Yanvarın 3-dən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına start verilib.
Sessiyada ümumilikdə 12234 əyani bakalavr və 3274 magistr iştirak edəcək. 2018-2019-cu qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin, texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar təşkil olunacaq. Yazılı imtahanlar “Standartlaşdırmanın əsasları”, “İstehlak mallarının ekspertizasının nəzəri əsasları”, “İnformasiya texnologiyalarına giriş”, “İdarəetmə sistemləri”, “Mikrobiologiya, sanitariya və gigiyena”, “İqtisadiyyata giriş”, “Makroiqtisadiyyat” fənləri üzrə keçiriləcək.
Qeyd edək ki, UNEC Beynəlxalq İqtisadiyyat Məktəbi, SABAH Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, UNEC Biznes Məktəbi (MBA) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində bütün fənlər üzrə, Magistratura Mərkəzi və Texnologiya və Dizayn fakültəsi üzrə isə ixtisas fənləri və qabiliyyət imtahanları ənənəvi olaraq yazılı formada keçirilir.
Tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması, şəffaflığın qorunması, imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il də ötən illərdə olduğu kimi, qış imtahan sessiyasına nəzarət UNEC İctimai Nəzarət Şurasına həvalə edilib. UNEC-in İctimai Nəzarət Şurasında millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, təhsil eksperti Kamran Əsədov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov təmsil olunur.
Şura üzvləri təhsil sahəsində fəaliyyət göstərən hər hansı QHT-nin iqtisadyönümlü ixtisas fənləri üzrə yazılı keçirilən imtahanlar ilə əlaqədar anonim sorğu keçirilməsini təşkil edəcəklər. Sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan Şura üzvləri “Açıq qapı” keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcəklər. Eyni zamanda, sessiyanın yekunlarına dair müzakirələri də onlar aparacaqlar.
Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in “Qaynar xətt”i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in “Qaynar xətt” xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. “Qaynar xətt”ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır.
Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müraciətlərini qəbul etməyə hazırdır. Komissiyalar sessiya müddətində yarana biləcək sual və müraciətlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edəcək, əsaslı apellyasiya ərizələri ilə əlaqədar tabeli kafedralarda mümkün nöqsanların aradan qaldırılması sahəsində zəruri addımlar atacaqlar.
UNEC rektoru, professor Ədalət Muradov deyir ki, əsas məqsəd tələbələrin biliyinin obyektiv qiymətləndirilməsidir: “Biz təkcə savadlı, bacarıqlı, səriştəli mütəxəssis yox, həm də Azərbaycanın gələcəyini təmin etmək iqtidarında olan vətəndaşlar yetişdiririk. Bu baxımdan da imtahan sessiyasında şəffaflıq və obyektivlik ön plana çəkilir. İmtahanların obyektiv, ədalətli və şəffaf keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək bizim iş prinsipimizdir. Şəffaflığın və obyektivliyin təmin olunması baxımından imtahan prosesində ictimaiyyətin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakının vacibliyi əsas götürülərək bu il jurnalistlər nəzarətçi qismində imtahanlara cəlb olunub. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən jurnalistlər sərbəst şəkildə imtahanları izləyə bilərlər”.
Rektor bildirib ki, qarşıdan gələn növbəti qış imtahan sessiyasında hər bir tələbəyə müvəffəqiyyətlər arzulayır: “İnanıram ki, ötən dövr ərzində qazandığınız biliklər və çalışqanlığın gücü ilə sessiyada yüksək nəticələr əldə edəcəksiniz. Savadınıza arxalanaraq əlinizdən gələnin ən yaxşısını etmək və bu yolda hər zaman öz potensialınıza güvənmək hissinizi daim qoruyun. Hər an sizə dəstək olan əzizlərinizə və müəllimlərinizə əldə etdiyiniz nəticələrlə sevinc bəxş edin. Bu, onların çəkdikləri əvəzsiz zəhmətə qarşı ən gözəl hədiyyə olacaqdır. Şəffaflıq və tələbə biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimiz hər zamankı kimi dəyişilməz olaraq qalacaq.
Hörmətli valideynlər, İctimaiyyətə açıq imtahan prosesini yaxından izləmək, əzizlərinizə dəstək olmaq üçün universitetimizə təşrif buyura bilərsiniz, Sizi UNEC-də görməkdən böyük fəxr hissi duyarıq.
Ənənəmizə sadiq qalaraq, bu imtahan sessiyası müddətində də tələbə, valideyn və ictimaiyyət nümayəndələrinin müraciətlərini dinləmək üçün hər həftənin şənbə günü universitetimizdə “Açıq qapı” təşkil ediləcəkdir. KİV, qeyri-hökümət təşkilatlarını və digər ictimaiyyət nünayəndələrini həm imtahan sessiyasını yaxından izləməyə, həm də “Açıq qapı” günlərində iştirak etməyə dəvət edirəm. Bildirəcəyiniz hər bir rəy və təkliflər bizim üçün çox dəyərlidir. Hər hansı sual və təklif üçün universitetin 1846 Qaynar xətti, imtahan prosesi barədə mərkəzləşmiş Apellyasiya Komissiyası və hər tədris binasında fəaliyyət göstərən Qərargahlar yenə də xidmətinizdə olacaq. Müraciətlərinizi həm mənim, həm də “UNEC İmtahan” facebook səhifəsinə də ünvanlaya bilərsiniz”.
Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də “Qərargah” yaradılıb. “Qərargah” bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən “Qərargah”lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq.
“Qərargah”ların əlaqə nömrələri:
əsas tədris binası: 18 46 “Qaynar xətt” (200-cü otaq, 492-59-03)
2-ci tədris binası: 564 40 39 (100-cü otaq),
4-cü tədris binası: 440 76 43 (414-cü otaq).
Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.
İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Ölkədə ilk dəfə olaraq 7 gün, 24 saat fəaliyyət göstərəcək kitabxana müvafiq standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib. 3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür. Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin, “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.
Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.
Təhsil eksperti Etibar Əliyevin dediyinə görə, artıq neçə ilidir ki, ictimaiyyətin tanınmış nümayəndələri, təhsil ekspertləri, nüfuzlu KİV nümayəndələri UNEC-də imtahan sessiyasına nəzarəti həyata keçirirlər: “Artıq üç ildir ki, KİV, ictimaiyyət nümayəndələri UNEC rektoru ilə birgə “Açıq qapı” tələbələri, valideynləri qəbul edərək, imtahan sessiyası ilə bağlı müraciətləri dinləyir. “Açıq qapı”da səslənən irad və şikayətlər obyektiv araşdırılır və vaxtında tədbir görülməsi üçün məsul şəxslərə, aidiyyatı struktur bölmələrinə göstərişlər verilir. İmtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə “Qərargah” yaradılıb. İctimaiyyət nümayəndələri “Qərərgah”ların fəaliyyətinə nəzarəti də həyata keçirir. Mən bütün bunları müsbət hal kimi dəyərləndirirəm”. E.Əliyev bildirib ki, müşahidələr göstərir ki, UNEC rəhbərliyinin imtahanların şəffaf və ədalətli keçirilməsində marağı çox böyükdür və biz əminliklə söyləyə bilərik ki, bu nümunə universitetdə təhsilin keyfiyyətinə də öz təsirini göstərir. Bu gün valideyn və tələbələrdə imtahanların keçirilməsində optimist hisslər güclüdür. Bu, çox mühüm faktordur və UNEC nümunəsi kimi örnək xarakteri daşıyır. Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır. Hesab edirəm ki, bu ali məktəbdəki elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhfəsini verəcəkdir”.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyevin sözlərinə görə, UNEC-də biliyin şəffaf qiymətləndirilməsi üçün gözəl infrastruktur yaradılıb. Xüsusilə elektron apellyasiya, mükəmməl imtahan götürmək prosedurları. Həm də bütün bunların İKT ilə təşkil olunması forması təqdirəlayiqdir: “İmtahanları izləyən zaman müşahidə edilən ən vacib məqamlardan biri tələbələrin imtahan zamanı çox rahat və sərbəst olmasıdır. Onlar sərbəst və rahat şəkildə sualları cavablandırırlar. UNEC-də yaradılan mühit imtahan prosesində korrupsiyanı sıfıra endirib. Bu da ən vacib olan bir məsələdir”.
S.QARAYEVA