Dünən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Akademiyadan verilən məlumata görə, tədbirdə çıxış edən AMEA Prezidenti, akademik Akif Əlizadə prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" sərəncamını xatırladaraq, vurğulayıb ki, bu sənəd elmimizə və alimlərimizə dövlət qayğısının daha bir göstəricisidir.
A.Əlizadə bildirib ki, akademik A.Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir: "Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələlər səviyyəsində araşdırılıb".
AMEA prezidenti alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb.
A.Mirzəcanzadənin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, eləcə də 50-dən çox ixtira və patentin müəllifi olduğunu söyləyən akademik vurğulayıb ki, görkəmli alimin rəhbərliyi ilə 300-dən çox fəlsəfə doktoru, 120 elmlər doktoru hazırlanıb.
Mərhum alimin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən akademik A.Əlizadə bildirib ki, o, 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olub, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edib, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. O əlavə edib ki, dünya şöhrətli alim uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə Azərbaycan Respublikasının "İstiqlal" ordeninə, P.Kapitsa adına medala, Vyetnam Respublikasının "Vyetnamın Qəhrəmanı" qızıl ulduzuna layiq görülüb, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı, üç dəfə akademik İ.M.Qubkin adına mükafat laureatı olub, eləcə də Rusiya Təbiət Elmləri Akademiyası, Başqırdıstan Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü seçilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva bildirib ki, A.Mirzəcanzadə istedadların inkişafına, onların yaxşı kadr kimi formalaşmasına hər zaman diqqət yetirib. Təhsil nazirinin müavini görkəmli alimin təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başladığını vurğulayıb.
A.Mirzəcanzadənin "Əsl insan birinci özünü, sonra fənnini uşaqlara sevdirməlidir" fikrini xatırladan M.Vəliyeva onun pedoqogika, psixologiya elmlərinin də dərin bilicisi olduğunu qeyd edib. Təhsil nazirinin müavini görkəmli alimin həm də gözəl insan olduğunu, şagirdləri və tələbələri tərəfindən hər zaman sevildiyini, onun xatirəsinin daim yaddaşlarda yaşayacağını söyləyib.
Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edib. Akademik A.Mirzəcanzadənin neft-qaz elminin inkişafında xüsusi xidmətlərinin olduğunu deyən natiq görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını əlavə edib.
X.Yusifzadə görkəmli alimin elmə böyük həvəsi ilə fərqləndiyini, 23 yaşında fəlsəfə doktoru, 29 yaşında elmlər doktoru, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçildiyini bildirib. O qeyd edib ki, bu uğurlar onun necə böyük alim olduğunun göstəricisidir.
A.Mirzəcanzadə ilə birgə elmi fəaliyyətindən, xatirələrindən danışan akademik zəngin elmi irsə malik alimin Azərbaycanda, eləcə də dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətlərinin olduğunu qeyd edib.
Konfransda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı bildirib ki, səmərəli fəaliyyətinin böyük hissəsini bu ali məktəblə bağlayan akademik Azad Mirzəcanzadə hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olub. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. M.Babanlı, həmçinin, vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən A.Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib.
Tədbirdə Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaşdırılması və neftçıxarmanın artırılmasının innovativ texnologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə - vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrdən tanınmış alimlər də iştirak edirlər.
Beynəlxalq konfrans bu gün başa çatacaq.
C.ABASOV