2018-ci ildə 5 yaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.
Təhsil Nazirliyinin 2018-ci tədris ili üzrə hesabatında bildirilib ki, bu məktəbəhazırlığa cəlb olunma səviyyəsinin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Həmçinin, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.
Hesabata görə, 2018-ci tədris ilində 165 mindən çox uşaq birinci sinfə gedib. Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə həyata keçirilib.
Məlumata görə, Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 1 qızıl, 8 gümüş, 20 bürünc olmaqla ümumilikdə 29 medal qazanıb. 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib.
2018-2019-cu tədris ilində 2140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da X-XI siniflərdə təhsil alanların 28 faizini təşkil edir.
ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində azərbaycanlı şagirdlərin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb.
Hesabatda vurğulanıb ki, ötən tədris ilində internat məktəbləri, inteqrasiya təlimli internat tipli gimnaziya və internat tipli gimnaziyalardan 9-cu sinif üzrə 964 nəfər, 11-ci sinif üzrə isə 549 nəfər məzun olub. 11-ci sinif üzrə məzunlardan 207 nəfər ali, 48 nəfər orta ixtisas, 23 nəfər isə peşə təhsili müəssisələrinə qəbul olunub. 9-cu sinif üzrə 964 nəfər məzundan 85 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 105 nəfər isə peşə məktəblərinə qəbul olunub. Ali məktəbə qəbul olunan şagirdlərdən 2 nəfər yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülüb.
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Bu istiqamətdə YUNİSEF-lə birgə layihə çərçivəsində Bakı şəhərində 4 ümumtəhsil məktəbində 54 nəfər inklüziv təhsilə cəlb edilib.
2018-ci tədris ili üzrə hesabatında qeyd edib ki, “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb
2018-2019-cu tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb: “2018-2019-cu tədris ilində Bakı və Gəncə şəhərləri üzrə daha 28 məktəb “Rəqəmsal bacarıqlar” pilot layihəsinə cəlb edilib. Ümumilikdə 71 məktəb və 26 min şagird bu layihəyə cəlb olunub. “Təhsil haqqında” Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. Dəyişikliyə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu öz həllini tapıb. 2 ixtiraçılıq işi xüsusi mükafata layiq görülüb
ABŞ-ın Pitsburq şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində azərbaycanlı şagirdlərin 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb”.
Məlumata görə, 2018-2019-cu tədris ilində I-XI sinifləri üçün 338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims. edu.az saytlarında müxtəlif formatlarda yerləşdirilib. www.video.edu.az portalında ümumilikdə 560 videodərs, www.e-derslik.edu.az portalında isə müxtəlif fənlər üzrə 219 elektron dərslik, metodik vəsait və sinifdənxaric oxu vəsaitləri vardır.
2018-ci ildə 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılıb. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılıb.
Ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinə 850 layihə təklifi daxil olub. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. 2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.
2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edib.
Müəllimlərin işə qəbulu 4 mərhələdən - elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə - ibarətdir. Test imtahanı mərhələsində namizədə 40 ixtisas, 10 tədris metodikası, təlim strategiyaları və 10 məntiq olmaqla 60 sual təqdim edilir. Bu mərhələdə keçid balını toplayan namizədlər 8 vakant yer seçərək, imtahan nəticələrinə uyğun olaraq elektron yerləşdirmədə iştirak edir. Müsahibə mərhələsində isə vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.
Hesabatda vurğulanıb ki, müəllimlik ixtisasını seçənlərin sayı artıb. 2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir. 2018-ci ildə 25 min nəfərdən çox müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib.
“Uşaqların gələcəyinə sərmayə” devizi altında 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçirilib. “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub: “Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb. Azərbaycanın ali təhsil müəssisələrinin böyük əksəriyyətinin iştirak etdiyi sərgidə Təhsil Nazirliyi tərəfindən “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim edilib.
Sərgi çərçivəsində fəaliyyət göstərən lektoriyada “Müəllimlik ixtisaslarına artan tələbat”, “Peşə təhsilinə artan maraq”, “İxtisas seçimi, karyera planlaması”, “Öyrətmək ustalığı”, “Təhsildə kommunikasiya vasitələrinin səmərəli istifadəsi”, “Sağlam təhsil - sağlam millət” - layihənin əsas hədəfləri”, “Olimpiadalara hazırlıq”, “Məktəbəhazırlıq qruplarının əhatə dairəsinin genişləndirilməsi” və digər mövzularda mühazirələr oxunub, startapçılar çıxış edib, həmçinin, təqdimatlar nümayiş olunub. Sərgi zamanı müxtəlif yarışların qalibləri öz bacarıqlarını təqdim edib, milli rəqslər ifa olunub. Ziyarətçilər təhsillə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə ediblər”.
Hesabata əsasən, 2018-ci ildə “Peşə təhsili haqqında” Qanun qəbul olunub. Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzinin tikintisinə başlanılıb. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq. Yeni fəaliyyətə başlayacaq Peşə Təhsil Mərkəzinə 24 ixtisaslı mütəxəssis cəlb olunub və onların Koreya Respublikasında təlimlərdə iştirakı təmin edilib.
2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub. Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb. 2018-ci ildə regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb. Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.
Ötən il Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.
2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan 2000-dək mühəndis-pedaqoji heyətin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılıb.
23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb
2018-ci ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım və 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul-dərslik vəsaiti hazırlanıb.
S.QARAYEVA