|
|
|
|
Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Azərbaycan təhsilində dəyərlər sistemi” mövzusunda tələbə və magistrantların respublika elmi konfransı təşkil olunub.
Tədbir “Rus dili və ədəbiyyatı jurnalının” baş redaktoru, professor Flora Naciyevanın dekanı olduğu pedoqoji fakültənin təşkitatçılığı ilə keçirilib.
Tədbirdə BSU-nin Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov və professor Flora Naciyeva açılış çıxışı ediblər. Onlar sağlam mənəvi mühitin yaradılmasında, təhsil və elm sahəsinin inkişafında gənclərin rolunu vurğulayıb, konfransda iştirak edən gənclərə tədbirə göstərdikləri maraq üçün təşəkkürlərini bildiriblər.
Konfrans çərçivəsində həmçinin, Azərbaycan prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına həsr olunmuş dəyirmi masa da keçirilib.
Konfrans öz işini “Rus dili və onun tədrisi metodikası”, “Azərbaycan dili və onun tədrisi metodikası”, “Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti”, “İbtidai və məktəbəqədər təhsil problemləri”, “Pedaqogikanın müasir problemləri”, “Psixologiya müasir təhsil sistemində”, “Təhsildə informasiya texnologiyalarından istifadə məsələləri” adlı bölmələrdə davam etdirib.
Qeyd edək ki, konfransda Sumqayıt Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Lənkəran Dövlət Universitetinin, habelə Azərbaycan Dövlət Pedoqoji Universitetinin, Qərb Universitetinin gənc tədqiqatçıları bölmələrdə çıxış ediblər.