Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) Şamaxıda "Praktiki mühəndislik və liderlik" təlimləri təşkil edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Şamaxı İncəsənət Təhsili Mərkəzində keçirilən təqdimat mərasimində rayon təhsil müəssisələrinin tələbə, şagird və müəllim heyəti iştirak edib.
Tədbirdə çıxış edən adiçəkilən nazirliyin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, "Robopark" layihəsi çərçivəsində indiyədək Bakıda tədbirlər keçirilib, regionlarda isə ilk dəfə Şamaxı şəhərində belə bir təlim təşkil olunur.
BMT-nin İnkişaf Proqramının layihə meneceri Vasif Məmmədov gənclərin müasir texnologiya sahəsində əldə etdiyi biliklərin onların gələcək hazırlığında mühüm rol oynayacağını qeyd edib.
Müvafiq təlimlər çərçivəsində robotexnika, dron texnologiyaları, mürəkkəb kodlaşdırma, informatika və proqramlaşdırma sahəsində məşğələlərin təşkil olunması nəzərdə tutulub.
Tədbirdə təqdimatla çıxış edən AREA-nın mütəxəssisləri həyata keçirdikləri layihələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məşğələlər əsasən 8-16 yaş aralığında uşaqları əhatə edəcək.
Məlumat verilib ki, 4 ay ərzində davam edəcək "Mən Pilotam" təlimi (dronların öyrənilməsi, yığılması, test edilməsi) isə 8-12 yaş məktəblilərə dron texnologiyalarını öyrənmək və əyləncəli vaxt keçirmək imkanı yaradacaq.
"AREAduino" təlimlərinin (mürəkkəb kodlama, "Arduino" platforması ilə işləmə və "Əşyalar interneti" texnologiyaları) müddəti isə 6 aydır. Valideynlər də öz övladları ilə birlikdə bu təlimə qoşula bilərlər. 13-35 yaş aralığında hər kəs sözügedən təlimlərdə iştirak edə bilər.
Qeyd edək ki, təlim yaş kateqoriyaları üzrə müxtəlif qruplarda keçirilir.
C.ABASOV