Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Tədqiqatçılar arasında transdissiplinarlıq strategiyaları ilə bağlı maarifləndirmə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində Bakı Slavyan Dövlət Universiteti universitet müəllimləri, gənc alimlər, doktorantlar və magistrlər üçün seminar keçirilib.
525.az xəbər verir ki, universitetin rektoru Anar Nağıyev tədbiri giriş sözü ilə açaraq layihənin əhəmiyyətindən danışıb. Rektor layihənin müasir bilik istehsalının dinamikası kontekstində institusionallaşma prosesini araşmasına diqqəti yönəldərək bunun müasir çağırışlardan irəli gəldiyini qeyd edib.
Layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov bildirib ki, layihə on universitetdə reallaşdırılıb və ümumilikdə 960 nəfəri əhatə etməsi nəzərdə tutulsa da, iştirakçıların ümumi sayı 1200-dən artıq olub. O bildirib ki, layihə təkcə elmi tədqiqatçılar üçün deyil, təhsilverənlər və təsilalanlar üçün də mühüm əhəmiyyətə malikdir.
Seminar iştirakçılarına fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığı üzrə transdisiplinarlıq strategiyaları, yeni biliklər istehsalında metod və vasitələr, strategiyalar barədə ətraflı məlumat verilib.
İştirakçılar bilik istehsalının yeni üsulu ilə əlaqəli bir sıra xüsusiyyətlər - refleksivlik, transdissiplinarlıq, heterogenlik - onlar arasındakı əlaqələr və biliyin sosial münasibətlərdə dəyişən rolu ilə bağlı geniş məlumat əldə ediblər. Həmçinin, tədbirdə bilik istehsalının yeni üsuluna xas olan metodoloji çətinliklər və bunun təhsil-elm siyasəti, beynəlxalq iqtisadi rəqabət, əməkdaşlıq və qloballaşma üçün təsirləri müzakirə olunub.
Müzakirələr şəraitində həyata keçirilən seminarlarda ekspert iştirakçıların suallarını cavablandırıb, seminar iştirakçılarına çap məhsulları paylanılıb və sertifikatlar təqdim olunub.
Sözügedən layihə 10 ali təhsil müəssisəsini - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki, Azərbaycan Dövlət Pedaqoji, Bakı Mühəndislik, Azərbaycan Neft və Sənaye, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Bakı Slavyan, Azərbaycan Memarlıq və İnşaat universitetlərini əhatə edib.