Şəki rayonu seysmik zona olduğuna görə bu ərazidə mütəmadi yeraltı taranlar baş verir. Bundan əlavə, rayon ərazisində meşə yanğınlarına və daşqınlara da təsadüf edilir, güclü yağıntılardan sonra dağ çaylarında suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilərə, o cümlədən, yaşayış məntəqələrinə ziyan dəyir. Bunları nəzərə alan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şəki rayon bölməsi yerli təhsil müəssisələrində mütəmadi olaraq silsilə tədbirlər keçirir. Son dövrlər Şəki şəhər 21 saylı, Çeşməli kənd, Baş Zəyzid kənd, Vərəzət kənd tam orta məktəblərdə təlimlər, seminarlar keçirilib, maarifləndirmə işləri aparılıb. Məqsəd fövqəladə hallar baş verdikdə vətəndaşları necə davranmaları barədə məlumatlandırmaqdır.
Qızıl Aypara Cəmiyyəti Şəki rayon bölməsi Cumakənd tam orta məktəbində IX-XI sinif şagirdləri üçün ilkin tibbi yardım təlimi keçirib. Təlimdə müxtəlif zədə növləri, tibbi yardım çantası ləvazimatları, süni tənəffüsün verilməsi, ürəyin masajı və digər ilkin tibbi yardım növləri barədə məlumatlar verilib, təhsilalanların sualları cavablandırılıb.
Onu da qeyd edək ki, hələ ötən il Şəki şəhər 1 saylı peşə məktəbində Qızıl Aypara Cəmiyyətinin 103 illiyinə həsr olunmuş təqdimat tədbiri keçirilib. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və rayon təşkilatının fəaliyyətindən söz açılıb, videoçarx nümayiş olunub. Həmçinin Beynəlxalq Könüllülər Günü ilə əlaqədar məktəbli könüllülərin iştirakı ağacəkmə aksiyası təşkil edilib.
Bundan əlavə, Cəmiyyətin rayon bölməsi məktəbli könüllülərlə birlikdə iki dəfə Fövqəladə Hallar Nazirliyinin Şəkidəki Mülki Müdafiə Qoşunlarının təşkil etdiyi Fövqəladə hallar təliminə qatılıblar. Bölməsinin üzvləri "Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi layihəsi" çərçivəsində seminar və təlimlərdə də iştirak ediblər.
Qızıl Aypara Cəmiyyətinin rayon bölməsi Əliyar kənd sakini Arif Əhmədova məxsus evin yanması nəticəsində zərərçəkmiş ailə üzvlərinə yardım göstəriblər. Fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş Baş Zəyzid kənd sakini İmran Baləmmədovun ailəsinə humanitar yardım göstərilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin müdiri Səbuhi Mustafayev bildirib ki, rayon bölməsi bundan sonra da mütəmadi olaraq belə tədbirləri davam etdirəcək, üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışacaq.
Rövşən AĞAYEV