Azərbaycan Dillər Universitetində (ADU) “Təcrübədən əvvəl təcrübə” layihəsi ali təhsil müəssisəsinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilir.
2017-2018-ci tədris ilindən start verilən layihənin əsas məqsədi Azərbaycan Dillər Universitetinin tələbələri ilə media orqanları arasında əlaqə qurmaq, onların Kütləvi İnformasiya Vasitələrində praktik biliklər əldə etmələrinə şərait yaratmaqdır.
“Təcrübədən əvvəl təcrübə” layihəsi öncə Filologiya və jurnalistika fakültəsinin tələbələrinə şamil olsa da, cari tədris ilindən Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbələri də bu layihəyə cəlb olunub.
K.Abdulla deyir ki, jurnalistika ixtisası üzrə peşəkar kadr kimi yetişmək üçün tələbələr redaksiyalarda təcrübə keçməlidirlər: “Bu, qəzet və jurnalların, saytların da redaksiyalarında ola bilər. Tələbələrin əlaqə qurmaq və təcrübələrini artırmaq üçün yerləri olmalıdır. Biz bunun üçün bəzi peşəkar redaksiyalarla müqavilə imzalaya bilərik. Jurnalistika istiqamətində çalışan insanlarla universitetin tələbələri sıx işləməlidir”.
ADU-nun əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılovun sözlərinə görə, layihədə əsasən 2, 3, 4-cü kurs tələbələri iştirak edir. Dərsdənkənar, könüllülük prinsipinə və ixtisas uyğunluğuna əsaslanan bu layihədə Filologiya və jurnalistika fakültəsinin Jurnalistika ixtisası üzrə təhsil alan 22 tələbəsi öz seçimləri əsasında Asan Radio, “525-ci qəzet”, “Kaspi” qəzeti və universitetin İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin tərkibində fəaliyyət göstərən ADU TV-də təcrübə keçirlər. Tərcümə və mədəniyyətşünaslıq fakültəsində 119 tələbə “Şəms” tərcümə mərkəzi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Dövlət Gömrük Komitəsi, Ceta Translations, Global Translations, Avrasiya Tərcümə Mərkəzi, xarici mütəxəssislərin çalışdığı Bona Dea xəstəxanası və universitetin Tərcümə araşdırmaları elmi-tədqiqat laboratoriyasında istehsalat təcrübəsinə başlayıb. Təcrübəçi tələbələr universitet və təşkilat tərəfindən tərtib olunmuş proqram əsasında fəaliyyət göstərirlər: “Tələbələr üçün bu layihə onların gələcək karyeralarında təməl rolunu oynamaqla yanaşı, ictimai həyata və səmərəli əmək, həyat fəaliyyətinə hazırlıqlarına da öz təsirini göstərir. Tələbələr həm də təcrübə keçdikləri təşkilatlarda iş əldə etmək imkanı qazanırlar: “Təcrübədən əvvəl təcrübə” layihəsi iyun ayının 1-dək davam edəcək”.
Azərbaycan Dillər Universitetinin tələbələrinin kütləvi informasiya vasitələrində təcrübə keçib praktik bilgilər əldə etməsinin çox vacib olduğunu deyən “Səs” İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev Dillər Universitetinin “Təcrübədən əvvəl təcrübə” layihəsini dəstəklədiyini deyib: “Mən ADU-nun rektoru Kamal Abdullanın bu təşəbbüsünü dəstəkləyir və alqışlayıram. Düşünürəm ki, bu, universitetin KİV-lə əlaqələrinin möhkəmlənməsində tələbələrin də birbaşa iştirakına imkan verəcək. Tələbələrin nəzəri bilgilərlə yanaşı, praktik təcrübəsinin olması mühüm şərtdir. Bu, onların universiteti bitirdikdən sonra istənilən qəzet və agentlikdə asanlıqla iş tapmasına kömək olacaq. Mən Kamal Abdullanın Azərbaycan Dillər Universitetinin spesifikası və potensialından istifadə edilərək beynəlxalq jurnalistika istiqamətində fəaliyyəti genişləndirmək qərarını da müsbət qiymətləndirirəm. Bildiyimə görə, istər Azərbaycandilli, istərsə də müxtəlif xarici dilli kütləvi informasiya vasitələri üçün mütəxəssis hazırlığını təmin etmək məqsədilə artıq Azərbaycan Dilllər Universitetində Jurnalistika kafedrası yaradılıb. İctimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malik jurnalistlər yetişdirən Filologiya və Jurnalistika fakültəsi də fəaliyyət göstərir”.
V.Vəliyevin fikrincə, hər bir azərbaycanlı jurnalist öz dilinin qrammatikasını mükəmməl şəkildə bilməlidir. Azərbaycan dilində səlist, sərbəst danışmalıdır: “Bununla yanaşı, xarici dil, xüsusən də ingilis dilini bilməlidir. Beynəlxalq məsələlərdən yazan media təmsilçilərimizin əcnəbi dili öyrənməsi isə mütləqdir. Artıq dövr və zaman bunu tələb edir. Bu tələbi qarşılamaq öhdəliyimizdir. Düşünürəm ki, Azərbaycan Dillər Universiteti kütləvi informasiya vasitələri üçün müxtəlif xarici dilləri bilən, yüksək səviyyəli mütəxəssislər yetişdirmək potensialına malikdir”.
İcraçı direktor qeyd edib ki, hazırda “Səs” İnformasiya Agentliyində xarici dil bilən jurnalistlər çalışır. Onlar arasında Dillər Universitetinin məzunları da var. Ancaq onların sayı elə də çox deyil: “Ölkədə tez-tez beynəlxalq səviyyəli tədbirlər, konfranslar keçirilir. Belə tədbirlərdə iştirak edən əcnəbi mütəxəssis və ekspertlərlə dialoq qurmaq üçün xarici dil bilən jurnalistlərə çox ehtiyac var. Mediamızda fəaliyyət göstərən xarici dilli jurnalistlərin əksəriyyəti də qeyri-ixtisas sahibləridir. Müəyyən bir qismi başqa sahənin adamıdır, sadəcə olaraq xarici dil bilgisi olduğu üçün jurnalistikaya cəlb olunub. Hesab edirəm ki, jurnalistika fakültəsini bitirən jurnalist tələbələr ən azından ingilis və rus dillərini bilməlidir ki, onlar öz gələcək fəaliyyətlərində ölkəmizi xarici media orqanlarında da təmsil edə bilsinlər. Prezident İlham Əliyev də çıxışlarının birində qeyd etmişdir ki, Azərbaycanda xarici dil bilən peşəkar jurnalistlərin yetişdirilməsi üzərində xüsusi işləmək lazımdır. Buna çox böyük ehtiyac var”.
V.Vəliyev vurğulayıb ki, Azərbaycanda xarici dilli mükəmməl jurnalistika məktəbinin olmağı çox vacibdir: “Heç kimə sirr deyil ki, tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bunun üçün bizim jurnalistlər aparıcı dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir”.
V.Vəliyev əlavə edib ki, Kamal Abdulla Azərbaycan elmində, təhsilində xüsusi xidmətləri olan, uzun müddət rektor vəzifəsini icra edən təcrübəli insandır: “Kamal Abdulla Azərbaycan təhsilini gözəl bilir. Onun rəhbərliyi ilə qısa zamanda Dillər Universitetində mühüm yeniliklər edilib. ADU-da Avropaya inteqrasiya sürətlənib, dünya təhsilinə uyğunlaşdırılma istiqamətində ciddi addımlar atılıb”.
Professor Cahangir Məmmədlinin dediyinə görə, qloballaşan dünyada sərhədsiz informasiya məkanı formalaşıb. İnformasiyanın əldə edilməsi mənbələrinin coğrafiyası hədsiz dərəcədə genişlənib, xəbərin yayılması üçün hərtərəfli infrastruktur yaranıb. Xəbərin məzmunu və forması ilə yanaşı, operativliyi və etibarlılığı əsas meyara çevrilib. Bütün bunlar informasiyanın istehsalçıları və istehlakçıları arasında yeni münasibətlərin yaranmasına gətirib çıxarır. İlk mənbə ilə işləmək bacarığı, informasiyanın alınması, işlənməsi, dəqiqləşdirilməsi, operativ şəkildə yayılması ön plana keçir: “Dünyada baş verən hadisələr barədə informasiyanın ilk mənbədən alınması üçün isə jurnalistin praktikasının olması və xarici dil bilməsi zəruridir. Praktika və dil bilgilərinin universitetdə formalaşması, yəni jurnalistika fakültəsinin bitirən tələbənin KİV-lərdə praktika keçməsi, ən azı iki dil bilməsi mütləqdir”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə Azərbaycan Dillər Universitetinin tələbələrinə Kütləvi İnformasiya Vasitələrində təcrübə keçmək şansı verən “Təcrübədən əvvəl təcrübə” layihəsini və Azərbaycandilli, istərsə də xarici dilli KİV üçün yüksək ixtisaslı, müxtəlif xarici dilləri bilən mütəxəssislərin hazırlanmasını müsbət hal kimi qiymətləndirib: “Hazırda bütün dünyada ingilis, fransız və rus dili çox geniş yayılıb. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır. İstər xəbər almaq, istər xəbər yaymaq üçün rus, ingilis və fransız dilli təcrübəli, peşəkar media nümayəndələrinə çox ehtiyac duyulur. Jurnalistin xarici dilləri bilməməsi informasiyanı ilkin mənbədən almaqda müəyyən problemlər yaradır. Düzdür, bu gün KİV-də kifayət qədər savadlı, peşəkar və bir neçə xarici dil bilən jurnalistlər var. Ancaq onların sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar. Bir sözlə, ölkəmizin dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Dillər Universitetində belə kadrların hazırlanması istiqamətində müvafiq addımlar atılır, bu da təqdirəlayiqdir”.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuzun sözlərinə görə, jurnalistikada praktika çox önəmlidir. Praktik bilgilərin təməli isə universitetdən qoyulmalıdır. Universitet tələbələri ilə media orqanları arasında əlaqələrin qurulması, onların Kütləvi İnformasiya Vasitələrində praktik biliklər əldə etmələrinə şərait yaradılması isə təqdirəlayiq addımdır.
Y.Oğuzun dediyinə görə, praktik bilgilərlə yanaşı, jurnalistin xarici dil bilməsi zəruridir: “Amma jurnalist öz ana dilini bilmirsə, hansı xarici dili bilməsindən asılı olmayaraq, o, jurnalist deyil. Məncə, hər bir azərbaycanlı jurnalist öz dilinin qrammatikasını normal şəkildə bilməlidir. Ondan sonra xarici dil öyrənə bilər. Məsələn, jurnalist xaricə gedib, hansı ölkədən olduğunu ifadə edə bilmirsə, deməli, həmin adamı ora göndərmək olmaz. Düzdür, bizim redaksiyada da həmin problem mövcuddur. Dil məhdudiyyəti var. Peşəkar jurnalistlərimiz var ki, Azərbaycan dilini gözəl bilir, amma xarici dil bilmir. Bəli, dil problemimiz mövcuddur. Düzgün xarici dil bilən jurnalistlərimiz də var. Amma çox deyil. Bu problemin aradan qaldırılması istiqamətində atılan bütün addımlar təqdirəlayiqdir”.
Y.Oğuz qeyd edib ki, peşəkar jurnalist olmaq üçün aparıcı dilləri hökmən öyrənmək lazımdır: “Jurnalistlər içərisində rus, ingilis, fransız və sair dilləri bilənlər də az deyil. Onların müəyyən hissəsi artıq müxtəlif kurslar vasitəsilə ingilis dilinin qrammatikası, danışıq və yazı bacarıqlarına yiyələniblər. Dil biliklərini inkişaf etdirdikləri üçün onlar ingilisdilli mənbələrdən maneəsiz istifadə edə bilirlər. Çox istərdim ki, müxtəlif xarici dilləri bilən jurnalistlərin sayı çox olsun”.
S.QARAYEVA