Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarına yeni qəbul olunmuş əməkdaşlar üçün Akademiyanın xidmətə hazırlıq təlimlərinin dinləyicilərinə sertifikatlar təqdim olunub.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov Prezident İlham Əliyev tərəfindən dövlət orqanları qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsində gömrük orqanlarının əlahiddə vəzifələri olduğunu deyib.
Akademiya rəisi Dövlət Gömrük Komitəsinin bu istiqamətdə mühüm addımlar atdığını nəzərə çatdırıb.
Qulu Novruzov bütövlükdə gömrük əməkdaşlarının, gömrük xidmətinin, gömrük orqanlarının imicinin yüksəldilməsi istiqamətində geniş işlər aparıldığını qeyd edib.
O bildirib ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq sərəncamına uyğun olaraq, Akademiyanın təlimləri yeni yanaşmada, tam yeni bir tədris proqramı ilə təşkil olunub.
Qulu Novruzov bugünlərdə Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru, texnika elmlər doktoru, professor İqbal Babayevin iştirakı ilə dinləyicilərin təlimlərdə əldə etdikləri biliklərin qiymətləndirilməsinin də həyata keçirildiyini xatırladıb.
O, gömrük xidmətində çalışan əməkdaşların peşə bacarıqları ilə yanaşı, yüksək mənəvi-əxlaqi dəyərlərə sahib olmalarının da vacibliyini vurğulayıb.
Akademiya rəisi dinləyicilərin hər birinə fəaliyyətlərində uğurlar arzulayaraq, onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Sonra Akademiyanın bir aylıq təlimlərini uğurla başa vurmuş 29 dinləyiciyə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, xidmətə yeni qəbul edilmiş gömrük əməkdaşlarının növbəti qrupları üçün Akademiyanın təlimləri bu ilin ilin yanvar ayından keçiriləcək.
S.QARAYEVA