“Büdcə layihəsi gələn il üçün proqnozlaşdırılan iqtisadi artım templərinə uyğun olaraq hazırlanıb. Növbəti il dövlət büdcəsinin gəlirlərində 3,5 faiz artım gözlənilir. Bu, büdcə gəlirlərinin 22,9 milyard manatadək yüksələcəyindən xəbər verir. 2018-ci il üçün bu göstərici 22,1 milyard manat idi. Xərclərdə isə artım 7,3 faiz olacaq. Yəni büdcə xərcləri 24,7 milyard manatadək artacaq. Bu il üçün bu rəqəm 23,1 milyard manat idi. Praktiki olaraq, büdcə gəlir və xərclərində artım əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu da sözsüz ki, 2019-cu ildə bütövlükdə Azərbaycan iqtisadiyyatında daha yüksək artırımın proqnozlaşdırılmasıyla bağlıdıdır”.
Bu sözləri “525”ə gələn ilin dövlət xərcləri və gəlirləri ilə bağlı açıqlamısında İqtisadi və Sosial İnkişaf Mərkəzinin direktoru, iqtisadçı-alim Vüqar Bayramov deyib. O qeyd edib ki, büdcənin ümumi daxili məhsulda payı 28 faiz olacaq: “Bu da büdcənin ümumi daxili məhsuldakı payının qorunub saxlanılmasına imkan verir”.
2019-cu ildə vergi sistemində aparılması nəzərdə tutulan istilahatların bütövlükdə büdcə gəlirlərinin formalaşmasına birbaşa təsir edəcəyini deyən ekspert bildirib ki, Dövlət Gömrük Komitəsinin daxilolmalarında 8,2 faiz artım qeyd alınacaq: “Bu komitənin xətti ilə büdcəyə 3,451 milyard manat vəsaitin daxil olması deməkdir”. Mərkəz sədri məlumat verib ki, Vergilər Nazirliyi isə büdcəyə 7,316 milyard manat vəsait yönəldəcək: “Bu da büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin Dövlət Neft Fondundan sonra ikinci əsas mənbə olmasından xəbər verir”.
V.Bayramovun sözlərinə görə, Dövlət Neft Fondundan büdcəyə 11,364 milyard manat transfert olunacaq: “Bu o deməkdir ki, Dövlət Neft Fondunun payında 3,6 faiz artım var”.
Büdcəyə Neft Fondundan kənar mənbələrdən daxilolmalarda kifayət qədər artım olduğunu deyən iqtisadçı-alim qeyd edib ki, söhbət 2019-cu il dövlət büdcəsi üçün yönəldilən 11,553 milyard manat vəsaitdən gedir: “2018-ci ildə 11,183 milyard manat vəsaitin Dövlət Neft Fondundan kənar mənbələrdən transfer olunduğunu nəzərə alsaq, bu istiqamətdə də artımın olduğunu deyə bilərik”.
Ekspert bildirib ki, 2019-cu ilin büdcə gəlirlərinin 9,2 milyard manatı qeyri-neft sektorunun payına düşür: “Qeyri-neft sektorunun dövlət büdcəsinə daxilolmalarda payı 414 milyon manat artacaq ki, bu da 2018-ci illə müqayisədə 4,7 faiz artımdan xəbər verir”.
V.Bayramov hesab edir ki, gələn ilin dövlət büdcəsində diqqətçəkən məqamlardan biri xərcləmələrlə bağlıdır: “Dövlət büdcəsinin xərclərinə baxsaq, demək olar ki, bütün istiqamətlərdə artımlar qeydə alınıb. Elmə ayrılan xərclərdə 4,2 faiz artım olacaq. Bu sahəyə 133,5 milyon manat vəsait yönəldiləcək. Təhsil xərcləri üzrə artım daha çoxdur. Gələn il 2,274 milyard manat təhsil sahəsinə ayrılacaq. Bu da 2018-ci illə müqayisədə 11,3 faiz daha çoxdur. Səhiyyə sahəsinə ayrılan vəsait isə ilk dəfə olaraq 1 milyard manatlıq həddi keçəcək. Bu sahəyə 1,048 milyard manat vəsait yönəldiləcək. Bu da əvvəlki ildə ayrılan vəsaitdən 41,8 faiz çoxdur”.
Ekspert əlavə edib ki, sosial müdafiə və sosial təminat xərclərində 9 faiz artım proqnozlaşdırılır: “Gələn il bu istiqamətə birbaşa 2,553 milyard manat vəsait yönəldiləcək. Bu da ötən illə müqayisədə 210 milyon manat çoxdur. Nəticədə bu, növbəti il əməkhaqqı və pensiyaların artırılmasına imkan verəcək. Artıq rəsmi olaraq, bu istiqamətdə artımların olacağı elan olunub”.
İqtisadçı alimin sözlərinə görə, diqqətçəkən məqamlardan biri də aqrar sektorunun dəstəklənməsi istiqamətində ayrılan vəsaitin miqdarıdır: “Bu istiqamətdə 834 milyon manat vəsait ayrılacaq. Əvvəlki illə müqayisədə bu, 10,5 fazi artımdan xəbər verir”.
Sənayeləşmə prosesinin gələn il də davam edəcəyini deyən V.Bayramov qeyd edib ki, bu sahəyə 6,844 milyard vəsaitin ayrılması nəzərdə tutulub: “Bu da sənaye və tikinti xərclərinin 34,1 faiz artmasından xəbər verir”.
Ceyhun ABASOV