Dünən Təhsil Nazirliyində "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"na həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş yeni Dövlət Proqramının "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı olduğunu, ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: "Prezidentin müvafiq sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, "qara qızılın insan kapitalına çevrilməsi" olub. Dövlət Proqramının uğurlu icrası cəmiyyət həyatının ən müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırılıb. Proqram çərçivəsində təhsil almış və Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda çalışmağa başlamış məzunlar ixtisas sahələrinə uyğun əmək fəaliyyəti ilə bərabər, qazandıqları bilik və təcrübəni ölkənin ali təhsil müəssisələrində paylaşaraq akademik fəaliyyətlə də məşğuldurlar. Məhz bu uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də vətəndaşların aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" hazırlanıb". Onun sözlərinə görə, Dövlət Proqramının əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Nazir vurğulayıb ki, Dövlət Proqramının birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur: "Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək".
Nazir Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını və onların icrasına dair monitorinqin nəticələrinə uyğun layihənin davam etdiriləcəyini deyib. Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi həyata keçiriləcək. Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.
Nazirin dediyinə görə, yeni Dövlət Proqramı layihəsi iki istiqaməti özündə ehtiva edir. Proqramın birinci komponentində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması ilə inzibati-akademik heyətin təlimi, tədris proqramlarının təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur. Proqramın ikinci komponenti isə Azərbaycan ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur: "Yeni Proqramın əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq ali təhsil sisteminin müasir dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi və beləliklə, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. Dövlət proqramı eyni zamanda, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsinə yönəlib".
Dövlət Proqramının icrasından gözlənilən nəticələr haqda söz açan C.Bayramov qeyd edib ki, beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunacaq. Beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi yerli ali təhsil müəssisələrinə əcnəbi professor-müəllim heyətini əmək fəaliyyətinə cəlb etməklə, ali təhsil sistemində aparılan islahatların sürətləndirilməsinə, həmin ali təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına, idarəetmə və beynəlxalq əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə səbəbə olacaq. Eyni zamanda, yerli ali təhsil müəssisələrində tədris olunan beynəlxalq ikili diplom proqramlarının beynəlxalq akkreditasiyasına nail olunacaq. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarını həyata keçirməklə onların nüfuzu artacaq və regional təhsil mərkəzlərinə çevriləcək: "Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqi nəzərdə tutulub. Ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunan peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunacaq. Azərbaycan vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanı genişlənəcək. Bununla yanaşı, işəgötürənlərlə əlaqələrin qurulması nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların işlə təminatına şərait yaradılacaq".
Nazirin söylədiyinə görə, Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün UFAZ modeli əsasında ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması gözlənilir: "Azərbaycanda uğurlu ikili diplom proqramlarına misal olaraq, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)" layihəsi çərçivəsində 4 texniki ixtisas üzrə birgə bakalavriat proqramı və "ADA" Universitetinin ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə "Təhsil üzrə Menecment" magistr proqramı və Niderlandın Maastrixt Menecment Məktəbi ilə "Executive MBA" layihəsi misal göstərmək olar. Həmçinin, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə 3 texniki ixtisas üzrə birgə bakalavriat səviyyəsi üzrə kadr hazırlığı və Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom layihəsi uğurlu hesab edilə bilər".
C.Bayramov deyib ki, Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarla bağlı hər il Təhsil Nazirliyi tərəfindən yerli işəgötürənlərə, dövlət orqanlarına təkrar məlumat verilir. Nazirin sözlərinə görə, "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3 558 Azərbaycan gənci nüfuzlu xarici ali məktəblərdə bütün ali təhsil səviyyələri üzrə təhsil alıblar. Onların əksəriyyəti təhsillərini başa çatdıraraq ölkəyə qayıdıblar və müxtəlif sahələrdə çalışırlar. C.Bayramov bildirib ki, həmin məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır: "Sevindirici haldır ki, Azərbaycana qayıtmış həmin gənc məzunlar həm də ali məktəblərdə dərs deyirlər. Bu gün dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz pedaqoji akademik fəaliyyətləri ilə ali təhsilə töhfə verirlər".
Nazir Azərbaycan gənclərinin süni intellekt istiqaməti üzrə təhsil alması məsələsinə toxunaraq deyib ki, bu, hazırda bütün dünyada çox aktual mövzudur: "Bizim gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Gənc özü araşdırma apararaq, həmin təhsil proqramı haqqında məlumat toplamalıdır. Dövlət yalnız həmin proqramın maliyyələşməsinə yardım edə bilər".
Təhsil nazirinin sözlərinə əsasən, kifayət qədər Azərbaycan alimi xarici ali məktəblərdə elmi- pedaqoji fəaliyyətlə məşğul olur: "Ali təhsildə ikili diplom proqramlarının tətbiqi zamanı Təhsil Nazirliyi tərəfindən Azərbaycan mütəxəssislərinin cəlb olunması üçün işlər görüləcək".
C.Bayramov əlavə edib ki, bir neçə ildir ki aztəminatlı tələbələrin təhsil haqlarının ödənilməsi üçün təhsil kreditləri verilir, amma Maarifçi Kredit Fondu tərəfindən verilən kreditlərin hesabına müraciət edən bütün tələbələrin ehtiyaclarını ödəmək mümkün deyil: "Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Maliyyə Nazirliyi əsas problem kimi təhsil kreditlərinin qaytarılma mexanizmində tam aydınlığın olmamasını deyir. Biz də Təhsil Nazirliyi olaraq, rəyləri nəzərə almaqla, alternativ mexanizmlər üzərində düşünürük. Biz onları yaxın müddətdə hökumətə təqdim edəcəyik. Biz bu məsələnin həll ediləcəyinə kifayət qədər nikbin baxırıq".
Sevinc QARAYEVA