biri də penitensiar xidmətin işinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılmasıdır. Ədliyyə nazirliyi bu sahədə ardıcıl tədbirlər həyata keçirməkdədir. Bu sahədə məhkumların saxlanılma şəraiti yaxşılaşdırılır, onların hüquqlarının qorunması üçün zəruri tədbirlər görülür, vaxtında tibbi müayinədən keçirilir və sanitariya təminatının yaxşılaşdırılmasına xüsusi diqqətlə yanaşılır. Vərəmlə mübarizə proqramı çərçivəsində Ədliyyə Nazirliyinin Beynəlxalq Qızıl Xaç Komitəsi ilə 1995-ci ildən etibarən birgə apardıqları əməkdaşlıq öz nəticəsini göstərib. Beynəlxalq aləmdə nüfuzu ilə tanınan maliyyə qurumu olan Dünya Bankı ölkəmizdə məhkəmə-hüquq islahatlarına dəstək göstərir və ədliyyə sahəsinə aid olan layihələri ən uğurlu layihələr hesab edərək qiymətləndirib və "Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması" nominasiyasının qalibi elan edib. Eyni zamanda, dünya Bankı ilə birgə həyata keçirilən "Müvəqqəti ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilib və portalda E-məhkəmə bölməsi yaradılıb ki, bununda sayəsində vətəndaşlar portal vasitəsilə məhkəmələr barədə ətraflı məlumatlar əldə etmək, iqtisadi mübahisələrlə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar və çıxarılan qərarlar barədə elektron qaydada məlumatları almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və digər imkanlar qazanıblar.
Ümummilli Lider Heydər Əliyev ədliyyə orqanlarının müasirləşən cəmiyyətimizdə artan rolunu nəzərə alaraq, 2000-ci il 11 noyabr tarixdə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün, 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Gülgün ŞƏFİYEVA
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının Elmi-tədqiqat və doktorantura şöbəsinin baş məsləhətçisi